Rusiyada azərbaycanlı taksi sürücüsü öldürüldü

3 Sentyabr 2019 19:14 (UTC+04:00)

Sentyabrın 3-də Rusiyanın Nefteyuqansk şəhərində Çeuskinski kanalının sahilində üzərində çoxsaylı bıçaq yarası olan kişi meyiti tapılıb.

Öldürülən şəxsin 26 yaşlı Azərbaycan vətəndaşı, Nefteyuqansk sakini Məhəmməd Quliyev olduğu müəyyənləşib. O, şəhərdə taksi sürücüsü işləyirmiş.

Meyitin tapılmasından bir gün öncə polisə onun itkin düşməsi ilə bağlı müraciət olunub.

Öldürülən Məhəmməd Quliyevin avtomobili isə Nefteyuqanskın digər ərazisində tapılıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi açılıb.

Rusiya Daxili İşlər Nazirliyinin Cinayət istintaq idarəsi qətl hadisəsində şübhəli bilinən 28 yaşlı Nefteyuqansk sakinini saxlayıb.

Qətli törətməkdə şübhəli bilinən şəxs əvvəllər də müxtəlif dərəcəli cinayətlər törətməkdə ittiham olunub.

İstintaq zamanı təqsirləndirilən şəxslə birlikdə mərhumun avtomobilini oğurlayan Nefteyuqansk şəhərinin başqa bir sakini də saxlanılıb. Bu şəxsin qətldə iştirakı barədə dəqiq məlumatın olmadığı bildirilib.

İstintaqın ilkin ehtimalına görə, qətl tamah məqsədi ilə törədilib.

İstintaq davam edir.(apa.az)

AzNews.az