Çeçenistanda ən yaxşı Quran qiraətçisinə 6 milyon rubl mükafat veriləcək

22 Avqust 2019 15:56 (UTC+04:00)

Çeçenistanda bu respublikanın birinci Prezidenti Əhməd Kadırovun anadan olmasının 68 illiyinə həsr olunmuş Müqəddəs Quranın qiraəti üzrə Beynəlxalq Müsabiqə keçirilir.

Çeçenistanın Ruhani İdarəsinin mətbuat-xidmətinin məlumatına görə, müsabiqənin qalibinə 6 milyon rubl mükafat veriləcək.

Qeyd olunub ki, Qroznı şəhərində keçirilən beynəlxalq müsabiqədə 20 ölkədən gəlmiş 25 qiraətçi iştirak edir.

Münsiflər heyətinin tərkibinə isə şeyx Ayman Rüşdi Süveydin başçılıq etdiyi Dünya İslam Liqası yanında Dünya Qiraətçilər Şurasının sədrlik etdiyi islam dünyasının bu sahədə ən tanınmış mütəxəssisləri daxildir. Müsabiqədə ikinci yeri tutan qiraətçi 3 milyon, üçüncü elan ediləcək şəxs isə 1,5 milyon rubl alacaq.

Qaliblərin mükafatlandırılması mərasimi avqustun 23-də Şali şəhərində keçiriləcək. Burada Durdi Şeyx adına hafizlər məktəbinin də açılışı olacaq. Tədbirlərin keçirilməsinə maliyyə vəsaitini Əhməd Kadırov adına ictimai fond ayırıb. Şali şəhərində 43 ölkədən gəlmiş 150 qonaq Avropanın ən böyük məscidinin də açılış mərasimində iştirak edəcək.(AZƏRTAC)

AzNews.az