Boston terror aktının səbəbkarı Tsarnayev dəfn edildi - VİDEO

11 May 2013 13:30 (UTC+04:00)
ABŞ-da Boston terror aktını törətməkdə şübhəli bilinən və aprelin 19-da polislə atışma zamanı öldürülmüş Tamerlan Tsarnayev cəsədi Vircinya ştatındakı müsəlman məzarlığında basdırılıb. Bu barədə ABŞ mətbuatı xəbər yayıb.

Bundan əvvəl onun yalnız Masaçusets ştatından kənarda basdırıldığı barədə deyilir və dəqiq məkan haqqında məlumat verilmirdi. Çünkü terror aktından sonra Masaçusets ştatı sakinləri etiraz aksiyaları keçirərək, əslən Çeçenistandan olan şübhəli şəxsin Masaçusets və ətraf ştatların ərazisində dəfn edilməsinə qarşı çıxmışdı. Telekanalların yaydığı məlumata əsasən, Tsarnayev qardaşlarının əmisi, böyük qardaşın cəsədini dəfn bürosundan çıxararaq, icarəyə götürdüyü Pikap markalı maşında Vircinya ştatına aparıb. Dəfn mərasiminin ştatın "Əl-bərzəx" adlı birinci müsəlman məzarlığında keçirildiyi bildirilir. Üstəlik məlumatda bildirilir ki, Tsarnayevin basdırılmasına etiraz aksiyalarından radio ilə xəbər tutan bir könüllü qadın köməklik göstərib.

Xatırladaq ki, aprelin 15-də Bostonda keçirilən marafonda törədilmiş partlayışlarda 3 nəfər ölüb, 250 nəfər yaralanıb. Teraktın birgə təşkilatçısı və icraçısı olmaqda şübhəli bilinən kiçik qardaş Coxar Tsarnayev hazırda cəzaçəkmə müəssəsində saxlanılır Faktla bağlı istintaq davam edir.//anspress//


AzNews.az