“Söyüş müxalifəti"nin zəka problemləri

15 Avqust 2019 17:26 (UTC+04:00)

Ötən əsrin 90-cı illərində Meydan Hərəkatının eyforiyası zamanı küçələrdə xalqın emosiyasına hesablanmış çağırışlar etməklə, digər yandan təhqir, böhtan və şantaj mövzuları ilə fürsətçi maraqlarla hərəkət edənlər nəsli hələ də dəyişməyib. Teatr sənətində deyildiyi aradan ötən 31 illik müddətdə onlar hələ də öz ampulasındadırlar. Bunu isbat etmək o qədər də çətin deyil. Azərbaycan Xalq Hərəkatının şinelindən çıxan “Azərbaycan Xalq Cəbhəsi”nin bürokratiyasını ələ keçirən “Yurd” qrupunun təəssüflər olsun ki, indiyə kimi əsil mahiyyəti ictimailəşdirilməyib. Keçmiş sovet DTK-sının “gənclərlə iş üzrə idarəsi” yenidənqurma proseslərini nəzarətdə saxlamaq üçün hər yerdə xüsusi qruplar yaratmışdı. Həmin qruplardan biri də “Yurd” təşkilatı idi. Onlar “komsomol”un xüsusi nəzarətində hərəkət edirdilər. Meydanlara çıxan milyonlarla insan Azərbaycan uğrunda mübarizə apardığı zaman, xalqın iradəsini özündə ehtiva edən “Azərbaycan Xalq Cəbhəsi”nin rəhbərliyində və digər strukturlarında “Yurd” qrupu bədxassəli şiş kimi toxuma kütləsini yaratmaqla xərçəng xəstəliyinin yaranmasına səbəb oldu. Elə o vaxtdan başlayaraq Azərbaycanda demokratik proseslərin inkişafı qarşısında ən böyük əngəl AXCP adlı bir qurumdur.

“Sayudis” birliyin simvoluna çevriləndə...

Latviya, Litva və Estoniyada xalq kütlələrinin önündə ziyalılar, elm xadimləri, gənclər və nüfuzlu dövlət xadimləri getdiyi halda, Azərbaycan Xalq Cəbhəsi bütün bunlardan məhrum idi. Ona görə ki, AXC-nin bürokratik strukturlarını ələ keçirmiş “Yurd” qrupu müstəqil Azərbaycan dövləti və demokratik proseslərin inkişafı anlayışlarına qarşı çıxırdı. Beləliklə, AXC intellektual ziyalıları, alimləri və dövlət xadimlərini inkar yolu tutduğu üçün, adi çilingər, motovoz sürücüsü, çəkməçi, dülgər, tornaçı və digər peşə sahiblərinin yığınağına çevrildi. Bu proses indinin özündə də davam edir.

Latviya, Litva və Estoniyanı bir araya gətirən “Sayudis” (Birlik)lər, Xalq Cəbhələri alimləri, din xadimlərini, ziyalıları bir araya gətirə bildiyi üçün, sovet imperiyasının metropoliya siyasi hədəfləri baş tutmadı. Bu gün 1, 4 milyon əhalisi olan Estoniyanın dövlət büdcəsi 9,7; 1 milyon 929 000 nəfərlik Latviyanın 10; 3 milyon əhalisi olan Litvanın 16 milyard dollar təşkil edir. Heç bir təbii sərvətlərə malik olmayan üç respublikanın inkişaf doktrinası məhz xalq hərəkatını düzgün təşkilatlandırılması sayəsində başa gəlib. Hər üç respublika etnik separatizm tipli bəlaları çox asanlıqla dəf edə bildilər.

Azərbaycanda isə “Yurd” kimi təşkilatların kəraməti sayəsində xalq kütlələrini öz ətrafında bir araya gətirən AXC bu tarixi missiyanı öz üzərinə götürə bilmədi. Ermənistanın işğalçılıq və Dağlıq Qarabağda ermənilərin separatizm siyasətinə qarşı mübarizənin acınacaqlı məcrada baş verməsi “Yurd” tipli təşkilatlaın xəyanətləri ucbatından istənilən effekti verə bilmədi. Çünki, AXC-ni içəridən bütün bürokratik strukturları “Yurd”un və onun rəhbəri Əli Kərimlinin nəzarətində idi. Hətta AXC-nin ideoloji tribunası “Azadlıq” qəzeti “Yurd”un himayəsinə keçmişdi. “Yurd”-“Azadlıq” anlayışı dolayı yolla sinonimə çevrilmişdi. Beləliklə də, ölkədə milli birlik ideologiyasını mümkün qədər sapındırmaq siyasəti yürüdüldü.

Əli Kərimli sindromunun fəsadları

1987-1992-ci illərdə “Yurd” təşkilatı Azərbaycanda xalq hərəkatının inkişafına qarşı nə kimi fəsadları törədirdisə, 1992-1993-cü illərdə iqtidara gələn AXC hakimiyyətinin də başağrısına çevrildi. “Yurd” qrupu bu dəfə hakimiyyət səviyyəsində əldə etdiyi provakativ siyasətini həyata keçirirdi. Prezident Aparatındakı bütün şöbələr arasında yaşanılan intriqalar, icra hakimiyyətləri, digər dövlət strukturları bir-birinə qarşı kin və nifrət üzərində köklənmişdilər. Elə buna görə də AXC hakimiyyətinin ömrü bir il çəkdi. Əgər “Yurd” təşkilatı 1987-1993-cü illərdə keçmiş metropoliyanın gizli niyyətləri çərçivəsində hərəkət edirdisə, 1993-1998-ci illərdə gözlənilmədən üzü Qərbə doğru hərəkət etməyə başladı. “NED” (National Democratic İnstitute), “Agora”, “Fundation Hauman”, “The National Endowment for Democracy”, “USAİD”, “WADA”,
“UNDEF”, “EED”, “Content Fund”, “Marshal Fund of The United States”, “Fundation Robert Borsh”, “Pilegaard Consulting”, “Soros Fondu”, “İnternational Renaissance Foudantion”, “İnstitute Karnegi”, “Foundation Fridrih Ebert”, “Foundation Konrad Adenauer”, “FEWER”, “EAWARN”, “FAST”, “PONSACS”, “RAND Corp”, “Henry Jackson Foundation”, “Mac-Arthur Foundation”, “Ford Foundation” və digər onlarca xarici qrant institutları Əli Kərimlinin ətrafındakı çətələri maliyyəlışdirməyə başladılar. Bunun əsil səbəbi isə, “Yurd” qrupunun antimilli və antidövlət mövqeyi idi.

Xarici dövlətlərin xüsusi xidmət orqanları yaxşı bilirdilər ki, AXC-nin AXCP-yə çevrilməsinin ardından “yeni nəsil” proyektləri adı altında “Yurd” qrupu və onun lideri Əli Kərimli antidövlət və antimilli hədəflərin tən mərkəzində dayancaqlar. Bu, Azərbaycanda missioner təşkilatların əl-qol açması, postmodernizm adı ilə beyinyuma hədəfləri asanlıqla ortaya qoyulacaqdır. Dünən hüquq fakültəsinin “zərbəçi komsomol”çuları simasında Kremlə necə sədaqətlə xidmət üçün hazırlanırdılarsa, bu dəfə asanlıqla Qərbə “transfer” olacaqlarını nəzərdən qaçırmamışdılar. Beləliklə Dağlıq Qarabağ probleminin həlli, ölkəmizin ərazilərinin bütövlüyü və digər qlobal problemlərin həlli uzunvədəli anlayışlara çevrildi. Çünki Əli Kərimli və onun yedəyində gedənlər dövlət quruculuğu uğrunda deyil, siyasi, ictimai və sosial çevrələrin arasında süni intriqalar labirintləri ilə hərəkət etdilər. Bu proses aradan 29 il ötməsinə baxmayaraq, indinin özündə də davam etməkdədir. Əli Kərimlinin nəinki demokratiya uğrunda mübarizə aparan müxalif qüvvələr, həm də vətəndaş cəmiyyəti təşkilatlarının daxilində apardığı antimilli və antidövlət siyasət uzun illərdir bir çox fəsadlara səbəb olubdur.

“Söyüş-təhqir” müstəvisindəki “Yurd” şorbası

Əli Kərimli və “Yurd” qrupu Azərbaycanda ilk dəfə olaraq “siyasi biznes” anlayışını tətbiq ediblər. Öncələr xarici donorların qrantları sayəsində bu biznesi idarə edirdilərsə, indi də “siyasi mühacir” biznesini işə salıblar. Faktiki olaraq, Qərb dövlətlərini aldadaraq minlərlə ölkə vətəndaşının xaricdə status alması sayəsində tədricən həmin insanların özlərinin və ailələrinin assimliasiyaya uğrmasına şərait yaradıblar. Əli Kərimlinin antimilli və antidövlət xarakteri məhz bu fəlsəfəyə bağlanıb. Bəzi tərəfdaşlarının Avropada mühacir status alması və onların Azərbaycan dövlətinə qarşı hədyanlar yağdırması da həmin proyektin bir parçasıdır. Ölkə daxilində “Milli Şura” adlı qurum yaratmaqla orada bu dövlətə qarşı olanların əksəriyyətini vahid tribunada birləşdirib. Demokratik Kontitusiya qanunlarımızı orta əsrlərin feodalizminə sürükləmək istəyən “İslam Partiyası” və onun yedəyində gedən radikal dini təşkilatların Əli Kərimlinin dəstəyi ilə “Milli Şura”da təmsil olunmaları bu faktı təsdiq edir. Bundan əlavə, Azərbaycanda etnik separatizmin ən böyük müdafiəçilərindən biri olan Eldəniz Quliyevin Əli Kərimlinin sağ əli status daşıması bir sıra qaranlıq mətləblərin görünən tərəfi deməkdir. “Milli Şura” adı altında əslində Əli Kərimli yeni biznes formasını tətbiq edib. Bu, həm də bəzi xarici dövlətlərin xüsusi sifarişlərinin həyata keçirilməsi kimi qəbul oluna bilər. Çünki həmin dövlətlər dolayı yolla Ermənistanın strateji müttəfiqləridirlər.

Ə. Yusifoğlu