“Rüstəm İbrahimbəyov müstəqil qərar qəbul etmək iqtidarında deyil“ - MÜSAHİBƏ

11 May 2013 18:58 (UTC+04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev BAXCP-nin mətbuat xidmətinə müsahibə verib. Həmin müsahibəni sizlərə təqdim edirik:

- Qüdrət bəy, ilk sualımız Rüstəm İbrahimbəyovun Milli Şuranın yaradılması barədə verdiyi bəyanatlarla bağlı olacaq. Bildiyiniz kimi İbrahimbəyov Milli Şuranın yaradılması istiqamətində ciddi iş getdiyini və qurumun yaxın zamanlarda yaradılacağını açıqlayıb…

- Hesab edirəm ki, Milli Şura yaransa da bu ölkənin siyasi həyatında heç nəyi dəyişməyəcək. Onsuz da radikal müxalifət düşərgəsində təmsil olunan insanlar zaman-zaman müxtəlif adlar altında birləşir və dağılırlar. Bu da növbəti ad dəyişikliklərindən biri olacaq. Çünki ortalıqda səmimiyyət yoxdur. Ona görə ki, Milli Şura əsasən İctimai Palatanın üzvlərindən formalaşdırılacaq və buraya yalnız Eldar Namazov da daxil olmaqla 3-4 nəfərin adı əlavə olunacaq . İctimai Palata onsuz da fəaliyyət göstərir. Əgər Rüstəm İbrahimbəyovun başqa məqsədləri və iddiaları olmasaydı, o, Eldar Namazova tövsiyyə edərdi ki, sən də get qoşul İctimai Palataya. Yəni artıq pis-yaxşı bir struktur var, bir qurum olaraq tanınıb və s. Bu onu göstərir ki, Rüstəm İbrahimbəyovun "mənim heç bir iddiam yoxdur" deməsinə baxmayaraq, əslində çox böyük iddiaları var və xüsusi missiya, tapşırıq yerinə yetirir. Göstərmək istəyir ki, baxın mən bunları səfərbər etdim, mən bu adamları Milli Şura adı altında birləşdirdim. Mənim rəhbərliyimlə, siyasi liderliyimlə bu işlər baş tutdu.

Bir daha təkrar edirəm, onsuz da İctimai Palata fəaliyyətdə idi və söhbət bu qurumdan kənarda qalan 3-4 nəfərdən gedirdi. Əgər doğrudan da bu 3-4 nəfər səmimi olaraq birlik tərəfdarıydılarsa, hakimiyyətin dəyişməsini istəyirdilərsə, o zaman gedib qoşulardılar İctimai Palataya. Amma bilirlər ki, İctimai Palata başqa qüvvələrin təşəbbüsü ilə yaranıb. Bu məsələdə ambisiyalar çox önəmli rol oynayır. Əksər hallarda isə bu insanlar ambisiyalardan geriyə çəkilə bilmirlər. Çünki onlara arxalarındakı güclər tərəfindən geri çəkilməyə icazə verilmir. O güclərin də məqsədi heç də Azərbaycanda hakimiyyətin dəyişdirilməsi deyil. Məqsəd Azərbaycanda formalaşdırdıqları kiçik qruplar vasitəsilə ölkə iqtidarına təzyiq göstərmək, Azərbaycanı hansısa güzəştlərə getməyə, öz suveren hüquqlarından geri çəkilməyə sövq etməkdir. Bu baxımdan Milli Şura doğulmadan ölmüş bir qurumdur.

- Bir məqama diqqətinizi çəkmək istəyirəm: Adətən Rüstəm İbrahimbəyov Rəsul Quliyevlə yaxşı münasibətlərinin olduğunu bildirir. Amma nədənsə Rəsul Quliyevin ətrafında yaradılan Məşvərət Məclisində təmsil olunan şəxslər Milli Şurada yer almayıblar…

- Bu bir daha sübuta yetirir ki, Rüstəm İbrahimbəyov müstəqil qərar qəbul etmək iqtidarında deyil və o, Moskvadan verilən təlimatları icra edir. Burada məsələ bilavasitə Rəsul Quliyevlə bağlıdır. Rəsul Quliyev isə ABŞ-da oturub və görünür Rusiyanın ona etimadı yoxdur.

- Son zamanlar bəzi dairələr ölkə prezidentini Heydər Əliyevə qarşı çıxan, ona müxalifətdə olan, yaxud onların ifadə etdikləri kimi Heydər Əliyevə ona "xəyanət edən" insanlara vəzifə verməkdə günahlandırırlar. Sizcə nə baş verir?

- Belələri İlham Əliyevi mərhum prezident Heydər Əliyevlə müqayisə etməklə ilk növbədə onun şəxsi nüfuzuna və xarizmasına zərbə vurmaq istəyirlər. İlham Əliyevi atasının "düşmənləri"nə, ona müxalifətdə dayanan şəxslərə vəzifə verməkdə suçlamaq prezidentə qarşı məqsədyönlü şəkildə aparılan və idarə olunan kampaniyanın tərkib hissəsidir. Təəssüf doğuran odur ki, bu kampaniya demokratiya uğrunda mübarizə apardığını iddia edən mətbuat orqanlarının səhifələrində həyata keçirilir. Həm də o şəxslər tərəfindən həyata keçirilir ki, bu şəxslər guya ölkədə demokratiya, haqq-ədalət istəyirlər. Bununla da düşünən insanların gözü qarşısında özlərinin İlham Əliyevdən dəfələrlə aşağı düşüncəyə və keyfiyyətlərə sahib olduqlarını ortaya qoyurlar. Şübhəsiz ki, Qərb də baş verənləri görür və müqayisə edir. Bu insanlar demokratiyadan danışsalar da, faktiki olaraq totalitar təfəkkürə, monarxist düşüncəyə malik olduqlarını sərgiləyirlər. Məsələn, kimsə deyir ki, Heydər Əliyevin hakimiyyəti dövründə həbsdə olmuş adam parlamentə necə düşə bilər? Əslində dolayısıyla həmin şəxsin parlamentə düşməsinin hökumətdən asılı olduğunu demək istəyir. Amma bunu birbaşa deməyə kişiliyi və carəti çatmır. Əgər sən demokratiya tərəfdarı olan adamsansa o zaman məsələnin əsil mahiyyətinin üzərinə getməlisən.

Bu adamlar əslində dolayısıyla prezidenti ittiham edirlər, sonra isə deyirlər ki, "prezidenti müdafiə edirik". Qorxurlar ki, birdən özlərinə qarşı hansısa təzyiqlər ola bilər. Amma dolayısıyla prezidentin xarizmasına ziyan vurmaq istəyirlər. Dünya birliyi qarşısında isə İlham Əliyevdən çox-çox aşağı səviyyədə olduqlarını göstərirlər. Ona görə ki, parlamentə Heydər Əliyevin də, İlham Əliyevin də əleyhdarları, ona müxalif olan şəxslər seçilə bilərlər və seçiliblər də. Digər tərəfdən götürək dünyanın ən böyük demokratik ölkəsi olan Amerika Birləşmiş Ştatlarını. Barak Obama prezident seçildikdən sonra təmsil etdiyi Demokrat Partiyasının ən böyük əleyhdarları olan Respublikaçılar Partiyasının nümayəndəsini müdafiə naziri təyin etdi. Obama ilk dəfə prezident seçiləndə də respublikaçıların təmsilçisini müdafiə naziri təyin etmişdi. Siyasətdə xəyanət anlayışı daha dəqiq yanaşma tələb edən bir anlayışdır. Xəyanət insanın dostuna, öz baxışlarına, elan etdiyi prinsiplərə dönük çıxdığı zaman baş verir. Yoxsa xarici ölkələrdə insanlar seçki öncəsi və seçki zamanı bir-birilərinə qarşı olduqca sərt ittihamlarla çıxış edirlər. Amma sonradan tamamilə bir-birinə rəqib olan qüvvələr seçkinin nəticələrinə uyğun olaraq yeni seçkilərə getməmək üçün, yaxud dövlətin, xalqın və təmsil etdikləri partiyanın maraqlarını nəzərə alaraq koalision hökumət qururlar. Yaxud insanlar bir partiyadan digər partiyaya transfer edirlər. Bu proseslər həmin ölkələrdə xəyanət kimi qiymətləndirilmir. Bütün bunlar normal siyasi proseslərin hər an baş verə biləcək elementləridir. Dövlətləri maraqlar birləşdirdiyi kimi siyasətlə məşğul olan insanları da siyasi maraqlar birləşdirir. İnsanlar müəyyən siyasi məqsədlər uğrunda bir araya gəlir və bu istiqamətdə mübarizə aparırlar. Prezidentin hansısa müxalifət nümayəndəsini, yaxud müxalifət qüvvəsini hökumətin formalaşması prosesinə cədb etmək istəyinin alqışlanmaq əvəzinə ittiham predmetinə çevrilməsi antidemokratik düşüncənin bariz nümunəsidir. Ola bilsin ki, həmin şəxs, yaxud müxalif qüvvə vaxtilə Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasətinin hansısa tərəflərini bölüşməyib. Vaxtilə Atatürkün də siyasətini bölüşməyən, ona müxalifətdə dayanan şəxslər, siyasi qüvvələr vardı. Amma Atatürk dünyasını dəyişdikdən sonra ona müxalifətdə olan partiyalar da onun böyüklüyünü qeyd etməyə başladılar. Atatürkün böyüklüyü şübhə doğurmurdu, amma ölkəyə müxalifət də lazım idi. Azərbaycanda hələ də belə dünyagörüşünün olması sübuta yetirir ki, xalqımızın ümumi səviyyəsi ölkədə genişmiqyaslı islahatların həyata keçirilməsinə imkan vermir. Hələ XIX əsrdə Alman hüquq məktəbinin nümayəndələri söyləyirdilər ki, ictimai təfəkkürlə, ictimai şüurla əhatə olunmayan istənilən islahat məhvə məhkumdur. Buna görə də əhalinin bir hisəsi genişmiqyaslı islahatları gözləsə də çoxluğun düşüncə və qavrama tərzi ucbatından biz bu islahatları həyata keçirə bilmirik. Göz önündə olan odur ki, demokoratiya haqqında danışan insanların əsas məqsədi bu şüar altında hakimiyyətə gəlməkdir. Amma təfəkkürü krallıq təfəkkürüdür. Sabah o da hakimiyyətə gələndə deyəcək ki, "sən mənə sadiq olmamısan" və s. və il.

Yenə də şəxsi sədaqət ön plana keçəcək. Qərb də bu prosesi izləyir və görür ki, bu cür insanlarla demokratik cəmiyyət qurmaq xeyli dərəcədə çətindir.

Bu düşüncədə olan insanlar xarici güclərdən dəstək alaraq hakimiyyətə gəlmək istəyirlər. Əgər xarici qüvvələrin əli ilə Azərbaycanda hökumət dəyişəcəksə bu hökumət dəyişikliyi deyil, Azərbaycanın müstəqilliyinin itirilməsi, Azərbaycanın suverenliyinin hakimiyyət dəyişikliyinə dəstək verən xarici gücün ayaqları altına atılması olacaq. Ona görə də vətəndaşlarımız çox həssas və diqqətli olmalıdırlar. Hətta hökumətdən narazı olan insanlar da emosional düşüncə ilə "bu hökumət getsin, əvəzində kim gəlirsə gəlsin" prinsipi ilə çıxıqş etməməlidirlər. Kimlərsə hakimiyyətə gəlmək, yaxud qisas almaq üçün xarici gücün əli ilə hakimiyyətə gəlmək niyyətinə düşərsə Azərbaycan xalqı əbədilik olaraq həmin insanları lənətləyər və heç zaman bağışlamaz. Əslində xəyanət elə budur! Yoxsa bir kimsə bu partiyadan başqa bir partiyaya transfer edib, yaxud müxalifətdə olan, nə zamansa Heydər Əliyevin siyasətini bölüşməyən bu və ya digər şəxsi indi İlham Əliyev hakimiyyətdə irəli çəkirsə bunu hansısa başıaşağılığı gətirən hərəkət kimi cəmiyyətə təqdim etməyin özüdür xəyanət. Çünki bu halda dəyərlərə xəyanət olunur.

- Partiyanın Qurultayı ilə bağlı məsələ nə yerdədir?

- Bu məsələ artıq Prezident Adminstrasiyası ilə razılaşdırılıb və Bakı Əyləncə Mərkəzi ilə müvafiq müqavilə də imzalanıb, icarə haqqı da ödənilib. Partiyanın qurultayı iyunun 2-də, Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında keçiriləcək. Yaxın günlərdə isə qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndəriləcək. Doğrudur, bu zal qurultay iştirakçılarının sayına uyğun tutumda olmasa da, hər halda nümayəndələrin 60-70%-nin qurultayda iştirakı mümkün olacaq.

- Qurultayda hansı dəyişikliklərin baş verəcəyi gözlənilir?

- Bildiyiniz kimi qurultay yalnız partiyanın sədrini və Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvlərini seçir. Partiyanın əsas strateji kursunda dəyişiklik olmayacaq. Yəni Azərbaycanın Qərbə inteqrasiyası, Qərb dəyərlərinin mənimsənilməsi, Türk Dünyası ilə strateji yaxınlıq və bu kimi BAXCP-nin Məramnaməsində yer alan əsas strateji istiqamətlər dəyişməz olaraq qalacaq.

Amma partiyanın Ali Məclisinin son toplantısında BAXCP-nin əvvəlki siyasi kursuna kiçik korrektələrin edilməsi təklif olunub. Strateji hədəflər bəllidir, bunu artıq vurğuladım. Lakin fəaliyyət istiqamətimizin prioriteti olaraq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını ön plana çəkmək istəyirik. Daha öncə də qeyd etdimiz kimi, əgər Ermənistanın hərbi-siyasi müttəfiqi olan Rusiya Dağlıq Qarabağ probleminin həllində ədalətli mövqe tutarsa, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin yeganə həll variantı olduğunu bəyan edərsə və Azərbaycanla bərabərzüquqlu dostluq və əməkdaşlıq strategiyasını qəbul edərsə, o zaman biz Rusiya ilə daha sıx inteqrasiya və əməkdaşlıq məsələlərini müzakirə edə və bu istiqamətdə addımlar ata bilərik. Yəqin ki, bu məsələ də qurultayda müzakirə olunan mövzulardan biri olacaq. Ona görə ki, bizim artıq bu məsələdə Qərbdən olan bütün gözləntilərimiz özünü doğrultmur. Bilirik ki, ABŞ və Fransadakı erməni diasporu daimi bir faktordu və hökumətlər dəyişsə də bu ölkələrin xarici siyasəti dəyişmir. Çox güman ki, heç dəyişməyəcək də. Onlar da bu prosesin indiki vəziyyətdə dondurulub qalmasında maraqlıdırlar. Onlar da Rusiyaya hər hansı bir təzyiq göstərmək niyyətində deyillər. Dolayısıyla istəyirlər ki, hansısa məqamda Azərbaycan Dağlıq Qarabağın itirilməsilə barışsın. Qənaətimə görə, Azərbaycan çalışmalıdır ki, bu münaqişədə əsas söz sahibi olan, Azərbaycan torpaqlarının işğal edilməsində və işğal altında saxlanılmasında Ermənistana hərtərəfli dəstək verən, bu prosesdə faktiki olaraq tərəf kimi çıxış edən Rusiya ilə hansısa formada dil tapsın. Əgər Rusiya ilə də danışıqlar effekt verməzsə, yenə də əvvəlki mövqeyimiz olduğu kimi qalır. Daha öncə də bəyan etdiyimiz kimi, Azərbaycan peşəkar orduğu quruculuğu prosesinə başlamalı, Silahlı Qüvvələr ən müasir hərbi texnika və silah-sursatla təmin olunmalı və biz hərbi əməliyyatlara başlayaraq öz ərazilərimizi işğaldan azad etməliyik. Bizim daha bir neçə on il gözləməyə vaxtımız yoxdur. Bütün bu məqamlar Qurultayın müzakirəsinə çıxarılacaq və əgər təqdir olunarsa qətnamələrdə öz əksini tapacaq.


AzNews.az