“Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir” - Deputat

21 Avqust 2019 13:07 (UTC+04:00)

Əli Kərimlinin gəncləri onların özü tərəfindən belə tam dərk edilməyən siyasi aksiyalara təhrik etməsi siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir

Əli Kərimlinin sosial şəbəkələrdə və internet televiziyalarında başlatdığı siyasi avantüra kаmpaniyası davam etməkdədir. Son günlərdə bəzi gənc vətəndaşlarımızı aldadaraq güya "təkadamlıq aksiya" təşkil etməyə səhd göstərməsi Əli Kərimlinin ictimai məsuliyyət baxımından kasad, siyasi fəaliyyət baxımından nə qədər avantürist olmasının əyani sübutudur. Heç bir demokratik cəmiyyətdə heç bir ciddi siyasətçi ümumi dünyagörüşü və siyasi təfəkkürü möhkəmlənməmiş gəncləri öz siyasi məqsədlərinə alət etmir. Çünki hər bir ciddi siyasətçinin məqsədi cəmiyyətə və onun siyasi sisteminə pozitiv yön verməklə, onun inkişafına nail olmaqdır.

Uzun illərdir Azərbaycan siyasətinə zorla, təhrikedici addımlarla, qeyri-obyektiv və məntiqsiz çağırışlarla, milli maraqlarımıza uyğun olmayan siyasi tezislərlə müdaxilə etməklə ölkəmizin siyasi sisteminə neqativ tendensiyalar gətirməyə çalışan Əli Kərimli yaşadığımız mürəkkəb tarixi şəraitdə də bu vərdişlərindən əl çəkmir. Görünür onun məqsədi və missiyası Azərbaycanda sivil siyasi mübarizə yolu ilə hakimiyyətə gəlmək deyil, ən müxtəlif təhrik və təhqiredici siyasi taktikalarla xalqımızın siyasi mədəniyyətinə və siyasi gələcəyinə zərbə vurmaqdır. Bu gün 90 - cı illərin əvvələrində baş verən siyasi xaos ənənələrini yenidən siyasi sistemimizə yamamaq əsla milli maraqlarımızla üzlaşan məsələ deyil. Çünki həmin illərdə baş verənlər ölkəmizin ərazi bütövlüyünün pozulması, vətəndaş müharibəsinin astanasına gəlməyimizlə nəticələndi. Təsadüfi deyil ki, Azərbaycan torpaqlarını işğal edib, xalqımıza qarşı soyqırımı törədən cinayətkarlar bu gün öz barbarlıqları ilə öyünəndə məhz Azərbaycanda olan daxili qarşıdurmanın və xaosun onların bu cinayətləri törətməsinə yardımçı olduğunu yazırlar!

Tarixi öyrənmək həm də ondan dərs çıxarmaq üçün vacibdir. Ən yaxın siyasi tariximizdə baş verənlərdən düzgün nəticə çıxara bilməsək onu yenidən təkrar yaşamağa məhkum ola bilərik. Bu isə əsla və əsla yolverilməzdir!

Hər bir cəmiyyətdə ən müxtəlif pozitiv və neqativ hallar baş verə bilər! Hər bir cəmiyyətdə qanunları pozan, məsuliyyətdən yayınmağa çalışan, vətəndaşlıq borcunu layiqincə yerinə yetirməyən, hətta müxtəlif növ cinayət törədən insanlar ola bilər. Şübhəsiz ki bütün bunlar aşkar edilənə qədər mümkündür və aşkar edilər -edilməz hamı qanun qarşısında cavab verməli olur. Ancaq siyasətçinin, yaxud siyasətçi adına iddia edənin qanunla cəzalandırılması mümkün olmayan mənəvi cinayətlər törətməyə haqqı yoxdur, olmamalıdır! Siyasətçinin siyasi vicdanı hər şeydən üstün olmalı, hüququ , qanunu sərfnəzər edərək siyasi mənəviyyatı manipuliyasiya etməməlidir!

Əli Kərimlinin bu gün gəncləri onların özü tərəfindən belə tam dərk edilməyən siyasi aksiyalara təhrik etməsi məhz siyasi məsuliyyətsizlik və demokratik dəyərləri və demokratik sistemi istismar etməkdir. Ona görə ki, demokratik cəmiyyətdə və hüquqi dövlətdə mənəvi - siyasi cinayətləri cəazlandırmaq olduqca çətindir. Əli Kərimli də bunu bildiyi üçün Azərbaycan gəncliyinin siyasi heysiyyatı ilə oynayır və hüquqi dövləti istismar edərək özü məsuliyyətdən yayınır. Öz siyasi məqsədlərinə alət etdiyi gənc isə hüquq tərəfindən cəzalandırılır! Bunun adı siyasət yox, siyasi avantürizmidir! Ona görə də bu gün gəncliyə ən doğru şəkildə yol göstərməklə onları həm qlobal imperializmin öz dövlətinə qarşı düşmənçilik siyasətindən, həm də ölkə daxilindəki Əli Kərimli kimi daxili siyasi aktorların siyasi avantürasından qorumaq hər bir Azərbaycan ziyalısının, hər bir valideyinin, hər bir ictimai-fəal fərdin ümdə vəzifəsidir.

Unyutmaq olmaz ki, başlayanda gənclər üçün siyasi məcara kimi maraqlı görünən yol sonda milli dövlətin itirilməsi ilə nəticələnə bilər! Necə ki İrakda, Suriyada, Yəməndə və s. olduğu kimi! Çünki həmin ölkələrdə də ilk başda təhrikedici addımlar siyasi hakimiyyətə qarşı sərt ittihamlarla başlamış və xalqların dövlətsizləşdirilməsi ilə sona çatmışdı. Çünki qlobal imperializm, islamafob mərkəzlər, dünya erməniliyi və onların hamiləri bizim dövlətçiliyimizi əlimizdən almaqla bizi zərərsizləşdirməyə, milli müqavimətimizi sıfıra endirməyə çalışırlar. Çox təssüf ki, bəzən bilərəkdən, bəzən də fərqində olmadan bu dağıdıcı prosesə içərimizdən də dəstək verənlər tapılır. Ona görə də tarixin bu mürəkkəb mərhələsində, xalqların milli mövcudluqlarını qorumaq üçün mücadilə verdiyi gərgin və nizamsız "beynəlxalq nizam" icərisində milli maraqlarımızı qorumaq hər birimizin əsas vəzifəsi və vətəndaşlıq borcudur. Bu prosesin avanqardları isə heç şübhəsiz ki, Azərbaycan gəncliyi olmalıdır və olacaq.

Hikmət Babaoğlu