Altı qat dünya çempionu Pərviz bu haqda ilk dəfə danışdı - “Dünya ulduzu Ketrin Zeta-Consla...”

22 Avqust 2019 15:52 (UTC+04:00)

Altı qat dünya çempionu, “Qəbələ" İdman Klubunun kikboksçusu Pərviz Abdullayev AzNews.az-a müsahibə verib.

- Pərviz bəy, altı qat dünya çempionusunuz. Növbəti yeni yarışlara qatılmağı düşünürsünüz?

- Bəli, yeni yarışlar olacaq. Bununla yanaşı filmlərə də çəkiləcəyəm. Türkiyədə layihələrimiz olacaq.

- Filmi azərbaycanlılar, yoxsa türklər çəkir?

- Sadəcə onu deyə bilərəm ki, çəkilişlər Bakıda baş tutacaq.

- Necə bir obraz canlandıracaqsınız?

- Danışıqlar olub, amma obrazım müəyyənləşməyib. Film Bakıda çəkiləcək, ona ekran həyatını xaricilər verəcək. Baş rolda çox məşhur aktyor çəkiləcək. Orada kiçik bir obrazda olacam. Artıq dünən şəkil və video göndərdim.

- Qonarar nə qədər olacaq?

- Çox böyük qonarar istəmirəm. Özümü filmlərdə də sınamaq istəyirəm. Düzdür, filmlərdə çəkilmişəm. Artıq başlamaq lazımdır. Bizi başqa ölkələrdə də görsünlər.

- Maraqlıdır ki, filmdə necə obraz canlandıracaqsınız?

- Mühafizə obrazını canlandıracağam. Döyüş səhnələri olacaq.

- İdmançı olaraq obrazınızı canlandırmaq istəyərsiniz?

- Komediya janrında çəkilən filmlərə öz obrazımla çəkilə bilərəm. Onu da deyim ki, komediya janrında çəkilən filmə də çəkiləcəyəm, ekran əsərində idman zalı və kikboksçu Pərviz Abdullayev kimi görünəcəyəm. Əlbəttə ki, idmançı kimi idmançı obrazını canlandırmaq istəyərəm. Amma dram janrını daha çox sevirəm.

- Sizi Tükiyədə filmə kim dəvət edib?

- Hələ ki, tam məlumat vermək istəmirəm. Uşaqlıqdan məşhur insan olmaq istəyirdim. Hansı sahənin olub-olmamasının fərqi yox idi. Sonra idman sahəsini seçdim. Dünyada da belədir, idmançılar dövlət işində və film sahəsində çalışırlar. Hazırda mən Fövqaladə Hallar Nazirliyinin idman sağlamlıq mərkəzinin əməkdaşıyam. Bununla yanaşı filmlərə çəkilməyə çox meylliyəm. Özümdə o bacarığı hiss edirəm.

- Film sahəsi sizi idmandan ayırmayacaq ki?

- 33 yaşım var və idman həyatıma iki-üç il qalıb. 36 yaşımda bitirmək istəyirəm.

- Yarışlara getməsəniz belə, məşqçi kimi fəaliyyətinizə davam edə bilərsiniz?

- Artıq məşqçi kimi çalışıram. İdman zallarım var. Tamamilə özümü filmlərə həsr etsəm, bu sahədə axsamalar ola bilər.

- Gələcəkdə tanınmış aktyor olmağı düşünürsünüz?

- Aktyor olacağam. Çox az qalıb, həm də çox məşhurlaşacağam.

- Hollivuda getmək fikriniz var? Türkiyəli məşhur aktyor Çağatay Ulusoy belə orada tanına bilmir.

- Ola bilər. Bəlkə də elə bir filmdə çəkiləcəksən ki, dəvət edəcəklər. Qismət.

- Hansı dünya ulduzu ilə tərəfmüqabili olmaq istərsiniz?

- Mənim ən çox sevdiyim aktyor Bred Pittdir.

- Bəs xanımlardan?

- Çox xanım ola bilər. Xüsusilə məşhur aktrisa Ketrin Zeta-Cons ilə tərəfmüqabili olmaq istərdim.

- İdmanla bağlı bütün arzularınızı reallaşdırmısınız?

- Kikboksinqin ən tanınmış federasiyalarında döyüşmüşəm. Oyunların çoxunda çempion olmuşam. 55 peşəkar oyun keçirmişəm və 50-də qalib gəlmişəm.

Bununla yanaşı dünya kubokunda, İslam Həmrəylik Oyunlarında başqa bir idmanda dərəcə vermişəm. Çox insanlar da mənə deyir ki, artıq sən idmana aid dərəcələri almısan. Amma əlbəttə ki, qarşıda istədiyim dərəcələr var. Təklif olsa döyüşərəm. Bir müddət əvvəl qaydasız döyüş üzrə təklif gəldi. Mən razılıq vermişdim, sadəcə çəki söhbətinə görə baş tutmadı.

- Dünyaca tanınmış hansısa kikboksçu ilə döyüşmək fikriniz varmı?

- Xeyr. Mənim kumirim Mayk Taysondur. Onunla sadəcə görüşmək istəyərəm. Artıq dünyada hansısa döyüşçü ilə döyüşmək və s. kimi marağım yoxdur. Mənim idmana gəlməyimdə Mayk Taysonun döyüşlərinin böyük rolu olub.

- Dünya çempionu olaraq növbəti oyunlarda uduzmaq qorxusu varmı?

- Özünüz də qeyd etdiyiniz kimi altı qat dünya çempionu olmağın məsuliyyəti var. Amma döyülərəm, güclü zərbələr alaram və s. kimi qorxu yoxdur. Məsələn, mən heç bir döyüşdə zədə almaqdan qorxmuram. Bütün döyüşlərimdə də çox zədə almışam. Çox ağır döyüşlərdə oynamışam. Sadəcə məsuliyyət qorxusu var. Bir az bizdə düşüncə fərqlidir. Məsələn, Avropa, Amerikada insanların düşüncəsi çox fərqlidir. Onlar uduzmağı normal qarşılayırlar. İki idmançıdan biri udar, biri uduzar. Bizdə elə deyil, uduzdu və s. Özümüz də elə qarşılayırıq ki, mən niyə uduzdum. Artıq iki-üç ildir ki, elə düşünmürəm.

- Bir müddət əvvə Rafael Ağayev beynəlxalq turnirdə ikinci yeri tutdu.

- Bəli, səhv etmirəmsə, finalda uduzdu.

- Yəni ki, siz uduzmağı qəbul etməzsiniz?

- Xeyr, niyə ki, bu, idmandır. Artıq başqa cür baxıram. Yaş artdıqca cavan idmançılar gəlir. 28-29 yaşımda uduzmağı qəbul etmirdim. Amma artıq elə deyil.

- Adətən, idmançıların anaları onların döyüşlərini izləyə bilmirlər. Bu idman sahəsi çətindir və çox zərbə alırsınız. Maraqlıdır ki, ananız oyunlarınızı izləyirmi?

- Bəli, döyüşə sona qədər baxır. Düzdür, həyəcan böyük olur. Tez-tez dua edir.

- Hər idmançının özünəməxsus taktikası var. Bildiyimə görə oyun başlamadan öncə baxışıyla zəiflətməyə çalışan idmançılar da az deyil. Bu nə dərəcədə doğru yanaşmadı? Siz rəqibinizin gözünə baxırsınız?

- Baxıram, adam var, baxmır. Döyüşdən öncə görüş günü olur. Döyüşdən öncə mətbuat konfransında çəkiyə çıxırsınız və üz-üzə gəlirsiniz. Mən hər zaman özümü bir addım irəlidə hiss etmişəm. Amerika döyüşündə qaradərili holland əsilli idmançı ilə üz-üzə gəldik. Səhəri gün öyrəndim ki, o, həm də psixoloq imiş. Baxışlarıyla gözəl idarə edirdi, qorxutmağı bacarırdı. İlk dəfə idi ki, orada bir az çəkindim. O, çox rahat idi. Sonra mənə dedi ki, psixoloqdur və mənə qalib gəlmək istəyirmiş. Döyüşdə nokaut etdim və qalib gəldim.

- Sizin dünya çempionu olaraq taktikanız nədir?

- Mənim taktikam hücum etmək və rəqibi yormaqdır. Bununla yanaşı xarakter də vacibdir.

- Rəqibləriniz sizin taktikalarınızı bilən zaman nə edirsiniz?

- Bəli, bilirlər, çünki videolarımızı izləyirlər. Napoleon Bonapartın belə bir sözü var “Ən gözəl müdafiə hücumdur”. Mən də belə düşünürəm. Hücum edərək 55 oyunun 50-də də qalib gəlmişəm. Yəqin ki, yaxşı nəticədir. Onsuz da oyundan bir ay əvvəl hamı bir-birini izləyir, öyrənir.

- Demək olar, bütün tanınmış idmançıların ailəsində maddi çətinliklər yaşanıb. Bəs, siz necə ailədə dünyaya gəlmisiniz?

- Adətən, peşəkar idmançılar əksəriyyətində maddi vəziyyət yaxşı olmayıb. Bizim ailəmiz də imkansız olub. 1993-cü ildə Ağdam rayonundan qaçqın düşmüşük. İlk öncə Bərdəyə, oradan da Bakıya gəlmişik. Valideynlərim işləyib. Amma qaçqınlıq vaxtları çox imkansız olublar. İdmana 12 yaşımda başlamışam.

- İdmana ailənizin təkidi ilə getmisiniz?

- Xeyr, idmana ağlayaraq getmişəm. Ailəm idmana deyil, təhsilə daha çox vaxt ayırmağımı istəyirdi.

Dedim ki, oxumaq öz yerində, amma idmanla da məşğul olacağam. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. İdman ilə yanaşı təhsilim də paralel olaraq yaxşı olub.

Zamanla məşqin pulunu çatdıra bilmirdim. Yaxşı idman etdiyimə görə, pulsuz öyrədiblər. Bütün peşəkar idmançıların əksəriyyəti imkansız ailədən çıxıb.

- Kriştiano Ronaldo müsahibələrinin birində deyir ki, Anam südün ailədə hamıya çatması üçün su əlavə edəndə özümə söz verdim ki, çox pul qazanacağam”.

- Futbolçuların əksəriyyəti kasıb ailənin övladlarıdır.

- Bu səviyyəyə çatmaq üçün nələrdən keçmisiniz?

- Çətinliklərim çox olub. Pulsuzluq yaşamışıq. Məktəb illərində ayaqqabı, əlcək olmayıb.

- İlk oyundan nə qədər pul əldə etmisiniz?

- İlk dəfə Moskvada pullu döyüşdə oynamışam. Peşəkar döyüş idi. Hər iki döyüşdən pul aldım. 1000 dollar idi. Amma ilk pulumu ofisiant işləyərək qazanmışam. O pul ilə özümə telefon aldım.

Universiteti 2007-ci ildə bitirmişəm. 2006-ci ildə Kiyev şəhərində klublar üzrə dünya çempionunda ikinci yerə çıxmışam. Universitetdən qayıb sayı çox olduğuna görə qovurdular. O vaxt Sani Axundov sağ olsun, Abel Məhərrəmovdan xahiş etdi ki, idmançıdır, ölkəmizi təmsil edir.

- Diplomunuzu almısınız?

- Bəli, almışam.

- Dünya çempionu olaraq məsuliyyətiniz var. Amma maraqlıdır ki, bu pillədən sonra hansısa oyunda uduzmaq qorxusu varmı?

- Yeni oyunlar gözlənilir. Üç ay öncə Türkiyədə alban döyüşçü ilə döyüşdüm və nokauta saldım, qalib gəldim. Son üç ildə heç bir yarışda uduzmuram.

- Gündə neçə saat idmanla məşğul olursunuz?

- Hazırda iki saat idmanla məşğul oluram. Yarış olanda dörd saat, olmayanda isə iki saat idman edirəm.

- Sizə zamanla dəstək olublar. Bəs, siz də hansısa imkansız ailənin övladına dəstək olursunuzmu?

- Bəli, imkansız ailələrin uşağına pulsuz məşq keçirəm.

- Dünyada idmançılar lüks həyat tərzləri ilə diqqət çəkirlər. Sizdə maddi vəziyyət necədi?

- Şükür Allaha normaldır. Hər şeyi özüm əldə etmişəm.

- Tanınmış idmançısınız. Yol-hərəkət qaydalarını pozan zaman sizə güzəştə gedirlər?

- Bəli, hərdən tələsərkən yol-hərəkət qaydalarını pozmuşam. Polislərimiz sağ olsunlar, güzəştə gediblər. Tanıyırlar.

- Sizi efirə çıxana qədər dünya çempionu olaraq tanıyırdılar?

- Efirə çıxana qədər xeyr. Ümumiyyətlə, şouya, efirə meylli insanam. Həqiqətən də çox yaxşı idmançılarımız var. İdmançıda bir az da ulduzluq, çəkicilik olmalıdır. Əgər tanınmaq istəyirsənsə, qeyd etdiyim kriteriyalar olmalıdır. Danışıq qabiliyyətin olmalı, savadlı olmalısan.

- Bir çox idmançıların ali təhsili yoxdur.

- Ən azından fikirlərini çatdırmalısan və xoşa gəlməlisən.

- Ümumiyyətlə, idman etməkdən sıxıldığınız an olur?

- Bəli, olur.

- İdman saatınız sərbəstdir, yoxsa dəyişməz məşq saatınız var?

- Xeyr, sərbəst deyil, proqramla idman edirəm. Yarışa 20 gün qalmış diet saxlayıram. Çəkimi aşağı salıram.

- Daha çox nə ilə qidalanırsınız?

- Şirniyyatdan başqa hər şey yeyirəm.

- İdmançını güclü edən nədir?

- Xarakter və məqsəd.

- İradəsi olmayan və sadəcə güclü birisi dünya çempionu ola bilər?

- Xeyr, bir yerə qədər qalib gələr bilər, amma məqsədsiz idmançı heç vaxt qabağa gedə bilməz.

- İdmanda şans məsələsi var?

- İlk öncə məqsəd olmalıdır. Əlbəttə ki, şans da önəmlidir. Amma daha çox zəhmət qarşına qoyduğun məqsəddir. İstədiyin pilləyə çatmaq üçün qarşına çox maneə çıxır. Hansındasa axsayacaq və geri çəkiləcəksən. Amma məqsəd olanda geri çəkilmirsən.

- Ümumiyyətlə, geri çəkilmək məcburiyyətində qalmısınız?

- Bəli, çox olub. Maddi sıxıntılar olub və məşqlərə görə işləyə bilmirdim. Düşünürdüm ki, məşq edim, sonu yaxşı olacaq. Şükür Allaha elə də oldu.

Rəqsanə

AzNews.az