Doğuşda ölən anayla bağlı şok TƏFƏRRÜATLAR

14 May 2013 12:19 (UTC+04:00)


Mayın 14-də səhər saatlarında Respublika Perinatal Mərkəzində keyser əməliyyatı zamanı 1986-cı il təvəllüdlü Fətəliyeva Maral Umudvar qızı vəfat edib. Cərrah Ruslan Şamilovun həyata keçirdiyi uğursuz əməliyyatın səbəbi ananın ürəyinin dayanması ilə izah olunub. Lakin xəstəxanadan mətbuata ana və körpənin ölümünə xəstəyə yanlış qan vurulduğu və ölümə məhz bunun səbəb olduğu da bildirilib.

Respublika Perinatal Mərkəzinin direktoru Əziz Nağdalıyev AzNews.az-a açıqlamasında bu izahı qəti şəkildə rədd edib:

"Axşamdan buradayam. Hər şey lazımi səviyyədə qurulub. Əməliyyat planlı şəkildə həyata keçirilib. Burada yanlış qan vurulmasından söhbət gedə bilməz. Əməliyyatdan öncə xəstə bütün müayinələrdən keçirilib. Qan analizləri götürülüb. Odur ki, yanlış qan vurulması və ya hər hansı həkim məsuliyyətsizliyi ölümün səbəbi deyil. Ölümün səbəi isə xəstədə olan tromboemboliyadır. Kiçik keysəriyyə əməliiyyatı aparılıb və əməliyyatın sonuna yaxın xəstənin ürəyi dayanıb".

Direktorun sözlərinə görə, xəstənin əməliyyatdan öncə səhhəti normal olmasaydı da, əməliyyat yeganə çıxış yolu idi: "Bu, qadın üzərində 3-cü keysəriyyə əməliyyatıdır. Mayın 11-də fəsadlaşmış mamalıq anamnezi diaqnozu ilə hamiləyinin 23-24 həftəsində RPM-nin patalogiya şöbəsinə daxil olan qadın bütün müayinələrdən keçirilmişdi. Lakin hətta ürəyində əvvəlcədən problem olduğu məlum olsaydı da, əməliyyat yeganə çıxış yolu idi. 23 həftəlik hamiləliyin dayandırılması vacib idi. Çünki, çift gəlişi olub. Mərkəzi yerlərdə yerləşən ciftin uşaqdan əvvəl gəlişi isə kəskin qanaxmaya səbəb ola bilərdi. Odur ki, əməliyyat təcili oldu. Əməliyyatın sonuna yaxın ürək dayandı və görülən reanimasiya tədbirlərinə baxmayaraq, xəstəni həyata qaytarmaq mümkün olmadı".

Ə.Nağdəlıyev qeyd edib ki, Mərhmumun cəsədi tibbi ekspertiza edildikdən sonra onun nəticələri Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasına təqdim ediləcək və ölümün baş vermə səbəbi bu qurum tərəfindən araşdırılacaq.

Ruhiyyə
AzNews.az