Tramp Frederiksendən incidi – Danimarkaya səfər təxirə salındı

21 Avqust 2019 10:49 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı satmağa razı olmadığı üçün Danimarkanın Baş naziri Mette Frederiksen ilə görüşünü təxirə salıb.

AzNews.az-ın məlumatına əsasən, bu barədə o, “Twitter” mikrobloqunda yazıb.

Tramp öz postunda Danimarkanı "inanılmaz insanları olan xüsusi ölkə" adlandırıb, amma vurğulayıb ki, Qrenlandiyanın satışına marağının olmaması ilə bağlı Frederiksenin şərhi ilə əlaqədar olaraq sentyabr ayının əvvəlinə planlaşdırılan görüşü təxirə salır.

Qeyd edək ki, bir müddət əvvəl Mette Frederiksen Trampın ideyasını absurd adlandırsa da, Danimarkanın ABŞ prezidentinin sentyabrın 2-3-nə təyin edilmiş səfərinə hazırlığını davam etdirdiyini söyləyib.

Bir neçə gün əvvəl “Wall Street Journal” nəşrinin Ağ Evdəki mənbələrə istinadən yazdığına görə, ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın alınması ideyasını gözdən keçirir. Müzakirə edilən məsələlər sırasında Amerikanın hərbi gücünün Arktikada genişlənməsi ideyası da yer alır.

Nəşr xatırladır ki, bu, Vaşinqtonun Qrenlandiyanı alması ilə bağlı ilk cəhdi deyil. II Dünya Müharibəsindən sonra prezident Harri Trumen adanın qarşılığında Danimarkaya 100 milyon dollar təklif etmiş, ancaq rədd cavabı almışdı.

AzNews.az