Səudiyyə Ərəbistanı turistik vizalar verməyə başlayacaq

9 Sentyabr 2019 10:38 (UTC+04:00)

Səudiyyə Ərəbistanı turistik vizalar verməyi düşünür.

AzNews.az bildirir ki, “Okaz” nəşrinin məlumatına əsasən, 50 ölkədən olan turistlər sentyabrın 27-dən başlayaraq onlayn şəkildə, yaxud da ölkəyə daxil olduqdan sonra cəmi 440 rial (117 dollar) ödəməklə viza əldə edə bilərlər.

Lakin bu məlumat bir qədər sonra qəzetin saytından çıxarılıb, hökumət isə bunu qəti parametrlər,əsasən də vizanın dəyərinin hələ müəyyən edilməməyi ilə izah edib.

Buna baxmayaraq, Ər-Riyad “Səudiyyə Ərəbistanı turizmə açıqdır” lozunqu altında reklam kampaniyasına başlamağı düşünür. Kampaniyaya turizm sahəsi üzrə dünya ekspertlərinin cəlb edilməsi planlaşdırılır.

“Bloomberg” qeyd edir ki, konservativ islam krallığı uzun müddət turistlər üçün qapalı məkanlardan biri idi. Viza yalnız iş səfərlərinə, Həcc ziyarətinə, eləcə də ailələrinə baş çəkməyə gələnlərə verilirdi. Lakin 2016-cı ildə Ər-Riyad vəliəhd Məhəmməd ben Salmanın diversifikasiya planı çərçivəsində turizm sektorunun inkişaf etdirilməsi barədə ciddi düşünməyə başladı.

AzNews.az