Xaricdən idarə olunan internet tv-lər: yeni alət, köhnə missiya

21 Avqust 2019 13:03 (UTC+04:00)

Demokratik islahatlara qədəm qoyduğumuz ilk zamanlarda hakimiyyətə, yaxud xarici dövlətlərə, qurumlara işləmək fəaliyyəti hansısa qabarıq, təhlükəli əlamətləri ilə özünü biruzə vermirdi. Çünki kimsə rəsmi agent deyildi, casus statusunda iştirak etmək barədə öhdəlik götürmürdü. Sadəcə, beynəlxalq təşkilatlara layihə təqdim olunurdu, əvəzində qrantlar alınırdı, beləliklə, əcnəbilərin pul kisəsindən tökülən böyük həcmli pullarla ofsunlananlar özləri də hiss etmədən dönüb olurdular, xarici qurumların adamları...

Kənardan daxil olan maddi vəsaitlə elə bir QHT şəbəkəsi yaranmışdı ki, onların demokratiya, insan haqları məsələsində fəaliyyəti, təkcə ölkənin demokratik inkişafına xidmət etmirdi, bu işi görən ictimai fəallardan xarici çevrələr lazım gələndə, özlərinin diqtə etməli olduğu proseslərdə, ekstremal situasiyalarda yaxşıca bəhrələnə də bilirdilər. Lakin bu bəhrələnmə vizual deyildi, bəzi QHT-lərlə xarici təşkilatların əlaqələrində qaranlıq, dumanlı bir anlaşma var idi...

QHT-lərdə yaranan təsnifatlaşma, siyasi məhbus məsələsindəki mövqe çarpazlaşması, fikir toqquşmaları ona gətirib çıxardı ki, bu şəbəkədə dövlətə zərər verəcək ciddi bir fəaliyyət prinsiplərinin olduğu onların öz dillərindən faktlarla ictimailəşdi.

Sonrakı mərhələdə hakimiyyət QHT-lərlə bağlı yeni siyasət ortaya qoydu, kəsəsi, qeyri-hökumət təşkilatlarını xarici çevrələrin caynağından alıb, öz mənbələrinə bağladı, bununla da, xarici təşkilatlardan proqnoz edilən təhlükəni maksimum azaltdı.

Təbii ki, belə olan təqdirdə ayrı-ayrı dövlətlərin daxili işlərinə müdaxilə etmək, qarışıqlıq yaratmaq üçün yeni alətlər, mexanizmlər tapılmalı idi. Və tapıldı da...

Bunlardan dərhal göz önünə gələn sosial şəbəkələr və onların üzərindən populyarlıq qazanan internet televiziyalarıdır. Vaxtilə QHT-lər vasitəsilə aparılan kampaniyanın, qaranlıq sövdələşmələrin yerini hazırda internet tv-lər tutmaqdadır. Son illər bu tv-lər vasitəsilə Azərbaycana qarşı çirkin kampaniya geniş vüsət alıb və ortada çox ciddi nüanslar var.

Sirr deyil ki, ayrı-ayrı Avropa ölkələrində sığınacaq tapmış və Azərbaycana qarşı çirkin kampaniyaya səfərbər edilmiş şəxslər internet tv-lərə cəlb olunublar.Məqsəd isə eynidir-vaxtilə QHT şəbəkəsinin əli ilə həyata keçirilən missiya internet tv-lər vasitəsilə icra olunur. Bu məqsəd və hədəflər sırasında ölkələrin daxili işlərinə qarışmaq, onlara qarşı təbliğat aparmaq, seçki proseslərinə müdaxilə etmək, özlərinə sərf edən müxalifəti dəstəkləmək yer alır. Digər tərəfdən, radikal müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan istifadə olunur.

Təsadüfi deyil ki, xaricdən idarə olunan internet tv-lərin başında məhz müxalifətə bağlı şəxslər dayanır. Onların efirlərinə çıxan şəxslər də fərqli simalar deyil- Milli Şuranın rəhbər şəxsləri (Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli) və bu qrupa bağlı müəyyən adamlar. Növbəli şəkildə hər gün bu tv-lərdə kitab şkaflarının önündə dayanaraq Azərbaycanda görülən bütün işləri gözdən salmaq, ölkə haqqında qorxunc təsəvvür yaratmaq üçün dəridən-qabıqdan çıxırlar...

İnternet tv-lərin arxasından daha qaranlıq məqsədlərin boylanmasını təkcə sadalananlar isbat etmir. Həmin tv-lərdə əksər hallarda çirkin yalanlar və böhtanlar üzərində qurulan kampaniyanın davamlı xarakter alması, bir sıra hallarda bütün əndazəni aşması prosesin Azərbaycan əleyhinə olan qüvvələr tərəfindən yönləndirilməsinin əyani göstəricisidir. Heç bir başqa işlə məşğul olmayan bu şəxslər bəlli dairələr tərəfindən idarə olunur və yalnız Azərbaycanı nüfuzdan salmaq missiyasını yerinə yetirirlər. Sözsüz ki, bunun arxasında həm də ciddi maliyyə dəstəyi dayanır.

Bir sözlə, Azərbaycana qarşı yaradılan geniş təbliğat şəbəkəsi heç də təsadüfi şəkildə formalaşdırılmayıb. Müxalifətin radikal qanadının da yer aldığı bu şəbəkənin maraqlı xarici qüvvələr tərəfindən şirnikdirmə, şübhəli maliyyələşdirmə yolu ilə Azərbaycan dövlətinə qarşı çıxmasını hamı yaxşı başa düşməlidir. İllərdir fəqrli platformalardan hakimiyyətə qarşı mübarizə aparanlar, indi isə sosial şəbəkələrdə, internet tv-lərdə cəmləşənlər yeni simalar deyil və onların keçmişləri, siyasi kimlikləri, hansı dairələr tərəfindən idarə olunduqları unudulmamalıdır...

Elman Babayev