Qənirə Paşayeva tələbə adını qazanan gənclərlə görüşdü

5 Sentyabr 2019 12:07 (UTC+04:00)

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonun kənd məktəblərindən bu il ali məktəblərə daxil olan gənclərlə görüşüb, onları təbrik edib və çağırış edib.

Tovuz rayonunun Habil Vəliyev adına Əlibəyli kənd tam orta məktəbindən, Naiq Yusifov adına Ağdam kənd tam orta məktəbindən, Asif Sadıqov adına Vahidli kənd tam orta məktəbindən, Düz Qırıqlı kənd 1 saylı tam orta məktəbindən, Dilman Süleymanov adına Dönük Qırıqlı kənd tam orta məktəbindən, Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbindən, Fariz Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbindən, Habil Cəfərov adına Hunanlar kənd tam orta məktəbindən, Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbindən, Firudin Qasımov adına Xatınlı kənd tam orta məktəbindən, Cavanşir Sadıqov adına Qədirli kənd tam orta məktəbindən, Rəfail İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbindən, Elşad Tağıyev adına Cəlilli kənd tam orta məktəbindən, Eyvaz Bayramov adına Əyyublu kənd tam orta məktəbindən, Sahib İskəndərov adına Əyyublu kənd tam orta məktəbindən, Rövşən Alıyev adına Əyyublu kənd tam orta məktəbindən, Əyyublu kənd 1№-li tam orta məktəbindən bu il ali məktəblərə qəbul olunmuş gənclərlə görüşdə millət vəkili Q.Paşayeva tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb, gənclərin ailələrini və müəllimlərini də təbrik edib.

Təhsil sahəsində olan uğurların artmasının önəmindən danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, çox sevindirici haldır ki, bu il Tovuz rayonun 4 məktəbinin - Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbindən, Fariz Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbindən, Çatax və Bayramlı kənd məktəblərinin hər birində bir sinfin bütün şagirdlərinin hamısı bu il ali məktəblərə daxil olub.

Məzun olan və ali məktəblərə daxil olan və tələbə adını qazanan bütün şagirdləri, onların valideynlərini, əməyi keçən müəllimləri və məktəblərini təbrik edirik. İnanırıq ki, bu kimi uğurların sayı daha da artacaq.

Ali məktəblərə daxil olan şagirdlərin sayının artmasını müsbət hal kimi qiymətləndir ən millət vəkili Qənirə Paşayeva Tovuz rayonu kənd məktəblərinin bundan daha da böyük potensialının olduğunu qeyd edərək təhsil sahəsində uğurların daha da artacağına inandığını deyib .

“Ümumiyyətlə məni çox sevindirdi ki, Tovuz rayonu kəndlərindən ali məktəblərə daxil olan qızların sayının nəinki oğlanlardan az deyil, tam əksinə daha çoxdur. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir.”

Millət vəkili Qənirə Paşayeva tələbələrdən öz vəzifələrini bitmiş hesab etməməyi – əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğuladı.

“Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, buna sizin potensialınız var” – deyə öz fikirlərini bildirdi.

Millət vəkili torpaqlarımızın 20 faizinin işğalçı Ermənistanın işğalı altında olduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi və gəncləri virtual məkanda ölkəmizin təbliğində daha fəal olmağa çağırıb.

O deyib ki Azərbaycan əleyhinə virtual məkanda təbliğat aparan Ermənistan, erməni diasporu və lobbisinə qarşı, onların yalanlarına qarşı gənclərimiz daha fəal mübarizə aparmalıdırlar.

Görüşdə iştirak edən Fitoterapevtlər Cəmiyyətinin sədri Məlahət Qəhrəmanova çıxış edərək gəncləri təbrik edib, onları yaxşı oxumağa, öz üzərlərində daha çox çalışmağa çağırıb.

Tədbirdə iştirak edən millət vəkili Q.Paşayevanın dəvətilə ölkəmizə səfər etmiş Türkiyənin tanınmış yazıçısı və jurnalisti Meryem Aybike Sinan çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edib, Azərbaycanla bərabər, bu gənclərin Türk dünyası istiqamətində gözəl işlər görəcəklərinə inandığını deyib, uğurlar diləyib.

Tədbirdə iştirak edən Tovuz rayonu kənd məktəblərinin direktorları çıxış edərək həyatlarında yeni mərhələyə qədəm qoyan tələbə adını qazanan gənclər üçün stimul olan, onlarda ruh yüksəkliyi yaradan belə bir görüşün təşkili üçün təşəkkürlərini bildiriblər, gələn il nəticələrin daha da yaxşılaşması istiqamətində daha da çox çalışacaqlarını bildiriblər.

Görüşün sonunda millət vəkili Q.Paşayeva və Fitoterapevtlər Cəmiyyətinin sədri M.Qəhrəmanova tələbə adını qazanan gənclərə dəyərli hədiyyələr və kitablar bağışlayıb və yeni tələbə adını qazanan gənclərin mənsub olduqları ailələrə, təhsil aldıqları məktəblərin kollektivlərinə hörmət və ehtiram ifadə edilib.

Sonda tələbələrin bəzilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda gənclərlə geniş fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran sualları cavablandırılıb.