Zabitlər parlament sədri və baş nazirə müraciət etdi

13 May 2013 08:23 (UTC+04:00)
Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli Milli Məclisin sədri Oqtay Əsədova və baş nazir Artur Rasizadəyə müraciət edib.

O, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Təhlükəsizlik və müdafiə sektorunda insan hüquqlarının müdafiəsinə dəstək" layihəsi çərçivəsində hazırlanmış təkliflərin hüquqi normativ aktlarda öz əksini tapmasının zəruri olduğunu vurğulayıb: "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun 2.4 maddəsinə əsasən, həmin təklifləri baxılması üçün sizə təqdim edirik:

1) Layiqli dəfn və yas mərasimlərinin təşkili ilə əlaqədar qanunvericilik aktlarının qəbul edilməsi;

2) Dövlət səviyyəsində valideynlərə (digər ailə üzvlərinə) yazılı şəkildə rəsmi başsağlığının verilməsi;

3) Mərkəzi və yerli icra orqanlarının, seçki dairəsi üzrə deputatların, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin dəfn və yas mərasimlərində iştirakı;

4) Dövlət səviyyəsində valideynlərin (digər varislərin) sosial problemlərinin həll edilməsi (mənzillə təmin olunmaq, işlə təmin olunmaq, dövlət hesabına təhsil və müalicə almaq və s.);

5) İctimai tədbirlərdə, bayram günlərində və s. onlara diqqət və qayğının göstərilməsi;

6) Ədalətli araşdırmanın təmin edilməsi məqsədilə hər bir ölüm hadisəsi üzrə qaldırılmış cinayət işinin baş prokurorun xüsusi nəzarətinə götürülməsi;

7) Ölümlə nəticələnən hər bir hadisənin ildə bir dəfədən az olmayaraq ombudsman tərəfindən araşdırılması və hesabatın hazırlanması;

8) Səbəbindən asılı olmayaraq döyüş bölgələrində xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı dünyasını dəyişmiş bütün hərbi qulluqçulara "Şəhid" statusunun verilməsi;

9) Səbəbindən asılı olmayaraq xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı dünyasını dəyişmiş bütün hərbi qulluqçuların varislərinə sığorta pulunun ödənilməsi;

10) Sığorta pulunun məbləğinin 100 min manatadək və dünyasını dəyişən hərbi qulluqçunun vəzifəsinə və rütbəsinə uyğun olaraq daha yüksək məbləğlərdə müəyyən edilməsi;

11) Səbəbindən asılı olmayaraq atəşkəs dövründə döyüş bölgələrində xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı dünyasını dəyişmiş bütün hərbi qulluqçuların varisləri tərəfində Ermənistan Respublikasına qarşı iddia tələbi ilə çıxış etmək üçün dövlət dəstəyinin təşkil edilməsi;

12) Birləşmək hüququnun təmin edilməsi məqsədilə bu ailələrin təsis etdikləri QHT-lərin dövlət qeydiyyatına alınması".//musavat.com//

AzNews.az