“Birinci sinif şagirdlərinin məktəbə adaptasiya dövrü fərdi xarakter daşıyır. Bəzi uşaqlar bu dövrü asanlıqla, digərləri isə çətin və uzunmüddətli keçə bilir”.
Bu sözləri AzNews.az-a açıqlamasında psixoloq Aidə Səlimova dedi:
“Birinci sinfə başlayan uşaqlarda psixoloji olaraq müəyyən dəyişikliklər özünü göstərir, bəzi hallarda uşaqlar ya dərsə getmək istəmir, ya da həvəssiz şəkildə dərsə yollanırlar.
Belə ki, yeni tədris ilindən başlayaraq, uşaqların həyatında valideynlərdən sonra daha çox ünsiyyətdə olacağı və vacib insan müəllimi olur. Məktəb ilə uşaq yeni sosial bir mühitə daxil olur. Bu zaman uşaqlar məktəbə adaptasiya və sosiallaşma ilə bağlı problem yaşaya bilirlər. Çünki uşaqlar həm valideynlərindən gün ərzində bir neçə saat uzaq qalır, həm də “oyun fəaliyyəti”ndən artıq “təlim fəaliyyəti”nə keçid alır”.
Psixoloq bildirdi ki, məktəb şagirdləri üçün adaptasiya dövrünün asan olması onların əvvəlcədən bu mühitə psixoloji olaraq nə dərəcədə hazırlanmasından asılıdır.
“Ana-atadan ayrı qalan uşaqlar siniflərdə tək qalmalı, müəllimlərin müəyyən tapşırıqlarını yerinə yetirməli, onları dinləməli olurlar. Bütün bunlar isə uşaqlarda zamanla məsuliyyətin formalaşmasına gətirib çıxarır. Uşaqların sosiallaşması və onların psixoloji hazırlığı üçün məktəbdən əvvəl valideynlər övladlarını bağçaya qoymalıdılar. Bu zaman uşaqların kommunikasiya bacarıqları formalaşır və inkişaf edir, həmçinin həmyaşıdları ilə birlikdə çox vaxt keçirirlər. Eyni zamanda, valideynlər uşaqları məktəbə həvəsləndirmək üçün onlarla bu mövzuda söhbət edə, hətta öz məktəb xatirələrini də övladları ilə bölüşə bilərlər. Uşaqların məktəbi “qorxulu” məkan kimi təsəvvür etməsinə şərait yaradılmamalıdır. Yəni bəzən uşaqlar məktəbə getdikləri üçün artıq oyun oynamayacaqlarını da düşünə bilir. Bu halda sadəcə onların müəyyən edilmiş oyun saatlarına nəzarət etmək və məktəbə qarşı onlarda sevgi hissini yaratmaq lazımdır”,- deyə psixoloq qeyd etdi.
A.Səlimovanın sözlərinə görə, birinci siniflərin məktəbə adaptasiyası prosesində əsas rol isə məktəb psixoloqlarının üzərinə düşür.
“Bu mütəxəssislər nəinki birinci sinif şagirdləri ilə fərdi şəkildə çalışmalı, həmçinin, psixoloji xidmət işinin bütün mərhələlərində psixoloqların uşaqlarla münasibətdə olan hər kəslə, xüsusilə, valideyn və müəllimlərlə əməkdaşlıq etməsi vacibdir.
Məktəb psixoloqunun müəllimlərlə əməkdaşlığı isə hər bir şagirdin psixo-sosial inkişafı üçün yaxşı şərait yaradır və tədris mərkəzində hər bir şagirdə individual yanaşmanı təmin edir. Bununla əlaqədar olaraq psixoloq gələcək birinci sinif şagirdi ilə məktəbə yazılma mərhələsində tanış olur və onun məktəbə hazırlığını müəyyən etmək üçün psixodiaqnostik işləri həyata keçirməlidir. Əgər birinci sinif şagirdləri arasında məktəb təliminə hazır olmayan uşaqlar olarsa, psixoloq onlarla “inkişaf qruplar”ında məşğul ola bilər. Bu qruplar, adətən, 6 nəfərdən ibarət olur və bu zaman psixoloq məktəb təlimində normal psixi inkişaf səviyyəsini əldə etmək üçün, onlarla inkişafetdirici-korreksiya işlərini həyata keçirməlidir”, - deyə A.Səlimova vurğuladı.
Səidə Vahid
AzNews.az