Milli məclisin vitse-spikeri də etiraz etdi

14 May 2013 12:59 (UTC+04:00)
Modern.az-ın xəbərinə görə, Milli Məclisin bugünkü iclasında internetdə böhtan və təhqirə görə cəzanın sərtləşdirilməsi ilə bağlı məsələ müzakirə olunub. Müzakirələr zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev bildirib ki, ölkədə "Diffamasiya haqqında" qanunun qəbul edilməsi vacibdir.

Parlamentin vitse-spikeri Ziyafət Əsgərov daha sonra çıxış edərək "Diffamasiya haqqında" qanunun qəbul edilməsinin əleyhinə olduğunu bəyan edib.

Z.Əsgərov bildirib ki, "Diffamasiya haqqında" qanunu qəbul etmək Avropa Şurası qarşısında öhdəliyimiz deyil. Onun sözlərinə görə, bu qanun Avropa Şurası tərəfindən Azərbaycana yalnız tövsiyyə olunub.

"Bizim onlar qarşısında heç bir öhdəçiliyimiz yoxdur"-deyə vitse-spiker qeyd edib.

Onun fikrincə, Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul edilməsi üçün mühit yoxdur.

"Cəmiyyətə baxın!. Bizdə "Diffamasiya haqqında" qanuna uyğun mühit varmı? Avropa Şurasına xoş gəlsin deyə, cəmiyyətdə süni gərginlik yaratmaq nəyə lazımdır".

Z.Əsgərov deyib ki, bu qanun Avropa Birliyi ölkələrin də qəbul edilməyib.

"Mən araşdırma aparmışam. Avropa Birliyi üzvlərindən cəmi 2-3 ölkədə "Diffamasiya haqqında" qanun qəbul edilib. Bu belə yaxşı qanundursa, niyə əvvəl özləri qəbul eləmirlər? Biz də onlara baxaq, 11-ci ölkə olaq, bunu qəbul edək"-deyə Z.Əsgərov etirazını bildirib.

Vitse-spikeri qeyd edib ki, belə bir qanunun qəbulu cəmiyyətdə həssas meyllərin qalxmasına səbəb ola bilər.

"Böhtan və təhqir anlayışları hər bir cəmiyyətdə müxtəlif reaksiyalar verə bilər. Kimi böhtanı özünə qarşı təhqir kimi qiymətləndirir, kimi isə buna adi hal kimi baxa bilər. Ola bilsin hansısa ingilis, amerikan üçün şərəf və namus bir o qədər əhəmiyyət kəsb etmir. Azərbaycanda bu məsələyə tamamilə fərqli yanaşılır. Bu baxımdan böhtana görə cəzanın seçilməsi vacib məsələdir"-deyə vitse-spiker vurğulayıb.

Qeyd edək ki, "Diffamasiya haqqında" qanun layihəsində təhqirə və böhtana görə cinayət məsuliyyətinin ləğvini nəzərdə tutulur.

AzNews.az