Hatayda partlayış, 20 nəfər ölü

11 May 2013 16:10 (UTC+04:00)
Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində 4 partlayış baş verib. APA-nın "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, daxili işlər naziri Müəmmər Gülər bələdiyyə və poçt binaları yaxınlığında baş verən partlayışlar nəticəsində 20 nəfərin öldüyünü, 46 adamın isə yaralandığını açıqlayıb. Hadisə yerlərinə göndərilən təcili yardım maşınları yaralıları xəstəxanaya daşıyıb.

Reyhanlı bələdiyyəsinin sədri Hüseyn Şanverdi hələlik partlayışların hansı səbəbdən baş verdiyini bilmədiklərini söyləyib. Hadisənin terror aktı olduğu və içərisinə bomba yerləşdirilən 2 avtomobilin partladıldığı haqda xəbərlər yayılıb. Bələdiyyə binası partlayışlardan zərər çəkib, yaxınlıqdakı bir ev isə dağılıb. Reyhanlıya verilən elektrik enerjisi kəsilib.

Olaydan sonra Reyhanlı sakinləri ilə qəsəbədə məskunlaşmış suriyalı qaçqınlar arasında qarşıdurma yaranıb. Türkiyə vətəndaşları suriyalılara hücum edib. Polis tərəfləri ayırmaq üçün havaya atəş açıb.

AzNews.az