Türkiyədə AES-in tikintisi sürətləndirildi - Ərdoğan fərman imzaladı

16 Avqust 2019 11:44 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Akkuyu” atom elektrik stansiyasının (AES) tikintisinin sürətləndirilməsi haqqında fərman imzalayıb.

Türkiyə KİV-lərinə istinadla xəbər verilir ki, sənəd “Resmi qazete”də dərc olunub.

Fərmanda ölkədə elektrik enerjisinə artan tələbın ödənilməsi, ixrac olunan enerji daşıyıcılarından asılılığın azaldılması və onların şaxələndirilməsi məqsədilə AES tikintisi layihəsinin uğurla reallaşdırılmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanır. Layihədə iştirak edən müvafiq təşkilatlara və idarələrə tikinti prosesinin sürətləndirilməsinə maksimum kömək və dəstək göstərmək tapşırılır.

“Akkuyu” atom elektrik stansiyasının tikintisi Rosatomun layihəsi üzrə aparılır. AES-in birinci enerji blokunda tikinti işlərinə 2018-ci ilin aprelində başlanılıb. Ümumi dəyəri 20 milyard dollar olan layihəyə Rusiyanın reaktor qurğularından ibarət dörd enerji bloku daxildir. AES-in birinci blokunun 2023-cü ildə işə salınması planlaşdırılır. Sonra isə hər il bir blok istifadəyə veriləcək.