Qanunsuz tikililər söküləcək

14 May 2013 11:26 (UTC+04:00)
Yol kənarındakı qanunsuz tikililər qanunsuzluğa yol vermiş hüququ və fiziki şəxslərin öz hesabına söküləcək.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin plenar iclasında "Avtomobil yolları haqqında" qanuna edilən dəyişiklikdə nəzərdə tutulub.

Qanuna dəyişiklik barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Qanunun 8.3-cü maddəsinə edilən dəyişiklik nəticəsində avtomobil yolunun sahibi onun razılığı olmadan yolun torpaq sahəsində tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən bütün işləri dərhal dayandırmaq, qanunsuz tikili və qurğuları həmin şəxslərin vəsaiti hesabına sökmək və yolları əvvəlki vəziyyətinə gətirməlidir. Bu tələbin icrasından imtina edildikdə və ya razılaşdırılmış müddətdə yerinə yetirilmədikdə isə yolun əvvəlki vəziyyətinə qaytarılması avtomobil yolunun vəsaiti və qüvvəsi hesabına yerinə yetiriləcək. Belə halda isə bu işlər üşün çəkilən xərclər qanunsuz tikinti aparan və ya sifariş verən şəxslər tərəfindən ödənilməlidir. Görülən xərclər çəkilmədikdə isə avtomobil yolunun sahibi məhkəmələrdə müvafiq iddialar irəli sürmək hüququna malikdir.

Digər dəyişikliyə əsasən, müvafiq razılığın və ya normativ-texniki şərtlərin tələblərinə riayət edilmədiyi halda avtomobil yolarının torpaq sahəsində pozuntuya yol vermiş hüquqi və fiziki şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrə uyğun olaraq məsuliyyət daşıyırlar.

AzNews.az