"Rəşad torpaqlarımızın azadlıq savaşına hazırlaşırdı"

21 Avqust 2019 10:11 (UTC+04:00)

“Bu təkcə onun doğmalarının yox, bütün vətənpərvər insanların, bütövlükdə vətənimizin itkisidir”.

AzNews.az xəbər verir ki, bunu professor Adil Qeybulla iyulun 24-də təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, Hərbi Akademiyanın məzunu, 34 yaşlı polkovnik-leytenant Rəşad Atakişiyevin ölümünü şərh edərkən dedi.

O, Rəşad Atakişiyevin ölümünün çox üzücü xəbər olduğunu bildirdi:

"Rəşad Atakişiyev hər dəfə sükan arxasına oturduğu zaman yüksək səviyyəli pilot kimi vətənini, xalqını düşünürdü, özünün zabit şərəfini qoruyurdu, torpaqlarımızın azadlıq savaşına hazırlaşırdı. Bu savaşa hazırlıq prosesində də həyatını itirdi, şəhid oldu. Bu itki təkcə onun doğmalarının yox, bütün vətənpərvər insanların, bütövlükdə vətənimizin itkisidir. Milli-mənəvi dəyərlərin xeyli aşındığı, istər fərdi, istərsə də cümhürsal vətənpərvərlik və qürur hisslərinin retardasiyası mühitində Rəşad öz həyatı bahasına örnək olacaq fərdi vətənpərvərlik nümunəsi ortaya qoydu. Vətənimizi azadlığa məhz bu cür fərdi əxlaq nümunələri qovuşduracaq. Bütün xalqımıza, dəyərli dostum Qabil Hüseynlinin ailəsinə və doğmalarına başlağlığı verirəm. Ruhu şad olsun. Vətən sağ olsun”.

Bahar RÜSTƏMLİ

AzNews.az