Hitlerin ata babası yəhudi olub? – Litva mətbuatı bu mövzuya yenidən toxundu

19 Avqust 2019 12:43 (UTC+04:00)

Adolf Hitlerin etibarlı adamı Hans Frank 1946-cı ildə fürerin babasının yəhudi olduğunu bəyan etməsi tarixçilər tərəfindən həmişə mübahisəyə səbəb oldu və söz-söhbətlər heç vaxt səngimədi.

AzNews.az inosmi.ru-ya istinadən xəbər verir ki, bu haqda məlumatı Litvanın LRT nəşri yayıb.

Mənbə bildirir ki, indi amerikalı tədqiqatçı Avstriya arxivində bu olaya yeni bir təsdiq tapdığını iddia edir.

"Hans Frankın memuarları dərc edilən zaman böyük sensasiya yarandı". Jurnalist Armin Furer belə yazır.

"Frank 1930-cu ildə Hitlerin ata babasının yəhudi olduğunu və Avstriyanın Qrats şəhərində yaşadığını iddia etdi. Hitlerin qardaşı oğlu Uilyam Patrik Hitler guya fürerə hədələyici məktub yazıb ki, bu barədə ictimaiyyətə danışacaq. Hitler isə Frankdan bu məsələ ilə bağlı vəkil tapmağı xahiş edib", — deyə məqalədə bildirilir.

"Frank istintaq zamanı Hitlerin nənəsi Mariya Anna Şiklgruberin 1836-cı ildə Frankenberger adlı bir adamın evində işləyən zaman onunla yazışmasına rast gəlib. Məktublardan göründüyü kimi, bu adamın 19 yaşlı oğlu olub. Evdə xidmətçi işləyən Mariya ondan hamilə qalıb. Bu yazışmada Frankenberger uşağın anasına 14 il aliment verməyə hazır olduğunu söyləyib. Hitler üçün əsas problem ondan ibarət olub ki, Frankenberger və onun oğlu yəhudi olub”.

Hitlerin bioqrafiyası ilə fəal məşğul olan tarixçilər Frankın bəyanatını daim şübhə altına alırdılar, xüsusən də ona görə ki, onun istinad etdiyi yazışmalar heç vaxt arxivlərdə tapılmamışdı, 1836-cı ildə isə Qratsda guya yəhudi olmamışdı.

Amerikalı tədqiqatçı Leonard Saks bu arqumenti indi təkzib etməyə çalışıb və bu haqda nüfuzlu elmi jurnal olan Journal of European History-da müvafiq məqalə dərc edib.

“Təkcə Qratsda deyil, bütün Ştiriyada o zaman yəhudi yaşamayıb”. Bu bəyanatla avstriyalı Nikolaus fon Preradoviç çıxış edərək böyük məqalə yazıb. Onun məqalələrinin birində deyilir ki, Qrats şəhərinin arxivlərində edilən axtarışlar tamamilə aydın şəkildə göstərdi ki, 1820-1860-cı illər ərzində Qratsda Frankenberger soyadı ilə ailə olmayıb.

Saks isə öz növbəsində, Preradoviçin "radikal sağçı baxışlara tərəfdar olduğunu və Hitlerə heyran olduğunu" söyləyib.

Preradoviç yəhudilərin Qratsda ilk yaşayışlarının 1856-cı ilə təsadüf etdiyini deyib.

Saks isə şəhərdə artıq 1850-ci ildə kiçik yəhudi icmasının olduğunu təsdiq edən sənəd aşkar edib. Bununla əlaqədar tədqiqatçı hesab edir ki, yəhudilər əvvəllər də, yəni 1836-cı ildə də Qratsda yaşayırdılar. Rəsmi olaraq, yəhudilərə o zaman Ştiriyada yaşamaq qadağan edilmişdi, lakin Saksın fikrincə, Frankenberger ailəsi kimi iş adamları orada ticarətlə məşğul ola və qeyri-leqal yaşaya bilərdilər.

"Beləliklə, Hitlerin nənəsi yəhudi ailəsində işləyə və özündən 23 yaş böyük olan Frankenbergerdən hamilə qala bilərdi. Elə bu baxımdan böyük Frankenberger aliment verməyə razı olub ki, məhkəmə onun Qratsda qanunsuz yaşadığını üzə çıxarmasın", — deyə nəşr bildirir.

Tanınmış britaniyalı ekspert Riçard Evans isə öz növbəsində Mariya Anna Şiklgruberin, həmçinin Frankenberger ailəsinin nə vaxtsa Qratsda yaşadığını sübut edən sübutların olmamasını deyir.

"Evans hesab edir ki, Hitlerin mümkün yəhudi kökləri haqqında uydurmalar ona görə meydana çıxır ki, bir çox insanlar onun son dərəcə dərin antisemitizmini özlərində izah edə bilmirlər. Yəqin Hitlerin buna şəxsi səbəbləri var idi", — deyə Focus yazır.

Babək Göyüş

AzNews.az