Paşinyanın “miatsum” çağırışlarının ardınca nə gələcək?..

19 Avqust 2019 08:46 (UTC+04:00)

Belə bir çox məşhur deyim var: sülh istəyirsənsə, müharibəyə hazır ol. Ola bilsin, başqa bir vaxt biz bu deyimi heç yada da salmazdıq, amma erməni baş nazirinin sərsəm bəyanatlarından sonra Dağlıq Qarabağ hərbi –siyasi teatrında vəziyyət ifrat dərəcədə gərgin qalmaqda davam edir və siyasətçilər, diplomatlar durmadan bir sual verirlər: danışıqlar davam edəcək, yoxsa Dağlıq Qarabağ məsələsində diplomatiya artıq birmənalı şəkildə öz yerini hərbə verdi?

Prinsipcə, xatırlamaq olar ki, demək olar, öz baş nazirliyinin lap əvvəlindən N.Paşinyan “orijinal” bəyanatlarla çıxış etməkdə davam edir və ona görə də güman etmək olar ki, hər şey hələ itirilməyib, çünki cəmi bir il bundan əvvəl o, danışıqlar prosesinin formatının da genişləndirillməsini tələb edirdi, amma ona heç kim dəstək vermədi və yeni hakimiyyətin də vaxtında demək olar ki, bütün danışıqlar köhnə format çərçivəsində aparıldı.

İstisna deyil ki, eyni hal indi də təkrarlanacaq: Minsk Qrupunun həmsədrləri Paşinyanın son bəyanatlarına hələ münasibət bildirməyiblər, amma onlar, xüsusən də Rusiya, güman, bunu mütləq edəcəklər, çünki onlar bir həmsədr ölkə kimi dinc danışıqların davam etməsinə məsuldurlar.

Beləcə götürdükdə isə, situasiya olduqca gərgindir. Bəzi diplomatlar, beynəlxalq siyasət üzrə ekspertlər iddia edirlər ki, guya son bəyanatlar Ermənistanın özünün Dağlıq Qarabağ məsələsindəki mövqeyilə açıq-aşkar ziddiyyət təşkil edir.

Əslində isə elə bir ziddiyyət yoxdur: ötən əsrin səksəninci illərinin sonlarından başlayaraq İrəvan Dağlıq Qarabağın Ermənistana “birləşdirilməsi” haqqında onlarla sənəd qəbul edib və burada onlardan ən birincisini – Ermənistan Ali Sovetinin Dağlıq Qarabağın ilhaqı haqqındakı qərarını xatırlamaq olar. Sadəcə, çox təəssüf ki, biz vaxtında dünya birliyinin diqqətini bu sənədlərə yetərincə cəlb etməmişik.

Problemin ən yaxın üfüqlərinə gəldikdə isə, məlumdur ki, Paşinyan dünya ermənilərinin də öz bəyanatlarına reaksiyasını öyrənmək niyyətindədir və bunu sentyabr ayında Los-Ancelesdə etməyi fikirləşir. Belə təəssürat yaranır ki, İrəvan, necə deyərlər, va-bank getməyi qərara alıb: Dağlıq Qarabağı Ermənistanın bir hissəsi elan etmək və bununla da münaqişənin otuz illik tarixi ərzində bir növ “çevriliş” etmək...

Amma Paşinyan bütün hallarda Makedoniyalı İsgəndər deyil, hansı ki, qılıncının bir zərbəsilə Qordiy düyününü kəsmişdi. Bizə elə gəlir ki, bu adamın bəyanatları əslində Azərbaycanın mövqelərini gücləndirir.

Birincisi, Bakını Minsk Qrupunun həmsədrlərinin hər üçü müdafiə edəcək. İkincisi, Azərbaycan geniş miqyaslı hərbi əməliyyatlara başlasa, heç kim buna etiraz etmək üçün arqument tapmayacaq, çünki hamı razılaşacaq ki, indiki halda N.Paşinyanın bəyanatlarına ən adekvat cavab məhz hərb yolu sayılmalıdır.

Artıq əvvəlki yazılarda da dəfələrlə qeyd etmişdik ki, bizə Ermənistandan ehtiyat etmək lazım deyil: qarşımızda zəif və yarıac ölkə dayanıb, hansı ki, hərbi əməliyyatlar aparmaq üçün hətta yetərli demoqrafik göstəricilərə də malik deyil. Onun “gücü” bu vaxtadək Rusiya ilə geosiyasi ittifaqında idi, amma indi onların münasibətləri olduqca gərgindir və hələ bir baxaq, görək, Rusiya prezidenti oktyabr ayında İrəvana səfər edəcəkmi?

Məsələ bundadır ki, Rusiya bununla bağlı öz tələbini çoxdan səsləndiribdi: Putinin gəlişinə qədər eks-prezident R.Koçaryan azad edilməlidir. Amma bu tələbi Paşinyan qəbul edəcəkmi?

Əlbəttə, Rusiyanın da siyasətində anlaşılmaz məqamlar var: məsələn, Kreml diplomatları hələ də Paşinyanın son bəyanatlarını yetərincə şərh etməyiblər. Düşünürük ki, burada “Lavrov faktoru” öz işini görübdür, belə ki, Rusiyanın xarici işlər naziri açıq ermənipərəst siyasət aparır– hər halda, bizə belə gəlir.

Məsələ bundadır ki, Lavrovun müəmmalı davranışının bir neçə dəfə şahidi olmuşuq. Yada salmaq yetər ki, bizim Ermənistandakı girovlarımızdan biri, D.Əsgərov Rusiya vətəndaşıdır, amma Rusiyanın xarici işlər naziri bircə dəfə belə olsun, onun adını dilinə gətirməyibdir.

Digər bir vaxtda Lavrovun ikili standartlarına Ermənistan Avropa Birliyilə saziş imzalayarkən şahidlik etmişik: nə nazir Lavrov özü, nə onun komandasının üzvləri, xüsusən də çox hörmətli xanım M.Zaxarova Ermənistanın bu addımını bircə dəfə belə olsun, şərh etmədilər, halbuki Rusiyanın keçmiş sovet ölkələrinin Avropa institutları ilə yaxınlaşmasına necə qısqanclıqla yanaşdığını hamımız bilirik...

Odur ki, bizim haqq işimizdə ən etibarlı müttəfiqimiz biz özümüzük, yəni Azərbaycan xalqıdır. Türkiyə ilə bağlı da şübhələrə düşmək üçün hər hansı bir əsas yoxdur – Ankara həmişə bizim yanımızda olubdur və bundan sonra da olacaq. Ümid edirik ki, Ermənistanın diplomatik demarş edəcəyi, sərsəm “miatsum” bəyanatlarını davam etdirəcəyi bir təqdirdə Tehran da öz mövqeyini bir az da dəqiqləşdirəcək və Bakını müdafiə edəcək. Ona görə də bir daha deyirik ki, qarşımızdakı yarıac və zəif bir ölkədir, hansının ki, artıq hətta öz yaxın müttəfiqi – Rusiya ilə də münasibətləri korlanıbdır...

Hüseynbala Səlimov