“Sənədsiz evlərin ümumi siyahısı hazırlanır“

14 May 2013 07:49 (UTC+04:00)

Dövlət başçısının Bakı Şəhər İcra Hakimiyyətinə icazəsiz tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı tapşırıq verməsindən iki il keçsə də, problem hələ də öz həllini tapmayıb.

Doğrudur, prezident sərəncamı ilə yaradılan komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmiryolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilmiş evlərlə bağlı araşdırma aoarılıb, ilkin və siyahıya salınma işləri görülüb. Amma hazırda sözügedən məsələ ölü nöqtədədir.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, prezident İlham Əliyev bununla bağlı iki il bundan öncə göstəriş versə də, hələ ki, heç bir nəticə yoxdur:

"Sənədsiz evlər sənədləşməlidir. Bu göstəriş iki il bundan əvvəl Bakı Şəhər İcra hakimiyyətinə verilib. Bununla əlaqədar İcra Hakimiyyətində komissiya da yaradıldı. Amma həmin Komissiya bu gün də işləməsinə baxmayaraq ortada heç bir nəticə yoxdur. Prezident bununla bağlı göstəriş versə də, təəssüflər olsun ki Bakı şəhər İcra Hakimiyyəti bunu hələ də həll etməyib".

V. Əhmədovun sözlərinə görə, həmin evlərdə yaşayanların sonradan evləri söküləndə kompensasiya almaları mümkünləşməlidir: "Sənədi olmayan evlərə sənədlərin verilməsi mütləqdir. Çünki sabah həmin evlər söküləndə sakinlər özlərinə ev ala bilməlidirlər, məhkəmələrə düşməməlidirlər. Hər halda dövlət başçısı buna göstəriş verib, deməli məsələni tezləşdirmək lazımdır".

Bakı Şəhər İcra Hakimiyyətindən isə bildiriblər ki, sənədsiz evlərin ümumi siyahısı hazırlanır:

"Bu məsələyə müvafiq komissiya baxır. Ona görə də bu haqda əlavə heç nə deyə bilmərik. Siyahılar tam hazır olandan sonra Nazirlər Kabinetinə veriləcək və siyahılara orada baxılacaq".

Qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 450 mindən çox qanunsuz tikili var ki, onlarla bağlı məsələ hələ də öz həllini tapmayıb

Hələ 2011-ci ilin əvvəlində Prezident İlham Əliyev Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyati qurumlara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıq vermişdi. Amma o zaman məsələ həllini tapmayıb.

Nəhayət ötən ilin iyun ayında prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzalayıb. Komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri ramiz Mehdiyevdir.

Komissiya sərəncamda göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırıb və iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli idi.

AzNews.az