Vəkilliyə qəbul olmaq istəyən şəxslərin nəzərinə!

14 Avqust 2019 16:41 (UTC+04:00)

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.

Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 2019-cu il 8 sentyabr tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək imtahanda 245 namizəd iştirak edəcək.

Əlavə olaraq bildiririk ki, regionlarda vəkillərin sayının azlığını nəzərə alaraq, vəkilliyə qəbulla bağlı imtahanda sənədlərin təqdim olunma ardıcıllığı ilə deyil, qeydiyyat ünvanı Bakı şəhəri olmayan namizədlərin yazılı test imtahanında iştirakına üstünlük veriləcəkdir. İmtahanda iştirak edəcək namizədlərə telefon vasitəsilə məlumat veriləcək.

Əlavə məlumar üçün +994 12 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.

AzNews.az