Rüstəm İbrahimbəyov: “Hörmətli adamlar öz razılıqlarını veriblər” – Müsahibə

14 May 2013 10:49 (UTC+04:00)


"EYNULLA TƏMİZ ADAM DEYİL..."

Yazıçı, kinodramaturq, Milli Şuranın təşəbbüskarlarından olan Rüstəm İbrahimbəyovun AzNews.az-a eksklüziv müsahibəsi:

- Rüstəm müəllim, ötən həftə verdiyiniz müsahibədə Milli Şuranın elan olunması ilə bağlı liderlərə bir həftə vaxt verdiyinizi, bundan sonra bir sıra yeni addımlar atacağınızı bildirmişdiniz. Dediyiniz bir həftə müddətin keçdiyini nəzərə alsaq, Milli Şuranın təsis edilməsi prosesi ilə bağlı məsələ nə yerdədir? Danışıqlar hansı mərhələdədir?

- Milli Şura Məsələsi ilə bağlı danışıqlar gedir. Yavaş-yavaş iş axarına düşüb. Bizə lazım olan hörmətli adamlar öz razılıqlarını veriblər. Demək olar ki, vəziyyət bizim gözlədiyimizdən də yaxşıdır. Bir həftədən sonra Milli Şuranı elan edəcəyik.

- Milli Şura təsis olunana kimi Azərbaycana qayıtmaq fikriniz varmı?

- Xeyir. Hələlik burada işlərim çoxdur. Onların hamısı həll olunmalıdır. Bu işlərin də hər biri də vaxt aparan şeylərdir.

- Ümumiyyətlə, Azərbaycana nə vaxt qayıdacaqsınız?

- Onu mən deyil, Milli Şura müəyyən edəcək.

- Prezident seçkisinə qədər Azərbaycana dönmək fikriniz varmı?

- Əlbəttə. Sadəcə vaxtını dəqiq deyə bilmərəm. Mənim Azərbaycana dönüşüm oradakı vəziyyətdən asılıdır. Ümumiyyətlə, çox şeylərdən asılıdır. Düzdür, mətbuat yazır ki, mən Azərbaycana qayıtmayacam. Amma bunlar yalan məlumatlardır.

- Ötən həftə bir məlumat yayıldı. Bildirilirdi ki, "El" hərəkatının Al Məclis sədri Eldəniz Quliyevlə sizin telefon danışığınız olub və həmin danışıqlarda sizin "El" Hərəkatının fəaliyyəti üçün E.Quliyevə 100 min dollar pul verdiyiniz öz əksini tapıb...

- Bunlar şayiədən başqa bir şey deyil. Mən konkret olaraq, belə işlərlə məşğul olmuram. Biz Eldar müəllimlə 10 ildir ki, tanışıq. Bu müddətdə bir dəfə də olsun, bizim aramızda maliyyə məsələsi olmayıb. Böhtanlardır. Bunları yaradan isə iqtidarla bağlı mətbuatdır.

- Jurnalist Eynulla Fətullayev keçmiş deputat, Ziyalılar Forumun üzvü və sizin də Milli Şurada görmək istədiyiniz Gültəkin Hacıbəyli barəsində bir yazı yazıb. Yazıda sabiq deputatın ünvanına xeyli sərt ittihamlar səsləndirilir.

- Mənim Eynulla Fətullayevin yazısından xəbərim yoxdur. Bilmirəm də nə yazır. Onu heç tanımıram. Bircə onu deyə bilirəm ki, təmiz adam deyil.

Bahar Rüstəmli
AzNews.az