Yaponiyada Azərbaycan Cüdo Federasiyasının fəaliyyəti yüksək qiymətləndirilib

23 Avqust 2019 23:13 (UTC+04:00)

Aznews.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin (ACB) 71-ci konqresində qurumun prezidenti Sergey Soloveyçikfəxri qonaqları və iştirakçı dövlətlərin nümayəndələrini salamladıqdan sonra Yaponiya Cüdo Federasiyasının və Milli Olimpiya Komitəsinin prezidenti Yasuhiro Yamasitaya dünya çempionatının yüksək səviyyəsinə, həmçinin konqresin təşkilində köməkliyə görə təşəkkürünü bildirib, onu xüsusi mükafatla təltif edib.

ACB-nin baş katibi Ezio Qamba ötənilki konqres protokollarının təsdiqindən sonra cari hesabat dövrünə aid çıxışlar üçün rəhbər şəxslərə söz verib. Prezident məsələləri ilə bağlı danışan Sergey Soloveyçik öz hesabatında ACB-nin Avropa Olimpiya Komitəsi ilə əməkdaşlığını vurğulamaqla yanaşı, 2019-cu ildə əsas Avropa yarışlarının və BCF dünya turu yarışlarının Azərbaycan da daxil olmaqla, təşkilatçı ölkə federasiyalarına cüdonun səviyyəsini hökümət rəhbərliyi və sponsorların nəzərində digər idman növləri arasında yüksək və rəqabətli saxladıqlarına görə təşəkkürünü bildirib. Həmçinin Avropada həyata keçirilən sosial yönümlü bir çox cüdo layihələri haqqında söhbət açıb.

Daha sonra qitə cüdo təşkilatının vitse-prezidenti Mixail Vaxun öz hesabatında idman məsələlərindən danışıb. Hesabat dövründə keçirilmiş Avropa çempionatları, kubok yarışları və təlim-məşq toplanışları haqqında məlumat verərkən Bakıda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışları zamanı yüksək təşkilatçılıq, faydalı əməkdaşlıq üçün Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevə təşəkkürünü bildirib. O, qeyd edib ki, 2015-ci ildə ilk Avropa Oyunlarının cüdo yarışıarının və son üç Bakı böyük dəbilqə turnirinin keçirildiyi Heydər Əliyev arenası həmişəki kimi yüksək zövqlə tərtibat və müasir texnoloji avadanlıqlarla təmin olunub, federasiyanın peşəkar rəhbər, işçi heyyəti tərəfindən burada fantastik imkanlı yarış meydanı, məşq, isinmə zalları yaradılıb.

Çıxış edən digər məruzəçilərin maliyyə, təhsil və marketinq məsələlərinə dair çıxışlarından sonra səsvermə yolu ilə hesabatları təsdiq olunub. Konqresin işində Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı iştirak edib.