İşgal olunmuş ərazilərlə bağlı qanun qəbul ediləcək

12 May 2013 21:24 (UTC+04:00)


Yaxın zamanlarda "Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında" qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılacağı gözlənilir.

Bu barədə xəbər verən Rusiyaın "Regnum" informasiya agentliyinin məlumatında buna bənzər qanunun indiyədək regionda yalnız Gürcüstanda qəbul olunduğunu qeyd olunur.

Bu arada Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev APA agentliyinə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qanun layihəsi hazırlanarkən Gürcüstan təcrübəsinin əsas götürüldüyünü bildirib.

Q.Həsənquliyevin sözlərinə görə, layihə dünya ölkələrinin Xarici İşlər nazirliklərinə göndərilib. Məlumata görə, qanun layihəsində işğal olunmuş ərazilərdə hüquqi rejim, hərəkətin məhdudlaşdırılması, işğal edilmiş ərazilərdəki daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları və sair məsələlər konkret hüquqi formada təsbit olunub.

12 maddədən ibarət olan qanun layihəsinin yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılması nəzərdə tutulur.

AzNews.az