Kəşmir problemi irimiqyaslı müharibəyə çevrilə bilərmi? - Analiz

17 Avqust 2019 13:29 (UTC+04:00)

Hindistan Parlamenti Kəşmirə (Cammu və Kəşmir Ştatına) xüsusi status verən konstitusiyanın 370-ci maddəsini ləğv etdi. Bu maddəni ləğv etmək hazırkı hökumətin çoxdankı planlarına daxil idi, hətta seçim platformasında belə yer alırdı, elə hindu millətçi partiyası BJP-nin parlamentdəki səs çoxluğu ilə də həyata keçirildi. Populist lider olan hazırki baş nazir Narendra Modi bu addımı ilə öz mühafizəkar tərəfdarlarının gözündə rəğbətini daha da artırdı. Müxalifətdəki Konqress partiyası isə daxili qeyri-stabilliyi artıracağı qorxusu ilə, eyni zamanda ölkənin beynəlxalq imicinə zərbə vurar deyə layihənin əleyhinə çıxış etdi.

Bu sözləri AzNews.az-a açıqlamasında analitik Turab Rzayev dedi.

Onun sözlərinə görə, Hindistanın bu gözlənilməz addımı onsuz da çətin vəziyyətdə olan Pakistanın vəziyyətini daha da ağırlaşdırdı:

“Ordunun Navaz Şərifə qarşı keçirdiyi məhkəmə çevrilişindən sonra ölkə tam siyasi sabitliyi əldə etməyib, yeni hökumət əhalinin böyük bir qismi tərəfindən hakimiyyəti qanunsuz qəsb etmiş kimi görülür. Bunun ardınca Pakistanda iqtisadi böhran baş qaldırıb və ölkə valyutası – böyük devalvasiyaya məruz qalıb. Ənənəvi müttəfiq Amerika Birləşmiş Ştatları isə Pakistana davamlı təzyiqlər gıstərir, gah antiterror əməliyyatlarında zəif iştirak etdiklərindən şikayət edir, gah da Pakistana ayrılan maddi yardımları dayandırırlar. Ölkənin daimi maliyyə sponsorlarından olan Səudiyyə Ərəbistanı da əvvəlki qədər maliyyə və siyasi dəstək vermir”.

Analitikin fikrincə, Pakistan hökuməti özünü çox çıxılmaz vəziyyətdə hiss edir:

“Və artıq diplomatik şəkilin də üzərində, açıq tekstlə öz müttəfiqlərindən siyasi dəstək istəyir. Pakistanın bölgədəki və dünyadakı ən güclü müttəfiqi Çin Pakistanı tək qoymayacağının ilk siqnalını verib. Çin Hindistanın qərarının BMT-nin qanunlarına zidd olduğunu bildirib, BMT TŞ iclasını çağıracağını bildirib. Amerikadan əvvəlki qədər siyasi dəstək ala bilməyəcəyinə (ümumiyyətlə ala bilsə) əmin olan Pakistan digər müttəfiq və dost ölkə kimi İslam ölkələrindən, o cümlədən Türkiyə və Azərbaycandan dəstək gözləyir”.

Turab Rzayev xatırladır ki, Pakistanın Bakıdakı səfiri öz açıqlamasında açıq şəkildə, Ermənistanla bütün diplomatik, siyasi münasibətlərin qurulmasına qarşı olduqlarını, Ermənistanı bir dövlət kimi tanımadıqlarını, Qarabağ məsələsində həmişə bizim mövqeyi müdafiə etdiklərini, Pakistan Parlamentinin Xocalı qətliamı və digər məsələlərlə bağlı qəbuletdikləri sənədlərdə həmişə Azərbaycanı müdafiə etdiyini nəzərimizə çatdırıb, Pakistanın açıq siyasi dəstək gözləntisini bir daha təkrarlayıb:

“Biz isə ənənəvi siyasi xəttimizi davam etdirməliyik, bütün yanaşmamız Pakistanla mövcud xüsusi siyasi münasibətlərimizi və qarşılıqlı hərbi-siyasi əlaqələrimizi zədələməyəcək şəkildə qurulmalıdır. Pakistan bizim onu dəstəklədiyimizi açıq-aşkar hiss etməlidir. Ən optimal yol kimi, Azərbaycan Kontakt Qrupunun üzvü kimi Kəşmirlə bağlı istənilən məsələni istər qrupun, istərsə də İslam Əməkdaşlıq gündəminə çıxara bilər.

Digər tərəfdən Hindistanın bölgənin, yaxın gələcəkdə isə potensial olaraq dünyanın yüksələn iqtisadi və siyasi gücü olduğunu unutmaq olmaz. Eyni zamanda, separatçılıqdan əziyyət çəkən ölkə kimi, birbaşa separatizmin tərəfində durmaqdan qaçmalı, məsələnin sülh yolu ilə və BMT qanunları çərçivəsində tərəfdar olduğumuzu vurğulamalıyıq”.

Analitik sonda qeyd etdi ki, yaxın zamanda, bölgədə gərginliyin daha da artacağı müşahidə olunacaq:

“Kəşmir separatçıları bütün başqa alternativ yollar bağlandıqdan sonra yeganə çıxış yolunu davamlı terror aktları törətməkdə görəcəklər. Terror aktları daha intensiv və amansız olacaq. Eyni vaxtda Pakistanın, Hindistanla sərhəd toqquşmaları, sərhədboyu ərazidə kiçik atışmalar, toqquşmalar artacaq. Bugün artıq bəzi mənbələrdən atışmalar nəticısində 8 nəfərin öldüyü xəbəri gəlir. Tamamilə mümkündür ki, atışmalar müharibənin eskalasiyasına, məhəlli və ya irimiqyaslı müharibəyə çevrilsin”.

AzNews.az