Terrorda ölənlərin sayı artır - FOTOLAR + VİDEO

11 May 2013 18:25 (UTC+04:00)
Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktı nəticəsində ölənlərin sayı getdikcə artır. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Müəmmər Gülər ölənlərin sayının 40-a çatdığını açıqlayıb. Yaralıların sayı təxminən 100 nəfərdir, onlardan 29-nun durumu ağırdır.

AzNews.az Türkiyə DİN-in yaydığı açıqlamaya əsasən, ölənlərin sayının artacağını bildirir.

Yerli sakinlər və Türkiyə rəhbərliyi terrorun arxasında Suriyanın dayandığını düşünür. Hadisədən sonra Reyhanlı sakinləri ilə qəsəbə yaxınlığında məskunlaşan suriyalı qaçqınlar arasında qarşıdurma yaranıb. Lakin çox keçmədən polis havaya atəş açaraq onların qarşısını alıb. Hüquq-mühafizə orqanları suriyalıların qaldığı qaçqın düşərgələrinin mühafizəsini gücləndirib.

Xarici işlər naziri Əhməd Davudoğlu "kənardakı xaosu bizim ərazimizə keçirmək istəyənlər cavablarını alacaqlar", bəyanatı ilə məhz Suriyaya işarə vurub.


Baş nazir Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı açıqlama verib: "Hazırda Hatay valisi və bölgədəki kəşfiyyat orqanlarımız hadisəni araşdırır. Mən Reyhanlıdakı qardaşlarımıza mesaj vermək istəyirəm. Ölkəmiz kürd məsələsi ilə əlaqədar "həll prosesi" adlandırılan yeni bir dövrə qədəm qoyub. Bu yeni mərhələni həzm etməyənlər təəssüf ki, bu cür terror aksiyalarına əl ata bilər. Hatayda suriyalı qaçqınlar var. Çox həssas və diqqətli olmalıyıq. Bütün yaralılara Allahdan şəfa diləyirəm. İnşallah, bu mərhələni uğurla keçəcəyik".

Xəyalə
AzNews.az