G-7 sıralarına niyə Çini yox, Rusiyanı dəvət edir?..

28 Avqust 2019 08:40 (UTC+04:00)

“ABŞ biznesi onunla amiranə tərzdə davranılmasına, ona əmr edilməsinə, harada qazanmaq mümkün olması, harada isə mümkün olmaması ilə bağlı göstərişlər verilməsinə alışmayıb”.

Bəli, Birləşmiş Ştatlar hər dəfə bu və yaxud digər sanksiyanı tətbiq edərkən təhlilçilər adətən bu sözləri yada salırlar.

Amma paradoks da ondadır ki, hətta belə xəbərdarlıqlar siyasətçiləri dayandırmır və nəticə etibarilə demək olar ki, dünyanın ən azad ölkəsində biznes heç də azad fəaliyyət deyil, o, siyasətçilərin təhrikilə daim özünün ən azı coğrafi strukturunu dəyişmək məcburiyyətindədir.

Bu baxımdan D.Tramp dövrü də istisna olmadı, onun dövründə də anlaşılan və anlaşılmayan iqtisadi müharibələr gedir - əgər insanlar böyük səylər nəticəsində İrana qarşı sanksiyaları birtəhər anlamaq gücündədirsə, Çinə qarşı aparılan iqtisadi müharibəni anlamaq elə də asan məsələ deyil.

Tramp hakimiyyətə gələndən Çini ABŞ üçün əsas rəqib elan edib və bu dövlətlə münasibətlər daha çox iqtisadi –ticari müharibə xarakteri alıbdı.

Odur ki, bu yaxınlarda, təxminən eyni vaxtda ABŞ-ın iki böyük dövlətlə bağlı siyasi və iqtisadi çağırışları oldu.

Birincisi, Tramp amerikalı biznesmenləri, ümumiyyətlə, Çini tərk etməyə çağırdı. İkinci xəbər isə Rusiya ilə bağlı oldu. Belə ki, “böyük yeddilər”in Fransada avqustun 24-də start götürən sammiti ərəfəsində müxtəlif KİV-lər –yerli və xarici medialar xəbər yaydı ki, təşkilatın aparıcı üzvləri, xüsusən də ABŞ və Fransa, Moskvanın təşkilata təkrar qayıtması ilə bağlı məsləhətləşmələr aparırlar.

Xəbər verildi ki, guya Fransa prezidenti E.Makron Ağ Evin lideri D.Trampın Rusiyanın “böyük yeddilər”ə qoşulması haqqındakı qərarını dəstəkləyibdi.

Həm də deyildi ki, prezident Tramp öz növbəsində Rusiyanın iştirakı ilə köhnə formata qayıtmaq məsələsini sammitdə müzakirə etmək niyyətindədir.

Burada maraqlısı nə idi? Rusiyanın təşkilatdan kənarlaşdırılmasının səbəblərini bilirdik: onu Ukrayanaya qarşı siyasətinə görə cəzalandırmışdılar.

Amma nə qədər çalışsaq da, digər bir suala qəti cavab vermək iqtidarında deyildik və o sual da bu idi ki, Rusiyanın niyə cəzalandırıldığını bilirik, amma bu ölkənin indi niyə görə mükafatlandırılmasını anlaya bilmirik – bəlkə Rusiya Krımı Ukraynaya qaytarıbdır, yaxud da Şərqi Ukrayna yenidən Kiyevin suverenliyi altına qayıdıbdır?

Bütün məsələ, problemin tragikomikliyi də bundadır ki, heç nə baş verməyib: nəinki Krımı qaytarmayıblar, əksinə Kreml bütün postsovet məkanında keçmiş sovet respublikalarının “möhkəmliyini sınamaqda” davam edir, gah bu ölkələrin sərhədlərinə qəribə hadisələr baş verir, ya da onların içində anlaşılmaz siyasi təlatümlər müşahidə olunur, üstəlik, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya, Krım və Şərqi Ukrayna, Dnestryanı münaqişələrdə nəinki hətta nisbi mülayimləşmələr müşahidə olunmur, əksinə vəziyyət daha mürəkkəb və dolaşıq forma alır.

Odur, təsadüfi deyil ki, sonrakı günlərdə ilkin məlumatlarla bağlı düzəlişlər səsləndi. İlk olaraq Ukrayna prezidenti məsələyə reaksiya verdi və bildirdi ki, Rusiya yalnız Krım qayıdandan, Şərqi Ukraynada münaqişə bitəndən və Rusiya məhbəslərindəki Ukrayna vətəndaşları azad olunandan sonra “böyük yeddiliy”ə qoşula bilər. Sonradan Fransa prezidenti də mövqeyinə düzəliş etdi və qeyd etdi ki, Rusiyanın “yeddilər qrupu”na Ukrayna böhranı həll olunmadan qoşulması böyük strateji səhv olardı. Eləcə də Böyük Britaniya baş nazirinin və Almaniya kanslerinin də məsələyə mənfi münasibət bəslədiyi deyildi.

Prosesin ilkin mənzərəsi belə idi: daha çox suallar vardı, nəinki cavablar. Təsadüfi deyil, sammitin ikinci günü məlum oldu ki, qrup üzvləri Rusiyanın xahişini rədd ediblər.

Trampın növbəti qərarını da onun Rusiya prezidentinə qarşı anlaşılmaz və sirli simpatiyası ilə yozmaq olar.

Amma düşünürük ki, məsələ daha qəlizdir. Birincisi, D.Trampın ərəb-İsrail münaqişəsilə bağlı böyük planı var və burada Rusiyanın dəstəyi ona mane olmazdı.

İkincisi, Vaşinqton Moskvanı öz İran məsələsində əməkdaşlığa yönəltməyə çalışır.

Üçüncüsü və ən əsası, ABŞ Rusiya ilə Çinin birgə ittifaq yaratmasından, yaxınlaşmasından ehtiyat edir, odur ki, gah Çinə, gah də Rusiyaya qarşı siyasətini mülayimləşdirir.

Qeyd etmək lazımdır ki, “ABŞ “böyük yeddilər”i anti - Çin koalisiyasına çevirmək istəyir” deyən analitiklər də haqlıdır. Bəli, iqtisadi qüdrətinə görə Çinin birliyə dəvət alması daha məntiqli olmalı idi, amma birlıik üzvləri belə istəkdə qəti bulunmurlar, çünki əlahəzrət geosiyasət Çinlə bağlı başqa siyasət diqtə edir...

Bu siyasət qloballaşma, azad iqtisadi fəaliyyət, biznesin, işçi qüvvəsinin, məhsulların və xidmətlərin sərbəst yerdəyişməsi, azad rəqabət haqqında bu vaxta qədər səslənən boğazdan yuxarı şüarlara məhəl qoymur – “yeni şərait” yaranıb, Çin çox irəli gedibdir, hazırda dünyadakı sənaye məhsulunun dördən birini istehsal edir, hətta ÜDM görə ABŞ-ın dabanını tapdayır, bəzən ondan da irəli çıxır, ona görə də Çinə qarşı yeni siyasət aparılmalıdır.

Beləcə, amerikalılar özləri üçün iki dəfə Çini kəşf ediblər. Bir dəfə bunu H.Kissincer etmişdi və o vaxt Pekin bundan qazandı. İkinci dəfə isə D.Tramp cənabları bunu etdi. Düşünürük ki, amerikalılar tərəfindən bu ikinci kəşfin edilməsi Pekinin heç də ürəyindən deyil, çünki bu kəşf Çin üçün problemdən savayı heç nə vəd etmir...

Hüseynbala Səlimov