Paşinyan öz hördüyü tora düşdü

10 Sentyabr 2019 18:58 (UTC+04:00)

Son günlər, ardıcıl olaraq, işğalçı ölkə olan Ermənistanda ara yenidən qarışıb. Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya qarşı sərsəm bəanatları, bir tərəfdən küçə "demokratı"nın erməni xalqına verdiyi vədlərin elə küçədə qalması, bir tərfədən də, xarici siyasətdə savadsızlığı ölkədə vəziyyətin çətin duruma düşməsinə səbəb olub. Ən başlıcası isə, Nikol Paşinyan çoxsaylı sədaqət andlarına rəğmən, Moskva ilə münasibətləri heç cür qaydaya sala bilmir. Kremldə hələ də ona şübhəli nəzərlə, "gizli qərbçi" kimi baxırlar. Eyni zamanda, Qərbin özü də Paşinyanı "doğma" hesab eləmir, əksinə, rusun Ermənistanda növbəti sadiq canişi sanır. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi, Nikol Paşinyanın yaxın adamlarından və "Soros uşaqları"ndan olan Armen Qriqoryanın təzəcə başa çatan uğursuz ABŞ səfərindən də görmək mümkündür. Qriqoryanı Amerikada heç Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da qəbul eləmədi...

Bu, gözlənilən idi. Çünki Paşinyan Kremlə bağlı Qarabağ klanı ilə, Dağlıq Qarabağdakı separatçı rejimlə münasibətlərin sərt xarakter aldığı, müharibə riskinin artdığı zamanda, yeganə oğlunu od-alovun içində, təhlükəli rəqiblər üçün potensial girov qismində Qarabağda saxlaya bilməzdi. Rusiya ilə münasibətlərdə yaşanan gərginlik və s. bütün bunlar Paşinyanı heç vaxt olmadığı qədər ayıq-sayıq olmaq zorunda qoyur.

Paşinyan nə əldən qoyur, nə də...

Bir məqamı da, xüsusi olaraq, vurğulamaq lazımdır ki, ekspertlər Paşinyanın hakimiyyətə gəldiyi ilk günlərdən qeyd etmişdilər ki, onun siyasətçi kimi Ermənistanda sosial-iqtisadi vəziyyəti düzəltmək, cəmiyyətin siyasi atmosferini müsbət istiqamətdə dəyişmək üçün heç bir resursu mövcud deyil. Ola bilsin ki, Paşinyan 27 ildən artıq bir vaxtda jurnalist fəaliyyəti ilə məşğul olub və ölkədə gedən siyasi proseslərdən azdan-çoxdan məlumatlıdır. Amma ümumiyyətlə, bu insan heç bir idarəetmə qabiliyyətinə malik deyil. İkinci bir məqam isə, ondan ibarətdir ki, o, hakimiyyətə kifayət qədər hazırlıqsız bir vəziyyətdə gəldi. Yəni Ermənistanda hakimiyyətə gəlmək üçün, hər şeydən öncə, ölkəni ağır sosial-iqtisadi durumdan qurtarmaq, bunun üçün xüsusi hazırlanmış bir platformaya sahib olmaq lazım idi. Paşinyanın belə bir platforması yox idi. Aydın görünür ki, Paşinyan xarici qüvvələrin aləti idi. Sadəcə, o hakimiyyətə gəlməli idi və gəldi.

Bu baxımdan, bu gün Ermənistandakı vəziyyət Sarkisyanın hakimiyyəti dövründəki vəziyyətdən heç nə ilə fərqlənmir. Əksinə, vəziyyətin daha da ağırlaşdığını demək üçün əsaslı səbəblər var. Məsələn, Paşinyanın davranışlarına əsasən, demək olur ki, onun əsas məqsədi hakimiyyətdəki mövqelərini möhkəmləndirməkdən ibarətdir. Çünki aydın dərk edir ki, hakimiyyətə gəlməmişdən öncə, verdiyi vədləri həyata keçirə bilmir. Hər şeydən qabaq, bunun üçün Ermənistanın özünün resursları yoxdur. Azərbaycan və Türkiyə ilə sərhədlər bağlıdır, iqtisadiyyatı birbaşa Azərbaycana bağlı olan Gürcüstanın Ermənistana verə biləcəyi heç nə yoxdur, İran və dünya dövlətləri arasındakı münasibətlər isə hər kəsə məlumdur. Bu baxımdan da, Ermənistanın kimdənsə yardım almaq imkanı yoxdur. Digər amil Rusiya ilə bağlıdır. Bu, bir faktordur ki, Rusiya Ermənistanı həm hərbi, həm də iqtisadi cəhətdən hər zaman dəstəkləyib. Amma bu gün vəziyyətdə bir qədər qeyri-müəyyənlik müşahidə olunmaqdadır. Bu gün isə Paşinyanın mövqeyi bilinməzdir, daha doğrusu, Nikol iki meydanda oynamağa çalışır. Həm özünü Rusiyaya loyal göstərir, həm də Qərbdən müəyyən bir imdad diləyir. Bu gün Paşinyan hakimiyyətinin yarıtmaz siyasəti erməni xalqında xəyal qırıqlığı yaradır.

Erməni xalqı, artıq "Qarabağ kartı"ndan doyub

Bütün bu bəlaların baş verməsində əsas faktor N.Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfərləridir ki, bu səfərlərin arxasında bir neçə əsas məqam dayanır. Birincisi, Paşinyan da Sarkisyan kimi, özünün siyasi oyunlarını Qarabağ məsələsi üzərində qurmağa çalışır. Sarkisyan müharibənin içərisindən çıxmış bir adam idi. Ermənistanın müdafiə naziri işləmişdi. Ona görə də, bu müharibədən özünün siyasi hakimiyyətini möhkəmləndirmək üçün istifadə edirdi. Amma Paşinyan bu proseslərin içərisində olmayıb. O, sadəcə, Sarkisyanı yamsılamaqla, Qarabağ məsələsindən siyasi hakimiyyətini möhkəmləndirmək üçün istifadə etməyə çalışır. Paşinyanın baş nazir seçildikdən sonra Dağlıq Qarabağa səfərlər edib orada şovnist çıxışlar etməsi, yenə də müharibə əhval-ruhiyyəli ritorikaya üstünlük verməsi erməni xalqının rəğbətini qazanmağa hesablanıb. Amma erməni xalqı artıq, "Qarabağ kartı"ndan doyub.

Azərbaycan Prezidentinin qətiyyətli diplomatik fəaliyyəti

Bəli, münaqişənin həlli ilə bağlı əldə olunan nailiyyətlər, bir daha sübut edir ki, bu gün Azərbaycan Prezidenti Ermənistan üzərində, artıq qətiyyətli diplomatik qələbəsini çalıb. Uzun müddət idi deyirdik ki, biz, ilk növbədə, münaqişənin diplomatik həllinin tərəfdarıyıq. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, keçən zaman Azərbaycanın xeyirinədir. Bəli, bu gün müşahidə etdiyimiz reallıqlar göstərir ki, dövlət başçıs, Ali Baş Komandan İlham Əliyevin müdrikcəsinə dediyi ifadələr reallıqda öz əksini tapmaqdadır. Həqiqətən də, bu gün Azərbaycan və Ermənistanın mövqeyi arasında müqayisə olunmayacaq dərəcədə fərq vardır. Azərbaycan kifayət qədər güclü bir ölkə, Ermənistan kifayət qədər güclü bir forpostdur. Biz müharibə etsəydik, çox böyük itkilər verə bilərdik, iqtisadiyyatımızı bu qədər inkişaf etdirə bilməzdik, həm Azərbaycan, həm də region üçün qlobal müstəvidə çox böyük əhəmiyyət kəsb edən enerji layihələrini həyata keçirə bilməzdik. Təbii ki, dövlət siyasətimizin ana xəttini Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsi təşkil edir. Artıq Azərbaycan sürətlə bu məqsədinə yaxınlaşmaqdadır və bu günün reallığı onu göstərir ki, həqiqətən də, zaman Azərbaycanın xeyirinə işləyir.

Erməni xalqı həqiqətləri anlayır, Paşinyan isə səhvlərdən ibrət dərsi çıxarmır

Beləliklə, Azərbaycan Prezidentinin uzun illərdir bəyan etdiyi həqiqətləri erməni xalqı indi anlamağa başlayıb. Onlar indi dərk edirlər ki, ölkənin səfil vəziyyətə düşməsinin səbəbkarı sırf Qarabağ kartı üzərində hakimiyyətini qorumaq istəyən hərbi xunta olub. Gec də olsa, bunun fərqinə varan erməni xalqı hakimiyyəti devirsə də, heç də küçə "demokratı" Paşinyanın əvvəlki hakimiyyətin səhvlərindən ibrət dərsi çıxarmadığı görünməkdədir. Bu gün Ermənistanın ağır vəziyyəti əvvəlki hakimiyyətin gününə şükür dedizdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın dalan ölkəyə çevrilməsi və bunun əsas səbəbinin, məhz işğalçılıq siyasətini davam etdirməsi olduğunu dönə-dönə bəyan etməsi, əslində, bu ölkənin düşdüyü vəziyyətin qısa xülasəsidir. Dövlət başçısının bu çıxışı, eyni zamanda, Ermənistan xalqına və hakimiyyətinə bir xəbərdarlıq mahiyyətindədir. Ermənistan xalqı həqiqətləri vaxtında dərk etsəydi, ölkə hazırkı iflic vəziyyətə düşməzdi. Dağlıq Qarabağ probleminin həllinin yubanması bu ölkənin vəziyyətini daha da ağırlaşdırır.

Erməni xalqı, özü də etiraf edir ki, Ermənistanın torpaqlarımızı işğal altında saxlaması nəticəsində, Azərbaycan Ermənistanı iqtisdi, siyasi və nəqliyyat dalanına dirəyib. Ermənistan bu blokadadan çıxmaq üçün işğalçılıq siyasətindən əl çəkməlidir.

Paşinyanın puç olan "gurultulu" vədləri

Nikol Paşinyan Ermənistanda baş nazir olan məqamda bir sıra "gurultulu" vədlərlə, o cümlədən, Ermənistanda demoqrafik göstəricilərin yaxın perspektivdə yaxşılaşacağını vəd edirdi. Bütün vədlər kimi, populizm üzərində qurulan bu vədlər də reallığa söykənmirdi. Ancaq son statistik rəqəmlər fərqli mənzərini ortaya qoydu. Məlum oldu ki, Ermənistanda Paşinyanın, irəli sürülən iddialarını həyata keçirmək üçün, heç bir resurs mövcud deyil. Sovetlər dağılandan sonra bu ölkənin əhalisi 3 milyon nəfərə çatmayıb. İllik doğulanlarla ölənlərin fərqini nəzərə alsaq, 30 ildə bu ölkədə əhalinin artımı 300 mindən çox olmayacaq. Rəsmi məlumatlara əsasən, Ermənistanda ildə 38-39 min nəfər doğulur. Hər min nəfərə düşən ölənlərin sayı isə 28-30 min nəfər təşkil edir. Belə çıxır ki, Ermənistan əhalisinin sayı ildə 10 min nəfər artacaq, 30 ildə isə bu rəqəm 300 min nəfər təşkil edəcək. BMT-nin hesablamasına görə, 2050-ci ildə, ən pis halda, 2 milyon 573, orta vəziyyətdə 2 miyon 816, ən yaxşı halda isə, 3 milyon 65 min nəfər, 2100-cü ildə isə, ən pis halda, 1 milyon 207 min, orta vəziyyətdə 2 milyona çata bilər. Ötən ilin uyğun dövrü ilə müqayisədə ölkə əhalisinin sayı 8500 nəfər azalıb. Politoloqların sözlərinə görə, bu durumda Paşinyanın hakimiyyəti uzun çəkməyəcək. Artıq ölkədə vəziyyət getdikcə ağırlaşır, erməni xalqı yenidən mitinq və aksiyalar keçirməkdədirlər. Çünki boş vədlər və reallaşmayan siyasi-iqtisadi islahatlar fonunda Paşinyanın erməni ictimaiyyətində reytinqi düşməkdədir. Ən yaxşı halda, o, sələfləri kimi güc yolu ilə hakimiyyətini saxlamağa çalışacaq. Ancaq erməni xalqı mütləq şəkildə Paşinyandan hesab soracaq.

Ümumiyyətlə, real vəziyyət, onu sübut edir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir. İşğalçı Ermənistanın baş naziri Paşinyan da sələfləri kimi, səbəbi qoyub nəticələrlə uğursuz mübarizə aparır. Deməli, yekun eyni olacaq, daha dəqiqi, daha pis olacaq... Bu isə, bir daha o deməkdir ki, Ermənistanın sosial bəlalardan xilas yolu rəsmi Bakıdan keçir.

A.SƏMƏDOVA