Atambayevin ittiham olunduğu qətlin təfərrüatı bəlli oldu

14 Avqust 2019 16:00 (UTC+04:00)

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev və mühafizəçiləri onun evinə hücum zamanı xüsusi təyinatlının qətlə yetirilməsində ittiham olunmur.

AzNews.az-ın məlumatına əsasən, bu barədə çərşənbə günü “24.kg” öz mənbəyinə istinadən xəbər verir.

"İstintaq "Alfa" Xüsusi Qüvvələrinin polkovnik-leytenantı Usenbek Niyazbəyovu qətlə yetirmiş kişinin şəxsiyyətini müəyyən edib. Məlumdur ki, şübhəli şəxs nə keçmiş prezident Almazbek Atambayev, nə də onun mühafizəçiləridir. İlkin məlumatlara görə, Usenbek Niyazbəyov elə özünün şəxsi avtomatından güllələnib. Şübhəlinin saxlanıldığı bildirilir", - deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, korrupsiyada ittiham olunan və toxunulmazlıqdan məhrum edilən Atambayev avqustun 8-də Çuy vilayətinin Koy-Taş kəndində yerləşən iqamətgahında təxminən bir sutka davam edən xüsusi əməliyyat zamanı saxlanılıb. Qırğızıstanın Baş Prokurorluğu avqustun 13-də Atambayevə hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı zorakılığın tətbiqi, kütləvi iğtişaşların yaradılması, qətl, qətlin törədilməsinə cəhd göstərilməsi, hüquq-mühafizə orqanları əməkdaşının öldürülməsi və girovların ələ keçirilməsinin təşkili ilə bağlı ittihamların irəli sürüldüyünü bildirmişdi.

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasına yerləşdirilib. Onun avqustun 26-dək təcridxanada saxlanılacağı bildirilir.

AzNews.az