“İçəridə” gənclərin şəkillərini kim çəkib? – TÜRMƏ SÖHBƏTİ

11 May 2013 10:44 (UTC+04:00)


Dünən 30 aprel Azərbaycan Dövlət Neft Akademiyasının il dönümü ilə bağlı anım yürüşü zamanı saxlanılaraq, 10 sutka inzibati həbsə məhkum edilən gənclər, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadənin inzibati həbsə məhkum edilmişlərin cəzaçəkmə müəssisəsində çəkilmiş şəkilləri yayılıb. Şəkillərdə gənclər qaldıqları kameralarda təmizlik işləri apararkən və müəssisənin həyətində işləyərkən görüntüləniblər.

AZNEWS.AZ yayılan şəkillərin kim tərəfindən çəkildiyi və necə yayıldığı ilə maraqlanıb. Dünən həbs müddətləri başa çatdığı üçün azadlığa çıxan AXCP GK-nın sədri Əbülfəz Qurbanlı saytımıza açıqlamasında bildirib ki, yayılan şəkillər gizlin çəkilib:

"Bu şəkillər saxlanma məntəqəsinin işçiləri tərəfindən gizlin çəkilib. Bizim xəbərimiz olsaydı, buna imkan verməzdik".

Ə.Qurbanlı onu da bildirir ki, 10 günlük həbsləri ərzində müəssisədə onların saçları məcburi qaydada keçəl edilib: "Saçımız kəsdirməyə razı olmadıqda 5-6 nəfər bizi tutaraq, saçımızı zorla kəsdilər".

AXCP GK sədri onu da qeyd edib ki, yaxın günlərdə bu məsələ ilə bağlı mətbuat konfransı keçirəcək və bir sıra digər məsələlərə də aydınlıq gətirəcəklər.

İnzibati Qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsinin Daxili İşlər Nazirliyinin tabeçiliyində olduğunu nəzərə alaraq, qurumun mətbuat sözçüsü Ehsan Zahidovla əlaqə saxlayıb, gənclərin şəkillərinin necə çəkilib, yayıldığı ilə maraqlandıq. E.Zahidov bildirdi ki, nazirlik yayılan bu şəkillərdən məlumatsızdır:

"Mən məlumatım olmayan bir şey haqqında sizə heç nə deyə bilmərəm. Dediyiniz şəkilləri də görməmişəm".

Qeyd edək ki, sözügedən fotolar Eynulla Fətullayevin rəhbərlik etdiyi Haqqin.az saytında dərc olunub və onun tərəfindən də sosial şəbəkələrdə yayılıb.

Anar
AzNews.az