Bu payız bir çox məsələlərə aydınlıq gətirməlidir. Hər şeydən əvvəl əlbəttə ki, Dağlıq Qarabağla danışıqlarda yaranmış böhrandır – Ermənistanın baş naziri danışıqları öz ənənəvi məcrasından uzaqlaşdırmaq üçün gündə bir “formul” düşünür və aydındır ki, Dağlıq Qarabağın ilhaqını “əsaslandırmağ”a yönəlmiş belə cəhdlər uzun müddət cavabsız qalmayacaq, Bakı prosesi məntiqli diplomatik istiqamətə qaytarmaq üçün bəlkə də daha təsirli üsullara əl atmalı olacaq.
Daha bir məsələ də var ki, o, da prinsipcə, dolayı yolla Bakının Qarabağla bağlı siyasətinə də təsir edə bilər. Amma regional və subregional müstəvidən bir az kənara çıxan məsələdir bu. Bəli, söhbət Azərbaycanın AB – Avropa Birliyilə imzalamalı olduğu sazişdən gedir.
Məsələ gözləniləndən də çox uzandı. İlkin proqnozlara görə, proses bu ilin mayında başa çatmalı idi. Amma alınmadı, məsələnin payıza qaldığı deyildi. İndi danışıqların növbəti raundunun sentyabrda başlanacağı vəd edilir və ayıdındır ki, əgər sentyabr raundu da baş tutmasa, istisna deyil ki, prosesdə uzun müddətli pauza yaranacaq, çünki növbəti ildə Birliyin daha çox Avropa müstəvisindəki problemlərlə məşğul olacağı gözlənir...
İndiyədək danışıqlar əsasən üç istiqamətdə aparılırdı. İlk iki istiqamət, xüsusən də siyasi məqamlarla bağlı məsələlər artıq razılaşdırılıbdır və ən əsası da imzalanacaq sənəddə Bakı Dağlıq Qarabağla bağlı əks olunacaq bütün məsələlərdə mövqelərinin qəbul olunmasına nail olubdur və bununla da daha çox narahatlıq və ya tərəddüd yaradan məqamlar demək olar, aradan qalxıbdır.
Doğrusu, əvvəl siyasi məqamlarda və Dağlıq Qarabağla bağlı mövqelərdə problemlərin yaranacağı güman edilirdi. Odur ki, onların artıq razılaşdırılması o deməkdir ki, ən əsas maneələr dəf olunubdur. Bəs onda problem nədədir?
Danışıqların ticarətlə bağlı məqamlarında bəzi problemlərin olduğu bildirilir. Doğrusu, bunun da detalları ətraflı açıqlanmır, belə ki, lap əvvəldən proses qapalı keçirilir ki, İrəvan, xüsusən də Moskva tərəfdən hər hansı bir təsirlər olmasın. Ona görə də biz də konkret bir şey söyləyə bilmirik və məlum olanı budur ki, Azərbaycanın indiyədək Dünya Ticarət Təşkilatının üzvü olmaması da prosesdə bəzi əngəllər törədir.
Prinsipcə, bu son detal müəyyən təxminlər üçün zəmin yaradır, çünki Dünya Ticarət Təşkilatına üzvlük ticarətdə hiss olunacaq liberallaşmanı, gömrük sistemində ciddi islahatları nəzərdə tutur.
Amma düşünürük ki, ən böyük tərəddüdlər geosiyasi məqamlarla bağlıdır: Bakı bir növ Brüssellə Moskva arasında seçim etmək məcburiyyətində qalıb. Kremlin keçmiş sovet respublikalarının Avropa Birliyilə saziş imzalamasına, ona yaxınlaşmasına necə qısqanclıqla yanaşması hamıya məlumdur. Amma burada başqa bir məqam da var və o, da budur ki, Bakı hazırda müəyyən mənada gözləmə mövqeyindədir və ciddi şəkildə İrəvan Moskva münasibətlərinin dinamikasını izləyir.
Bəllidir ki, bu münasibətlər gərginləşməkdə, özü də artan tempdə gərginləşməkdə davam edir. Belə bir vəziyyət isə Bakıya müəyyən dividendlər vəd edir, çünki İrəvanla münasibətlərin tam korlanması zəminində Bakı ilə Moskva arasında ciddi anlaşma yarana bilər və ən əsası da, bu özünü Dağlıq Qarabağ problemində təzahür etdirə bilər. Belə bir vəziyyətdə isə Bakının Brüsselə istiqamət götürməsi əlbəttə ki, müəyyən mənada tələskənlik ola bilərdi.
Amma ola bilsin ki, Bakının Brüssellə yaxınlaşması taktiki planda onun maraqlarına cavab vemir. Fəqət, bunu strateji planda demək olmur – AB ilə yaxınlıq həm Azərbaycan, həm də ki, azərbaycanlılar üçün çox önəmli məsələdir. Birincisi, bu, ölkənin Avropaya daha sıx tellərlə inteqrasiyasının başlanğıcı ola bilərdi. İkincisi, azərbaycanlıların özlərini Avropanın bir hissəsi kimi hiss etməsi üçün ciddi zəmin ola bilərdi ki, bu da müsəlman ölkələrindəki bəzi neqativ tendensiyaların fonunda heç də əhəmiyyətsiz məsələ deyil, çünki mütləq sükunət yoxdur – Avropa ilə təmasların ləngiməsi Azərbaycanı sürətlə Şərq ölkələri səmtinə çəkir.
Və nəhayət, üçüncüsü: regionda yeni geosiyasi trendlər və ya tendensiyalar duyulmaqdadır və biz onlara biganə qala bilmərik: ABŞ və NATO böyük sürətlə Gürcüstanda güclənməkdədir. Aydın məsələdir ki, onlar bir ölkədə qapanıb qalmayacaq və bütün regiona sirayət etməyə çalışacaqlar, bu isə bütün region üçün yeni çağırışlar və ya dəyişikliklər demək olacaq...
Hüseynbala Səlimov