ABŞ bu ölkəyə 8 milyard dollarlıq F-16 satdı

21 Avqust 2019 09:18 (UTC+04:00)

ABŞ-ın Dövlət Katibliyi Tayvana 8 milyard dollar dəyərində 66 F-16 Blok 70 tipli təyyarənin satışını təsdiqləyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə, Təhlükəsizlik agentliyindən açıqlama verilib.

Açıqlamada sözügedən satışın təsdiqinin Konqresə bildirildiyi deyilir.

ABŞ-la Tayvan arasında rəsmi diplomatik münasibətlər olmadığı üçün "Taipei" İqtisadiyyat və Mədəniyyət Nümayəndəliyi Vaşinqtonda Tayvanı təmsil edir.

Mövzu ilə bağlı dövlət katibi Mayk Pompeo da açıqlama verib.

"Prezident F-16 satışı ilə bağlı addım atmağımız üçün Konqresə göndərilməli olan sənədi təsdiqlədi. Addımlarımız ABŞ-ın keçmişdəki siyasəti ilə üst-üstə düşür. Biz sadəcə bütün tərəflərə verdiyimiz vədlərə əməl edirik", - deyə katib vurğulayıb.

Xatırladaq ki, ABŞ rəhbərliyinin bundan əvvəl də birbaşa Tayvanla həmsöhbət olması Çinlə aralarında diplomatik gərginliyə səbəb olub.

Pərvanə

AzNews.az