Bu gün dollar və qlobal bazarlar üçün həlledici məlumatlar açıqlanacaq

6 Sentyabr 2019 09:34 (UTC+04:00)

Qlobal bazarlar bu gün ABŞ-da açıqlanacaq avqust ayı kənd təsərrüfatı xaric məşğulluq, işsizlik nisbəti və maaş artımı göstəricilərinə fokuslanıb.

ABŞ-da məşğulluğun artım tempi, ABŞ Mərkəzi Bankının (Fed) faiz qərarında həlledici faktorlardan biridir. 17-18 Sentyabrda Fed-in növbəti toplantısı keçiriləcək. İnvestorlar, pisləşən qlobal iqtisadi artıma və digər risklərə qabaqlayıcı tədbir olaraq Fed rəsmilərinin faizləri daha da aşağı salacağını gözləyirlər. Digər tərəfdən, bir sıra Fed rəsmiləri hesab edirlər ki, ABŞ-da məşğulluğun və istehlakçıların xərclərinin artdığı bir dövrdə təcili faiz endirilməsinə ehtiyac yoxdur. ABŞ Mərkəzi Bankının Boston şöbəsinin sədri Erik Rosencren (Eric Rosengren) bildirib ki, ticarət və ya geo-siyasi münaqişələrin artacağına dair aşağı istiqamətli risklər var, ancaq indiyə qədər, bu artan risklər hələ reallığa çevrilməyib. O, ABŞ iqtisadiyyatının risklərə baxmayaraq, güclü olduğunu və bu aykı iclasda faiz endiriminə ehtiyac olmadığını deyib.

"Əgər istehlakçılar xərcləməyə davam edərsə və qlobal şərtlər daha da pisləşməsə, iqtisadiyyat yəqin ki, 2 faiz ətrafında böyüməyə davam edəcək. Bu artım sürətində, maaşlarda və inflyasiyada mərhələli artım davam edəcək. Mənim fikirimə görə, təcili bir faiz endirilməsinə ehtiyac yoxdur",- Rosencren bildirib.

Fed 31 iyulda faizləri 0,25 bənd endirmişdi. Fed sədri Cerom Pauel, faiz endirimi qərarını, artan qlobal risklərə görə iqtisadi artımda daha ciddi yavaşlama ehtimalına qarşı müdafiə olaraq qiymətləndirmişdi.

Avqust ayına dair kənd təsərrüfatı xaric məşğulluq məlumatı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq. ABŞ-da avqustda məşğulluğun 160 min artacağı gözlənilir. İyulda məşğulluq 164 min nəfər artmışdı.

Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacaq. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin avqustda 3,7% olduğu proqnozlaşdırılır. İyulda da işsizlik 3,7% təşkil etmişdi.

Həmçinin ABŞ-da maaşların illik və aylıq saatlıq artım nisbətləri də açıqlanacaq. Saatlıq maaşın illik müqayisədə 3,1%, aylıq müqayisədə 0,3% artdığı proqnozlaşdırılır. İyulda artım müvafiq olaraq 3,2% və 0,3% təşkil etmişdi.

Bu gün Bakı vaxtı ilə 20:30-da Fed sədri Cerom Pauelin də çıxışı gözlənilir. Fed sədrinin verəcəyi mesajlar bazarların və valyutaların istiqamətində həlledici ola bilər.

Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nəticədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir. (Marja)

AzNews.az