NATO-nun baş katibi Türkiyədəki terrora münasibət bildirdi

11 May 2013 20:56 (UTC+04:00)
NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib ki, Türkiyənin Hatay vilayətində törədilmiş terror aktları mülki şəxslərin həyatına tam saymazlığı sübut edir.

Brüsseldə, NATO-nun mənzil qərargahında yayılmış bəyanatda Anders Foq Rasmussen bu gün Hatay vilayətinin Reyhanlı qəsəbəsində 40 nəfərin öldüyü və 100-dən çox adamın yaralandığı partlayışları qəti şəkildə pisləyib.

"Mən həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm və yaralananlara isə şəfqət diləyirəm. Mən həmçinin bizim müttəfiqimiz olan Türkiyə xalqı və hökuməti ilə tam həmrəy olduğumuzu qeyd etmək istəyirəm", deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktı nəticəsində ölənlərin sayı getdikcə artır. APA-nın xəbərinə görə, Türkiyənin daxili işlər naziri Müəmmər Gülər ölənlərin sayının 40-a çatdığını açıqlayıb. Yaralıların sayı təxminən 100 nəfərdir, onlardan 29-nun durumu ağırdır.

Terror aktları içərisinə partlayıcı maddələr yerləşdirilmiş 2 avtomobil vasitəsilə Reyhanlının mərkəzindəki Atatürk prospektində yerləşən bələdiyyə və poçt binalarının qarşısında törədilib.

AzNews.az