Həkimlərin işə qəbulu üzrə növbəti müsabiqə keçiriləcək

14 May 2013 12:49 (UTC+04:00)
Mayın sonunda Azərbaycanda həkimlərin işə qəbulu üzrə növbəti müsabiqə başlayacaq. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. O bildirib ki, mayın sonundan etibarən Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrinə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üçün növbəti sənəd qəbulu aparılacaq.

A. Qədirli deyib ki, hazırda vakant yerlərlə bağlı nazirliyə məlumatlar daxil olur və yeni müsabiqəyə neçə vakant yerin çıxarılacağı barədə dəqiqləşmələr aparılır: "Həkimlərin işə qəbulu üzrə müsabiqənin ilk mərhələsində 2000 vakant yer ayrılsa da, onların yalnız cüzi hissəsi tutulub. Müsabiqənin növbəti mərhələsində neçə vakant yerin ayrılacağı barədə mayın sonlarında müsabiqə elan edildikdə məlumat veriləcək".

Qeyd edək ki, Azərbaycanda həkimlərin işə qəbulu üzrə müsabiqə iki mərhələdə (test imtahanı və müsahibə) keçirilir. İlk mərkəzləşdirilmiş imtahan martın 28-də, ikinci imtahan isə aprelin 2-də keçirilib. Həkimlərin işə qəbulu üzrə ilk müsabiqədən 34 nəfər uğurla keçib. Onların 10-u Bakıdakı, 24-ü isə rayonlardakı səhiyyə müəssisələrində vakant yerlərə işə qəbul olunublar.

AzNews.az