Nazir: “Heç kim tanışlıqla işə qəbul olunduğunu iddia etməyəcək“

13 May 2013 14:31 (UTC+04:00)



Trend-in bazar ertəsi Səhiyyə Nazirliyinin rəsmi mətbu orqanı olan "Tibb" qəzetinə istinadən verdiyi məlumata görə, nazir Oqtay Şirəliyev mərkəzləşdirilmiş qaydada işə qəbul olan gənc həkimlərlə görüşərkən bildirib ki, regionlarda fəaliyyət göstərən tibb müəssisələrində xeyli sayda boş iş yerləri olub. Ancaq müxtəlif səbəblər bəhanə gətirilərək həmin vakant yerlərə illərlə işçi qəbul edilməyib: "Baş həkimlər bizə həmin vakansiyalar üzrə işləmək istəyən mütəxəssislərin olmadığını deyirdilər. Amma biz indi görürük ki, işləmək istəyənlər var imiş. Sadəcə olaraq, həmin şəxslər müəyyən tələblər və ya süni maneələrlə işə qəbul edilmirdilər. Artıq illərlə boş qalan vakant yerlərdə həkimlər çalışacaqlar".

Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulunu səhiyyədə kadr siyasəti sahəsində çox önəmli hadisə sayan nazirin sözlərinə görə, səhiyyə sahəsində ən savadlı, bacarıqlı mütəxəssislərin çalışmasını istəyirlər.

Şirəliyev qeyd edib ki, əsas məqsəd hər bir namizədin bilik və peşə qabiliyyətinin, ümumi dünyagörüşünün, tibb müəssisələrində işləmək bacarığının səviyyəsini düzgün müəyyənləşdirmək, bu sahədə şəffaflığı təmin etməkdir: "Bütün çətinliklərdən keçərək, nəhayət ki, istəyimizə nail oluruq. Bu mərhələyə gəlib çatmaq həqiqətən də asan məsələ deyildi. Artıq heç kim xahişlə, tanışlıqla, digər arzuolunmaz üsul və vasitələrlə işə qəbul olunduğunu iddia edə bilməyəcək".

AzNews.az