Bakıda sürücülərin əlbəyaxa davasında bir nəfər xəsarət alıb

16 Avqust 2019 23:26 (UTC+04:00)

Qara Qarayev prospektində 70 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü 1954-cü il təvəllüdlü Əhmədov Hidayət İbrahim oğlu döyülərək xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona başın və kürək nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

İlkin məlumata görə, hadisə sürücülərin bir-birinə hərəkət üstünlüyü tanımaması səbəbindən baş verib. Sürücülər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır. (APA)