Bunu "Bney Yehuda"nın baş məşqçisi Yossi Abukassis deyib.
İsrail təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah "Neftçi"ni qəbul edəcək. Oyunöncəsi mətbuat konfransında 49 yaşlı mütəxəssis bildirib ki, mövsümün əvvəlində göstərdikləri futbol qənaətbəxş sayıla bilər: "Ancaq optimal formada olmaq üçün 3-4 yeni futbolçu lazımdır. Bakıdakı nəticənin bizim üçün nə dərəcədə yaxşı olub-olmadığı sabah deyə biləcəyik. Çünki mübarizənin yalnız ilk hissəsi bitib. "Neftçi" çox yaxşı komandadır, güclü futbolçuları var. Onların qarşısını Bakıda ala bildik. Rəqibin əsas üstünlüyü cari mövsümdə 6-cı rəsmi matçına çıxmasıdır, bizdə 2-ci oyunumuzu keçirəcəyik".
Y. Abukassisin sözlərinə görə, keçmiş barədə deyil, gələcək barədə düşünür: "İndi sabahkı qələbəni düşünürük. Bundan sonra addım-addım irəliləmək, pley-off mərhələsinin matçlarını düşünəcəyik ki, qrupa düşək. "Neftçi"ni kənarlaşdırsaq, bizim üçün çox böyük nəticə olacaq. Çünki hamı rəqibimizi bu cütün favoriti sayırdı".
Qeyd edək ki, Petah Tikvada təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandaların Bakıdakı ilk oyunu 2:2 hesabı ilə başa çatıb. (APA)