Yaşadığım bu illəri çox da faydasız saymıram - Qafar Çaxmaqlı

16 Avqust 2019 17:48 (UTC+04:00)

AzNews.az Qafar Çaxmaqlıdan işi, fəaliyyəti ilə bağlı müsahibə alıb.

- Qafar bəy, bu gün ad gününüzdür, 63 yaşınız tamam olur. Siz bu 63 ilin neçə ilini yaşamış sayılırsınız?

- Çox qəribə sualdır. Elə 63 ilin hamısını yaşamışam. Amma yəqin ki, boş olan illər də olub. Bu boş illərə ictimai-siyasi fəaliyyətlə məşğul olmadığım illəri misal göstərə bilərəm. Bu illəri az-çox öyrənə-öyrənə yaşamışıq. Yaşadığım bu illəri çox da faydasız saymıram. Tələbəlik illərimi xüsusi vurğulamaq istəyərdim. Çünki ən yaxşı illərim o illər, daha çox öyrənmə həvəsi olan illərim olub. Təhsil aldığım jurnalistika fakültəsində çox gözəl müəllimlərimiz var idi . Onların bizdə yaratdığı həvəs nəticəsində çox oxumuşuq, çox öyrənmişik. Həmin dövrdə boş zamanımız çox olurdu, günümüzü daha çox kitabxanalarda keçirirdik. Mən xatırlayıram, elə vaxtlarımız olub ki, kitabı bir günlük alıb, bir gecəyə oxuyub sabah qaytarmışıq.

- Bildiyimizə görə, erməni dilini mükəmməl bilirsiniz?

- Mən bir müddət (9 il) ermənicə “Kommunist” qəzetində işləmişəm. Təbii ki, bu illər ərzində erməni dilini mükəmməl öyrənməyi bacarmışam.

- Qafar bəy, hazırda işləriniz necə gedir?

- Türkiyədə həm strateji mərkəz, həm erməni dili bölümü açmışıq. 2010-cu ildən orda fəaliyyətimi davam etdirirəm. Orada təkcə mən deyil , Azərbaycandan dəvət olunmuş başqa müəllimlər də var. Çalışırıq ki, bu sahədə güclü mütəxəssislər yetişdirək. Hansı ki, erməni dilini, erməni psixologiyasını, ermənilərin tarixini bilən mütəxəssis yetişdirməyə çalışırıq ki, sabah erməni ilə qarşı-qarşıya gələndə mübarizə üsullarını bilsin. Burada müxtəlif millətlərdən tələbələrimiz var.

- 64 yaşınızda hansı arzunuzun, planınızın reallaşmasını istəyirsiniz?

- Əvvəlcədən nəsə demək çətindir. Yarımçıq işlərim var. Bu yaxınlarda mənim Mikoyanla bağlı bir kitabım çıxdı və orada onun indiyə kimi bilinməyən fikirlərini çatdırdım. Bunun bizim həm ideoloji, həm də təbliğatımızda çox böyük əhəmiyyəti olacaq. Ondan başqa erməni inqilabçılarından bəzilərinin Amerikada kitabları çıxıb. Hansı ki, erməni cinayətlərini etiraf ediblər. Mən istəyirəm bunları oxucuların nəzərinə çatdırım ki, ermənilər necə bir xalqdır. Ona görə də həmin kitabı tərcümə etmək istəyirəm.

Səidə Vahid

AzNews.az