Antarktikada partlamış ulduzun tozu tapıldı

20 Avqust 2019 17:12 (UTC+04:00)

Tədqiqatçılar Antarktikada partlamış ulduz və ya supernovanın (ən yeni ulduz) tozunu aşkar ediblər.

CNN telekanalının saytı xəbər verir ki, bu tapıntı Günəş sisteminin yaranması tarixi haqqında əlavə məlumatlar əldə etməyə və onun ətraf mühitin mühafizəsi sahəsində tətbiqinə imkan verəcək.

Tədqiqatın nəticələri Physical Review Letter nəşrində dərc olunub.

Supernova ömrünü başa vurmuş ulduzun partlaması nəticəsində meydana gəlir və radioizotop qazları və tozu yaradır. Bu tozların bəziləri bir neçə ulduzun partlaması nəticəsində əmələ gəlir və tədqiqatçılara görə, 20 milyon il bundan əvvəl Yer kürəsinə düşüblər. İndi bu tozu Antarktikanın buzları üzərində aşkar ediblər.

Nüvə astrofiziki Dominik Koll bildirib ki, onun da iştirak etdiyi ekspedisiyanın üzvləri milyonlarla il əvvəl və milyardlara kilometrlər qət etmiş bu tozu tapmaqdan çox məmnundurlar. Onun sözlərinə görə, supernova Yer kürəsinin də tarixini öyrənməyə kömək edəcək. O əlavə edib ki, ulduz tozunu Antarktikadan Almaniyanın Münxen şəhərinə gətirilən 500 kq çəkisində qarın içərisində aşkar ediblər. Koll deyib: “Biz qarı əritdik və onun suyunu laboratoriya şəraitində analiz etdik. Hər hansı anomaliyanı müəyyən etmək üçün olduqca həssas texnologiyadan istifadə etməli olduq. Nümunələrdə “dəmir-60” adlı element aşkar olundu. Kainatda olan dəmir elementinin əksəriyyəti “dəmir-56”dır. Lakin bizim müəyyən etdiyimiz elementin tərkibində daha çox neytron var və bunlar da güclü radioaktiv parçalanmaya səbəb olub. Bunu Yer kürəsində atom bombasının parlaması effekti ilə müqayisə etmək olar. Bütün bunlar göstərir ki, Antarktikadan tapılan məhz ulduz tozudur”.

Astrofizik əlavə edib ki, bu sindromun dərindən öyrənilməsi Günəş sistemində supernovaların yaratdığı bulud təbəqəsinin strukturu və mənşəyini də izah etməyə imkan verəcək. O qeyd edib ki, bu yaxınlarda NASA-nın “Chandra X-ray” rəsədxanası da yeni supernova qeydə alıb. “Bütün bunlar Günəş sistemində qonşuluğun dinamikası barədə mühüm sübutlar verir. Demək, bizim qalaktikada bütün göy cisimləri bir vəhdət təşkil edir”, -deyə astrofizik vurğulayıb.

Alimlər aşkar olunmuş ulduz tozunun köməyi ilə Günəş sisteminin nə zaman kosmik toz buludunun əhatəsinə daxil olduğunu öyrənəcəklər.(AZƏRTAC)

AzNews.az