Hansı halda ata alimentin azaldılmasını tələb edə bilər - Vəkildən şərh

19 Avqust 2019 11:54 (UTC+04:00)

Boşanmadan sonra bir sıra mübahisəli məsələlər yaranır ki, bunların da ən başında alimentin məbləği və uşağın hansı valideyndə qalması dayanır.

Bu məsələyə aydınlıq gətirmək üçün AzNews.az vəkil Sima Yaqubova ilə əlaqə saxlayıb:

- Sima xanım, boşandıqdan sonra qadının maaşı kişinin qazancından artıqdırsa, ata məhkəmə yolu ilə alimentin azaldılmasını tələb edə bilərmi?

- Xeyr, burada hansı tərəfin maaşının çox olmağı məsələsi heç bir hüquqi əsas daşımır. Alimentin azaldılması üçün məhkəmənin nəzərə almalı olduğu diqqətəlayiq hallar başqadır. Təbii ki, bu məsələdə ilk növbədə uşağın mənafeyi əsas götürülür.

-Nəzərə alınmalı hallar hansılardır?

-Məsələn, məhkəmə aliment tutduqdan sonra adam şikəst olubsa, əmək qabiliyyətini itiribsə və s. ciddi əsas kimi göstərmək olar.

- Anada heç bir qüsur (içki və ya narkotik aludəçisi deyilsə, övladına xəsarət yetirmirsə və s.) olmadığı təqdirdə, hansı halda ata uşağa sahiblənə bilər?

-Uşağı 10 yaşı tamamlanmayıbsa, qadının iş yerinin olmadığını bəhanə gətirərək heç bir ata uşağı anadan birmənalı olaraq ala bilməz. Uşaq 10 yaşı bitirəndən sonra, əgər ata övladının onunla qalmağını seçəcəyinə əmindirsə, məhkəməyə müraciət edərək ona sahiblənə bilər. 10 yaşdan sonra uşağın şəxsi fikri nəzərə alınır.

Səidə Vahid

AzNews.az