Gülər Əhmədovanı ailəsiylə görüşməyə kim qoymur?

13 May 2013 11:55 (UTC+04:00)


"Gülər Əhmədovanın sağlamlığı və psixoloji vəziyyəti tam olaraq qaydasındadır. Penitensiar Xidmət onun vəkillərinin bu cür açıqlamalarından məlumatlıdır və bu məsələni araşdırıb. Keçmiş deputatın saxlanma şəraitində və sağlıq durumunda heç bir problem yoxdur".

Bu barədə AZNEWS.AZ-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qurumdan bildirilib ki, Gülər Əhmədovanın ailə üzvləri ilə görüşməsinə icazə verilməsi məsələsi Penitensiar Xidmətin səlahiyyətlərinə daxil olan məsələ deyil. İstintaq altında olan şəxslərin ailəsi ilə görüşməsinə icazəni işə baxan müstəntiq verə bilər: "Bu barədə Penitensiar Xidmətin rəisi də açıqlama vermişdi".

Qeyd edək ki, Penitensiar Xidmətin rəisi Mədət Quliyev G.Əhmədovanın ailəsi ilə görüşməsinə icazə verilməməsilə bağlı sualı cavablandırarkən demişdi: "Qanuna əsasən, istintaq altında olan şəxs ailəsi ilə müstəntiq icazə verəndə görüşə bilər. Müstəntiq icazə verəndə, təbii ki, Gülər Əhmədova ailəsi ilə görüşür. Bununla bağlı problem yoxdur".

Qeyd edək ki, bu gün G.Əhmədovanın vəkili Raqif Mustafayev AZNEWS.AZ-a açıqlamasında bildirib ki, keçmiş deputata həyat yoldaşından başqa digər ailə üzvləri ilə görüş icazəsi verilmir.

Anar
AzNews.az