Süni “Uşaqpulu problemi”nin sosial və siyasi məqsədləri

10 Sentyabr 2019 21:22 (UTC+04:00)

Populizmin “əməkhaqqı və pensiyaların artımı siyasəti”nə zərbə vurmaq planları

R.Reyqan uşaqların südünü və tərəvəzini niyə ixtisar etmişdi

Həmkarım Mirşahin süni yaradılmış “uşaqpulu problemi”ni rasional, praqmatik və liberal aspektdən şərh etdiyinə görə haqsız hücumlara və təhqirlərə məruz qalıb. Bu həm də rasional yanaşma ilə emosional hay-küyçülüyün, populizmlə realizmin, intellektlə nadanlığın qarşıdurması halını alıb. Odur ki, haqlı saydığım tərəfi müdafiə etmək vətəndaş borcumdur.

Hər şeydən əvvəl bu süni yaradılmış mübahisədir. Ona görə ki, belə bir sosial layihənin adının məhz “uşaq pulu” adlandırılması onun hədəfinin ailələrin daha çox uşaq dünyaya gətirməsinə şərait yaratmaqdır. Bu səbəbdən də bu siyasət demoqrafik problemlərin olduğu ölkələrin hökumətlər üçün aktualdır. Azərbaycanda isə demoqrafik problem yoxdur.

Azərbaycan Preziddenti bu ilin əvvəlindən “pensiyalar və əməkhaqqı” siyasətini prioritet elan edib, pensiyaların və əməkhaqlarının artırılması artıq bir sistem halına salınıb və demək olar ki, əvvəlcədən proqnozlaşdırıla bilən mərhələli qrafikə uyğunlaşdırılıb. 2019-cu ilin martın 01-də birinci mərhələ, 2019-cu ilin sentyabrın 01-də isə ikinci mərhələdə əməkhaqları və pensiyalar artırıldı. Sistem elə qurulub ki, artıq 2020-ci ilin yanvarında 3-cü mərhələ artımın olacağı bəllidir. Niyə belə bir qrafik qurulması mümkün olub və sistemin baza iş mexanizmi necədir? 2018-ci ilin yayından başlamış korrupsiyasının mənbələrinin məhdudlaşdırılması siyasəti büdcəyə gəlirləri təmin edir və mexaniki olaraq büdcə daxilolmaları pensiya və əməkhaqlarının artımına yönəldilir. Bu artıq bir mexanizm şəklini aıb. İldə iki dəfə artımlar da elə bu hesablamaya söykənir. Prezidentin sentyabrın 01-dəki artımları hələ iyun ayındakı sərəncamla təsdiqləməsi də həmin proqnozlaşdırılabilən mexanizmin qurulmasının nəticəsidir. Həm də 2019-cu ilin iyununda təkcə sentyabrın 01-nə olan maliyyə vəziyyətini proqnozlaşdırmır, həm də 2020-ci ilin yanvarında da artımı proqnozlaşdırır. Bu əsl sabit işlək mexanizmdir. Dövlət siyasəti mexanizmi.

Bəs bu siyasəti pozmaq istəyənlər ona necə mane ola və yaxud bu siyasətin verdiyi siyasi dividendləri necə heçə endirə bilərlər? Təbii ki, “pensiyaları və əməkhaqlarını artırmayın” tələbi ilə çıxış edə bilməzlər. Bəs onda nə etməli idilər? Təbii ki, 1) əlavə sosial tələblər irəli sürməklə büdcənin yükünü artırmağa nail olmalı, bununla da əməkhaqqı və pensiyaların artırılması qrafikinin, sistemin pozmalı idilər. 2) Hakimiyyət “pensiya və əməkhaqlarının artımı siyasəti”ni davam etdirmək üçün uşaqpulu verilməsindən imtina etdikdə isə onu uşaqları sevməməkdə ittiham edirlər.

Əsl hədəf isə təbii ki, ölkədə sosial sabitliyə ciddi töhfə verən və pozitiv sosial gözləntini təmin edən “pensiya və əməkhaqqının artımı siyasəti”ni və yaradılmış mexanizmi pozmaqdır. Odur ki, “əməkhaqqı və pensiyaların artırılması” tərəfdarları Prezidenti süni “uşaqpulu problemi” ilə şantaj edənlərə cavab verməlidirlər. Ona görə ki, süni uşaqpulu problemi, məhz əməkhaqqı və pensiya artımı siyasətinə qurulmuş tələdir. Odur ki, “əməkhaqqı və pensiyaların artımı siyasəti”ndə maraqlı olan vətəndaşlar bu siyasəti qorumaq üçün “uşaqpulu problemi” ilə spekulyasiya edənlərə “Yox!” deməlidir.

Ona görə ki, Prezidentin prioritet elan etdiyi “əməkhaqqı və pensiyaların artımı siyasəti” “uşaqpulu” layihəsi ilə müqayisədə daha böyük sosial qrupları, həm də elə uşaqların özlərinin də sosial rifahına xidmət edən bir siyasətdir.

İkinci tərəfdən, artıq qeyd edildiyi kimi, Prezidentin “əməkhaqqı və pensiyaların artımı siyasəti” büdcəyə daxil olmaların həmin istiqamətə yönəldilməsinin nəticəsidir. Sosial layihələrin artırılması və büdcənin yükünün artırılması isə əlavə vergi yığımı tələb edir. Bu da sahibkarların vergi yükünün artırılmasını tələb edir. Odur ki, ölkədəki sahibkarlar təbəqəsi də “uşaqpulu problemi”ni süni olaraq ortaya atmış qruplara öz etirazını bildirməlidir. Axı vergi sisteminin optimallaşdırılması üçün aparılmış islahatlar məhz onların vergi yükünün azalmasını nəzərdə tutur. Hökumət vergi siyasətini optimallaşdırıb sahibkarlar üçün əlverişli vəziyyətə gətirməyə çalışır, populistlər isə büdcəninyükünü artırmağı və deməli, həm də sahibkarın yükünün ağırlaşmasını tələb edirlər. Belə məqamda təbii ki, sahibkar ona əlverişli şərait yaradan siyasəti müdafiə etməlidir.

Yeri gəlmişkən, populizm haqda. Süni “uşaqpulu problemi”nin yaradıcıları özlərini liberal bazar iqtisadiyyatı tərəfdarları kimi göstərirlər. Ancaq, makroiqtisadi göstəricilərər ciddi təsir edəcək, əhalinin alıcılıq qabiliyyətini yüksəldəcək, bazarda tələbi artıracaq bir siyasəti – “əməkhaqqı və pensiyaların artımı siyasəti”ni zərbə altına qoymaq üçün büdcə xərclərini artırmağı tələb edirlər. Odur ki, hətta liberal baxışlı müxalifətçilər də daxil olmaqla liberal iqtisadçılar buna etiraz etməlidir. Bu həm də “uşaqpulu problemi” ilə spekulyasiya edənlərin əslində bir populist və solçu baxışların daşıyıcıları olması anlamına gəlir. Solçu olmaqda da bir qəbahət yoxdur. Amma özünü liberal siyasətçi elan edib, eyni zamanda populist solçu şüarlar səsləndirmək, özü də bunu “əməkhaqqı və pensiyaların artımı siyasəti”ni zərbə altına qoymaq kontekstində etmək liberal bazar tərəfdarı olmaqla bir araya sığmır axı!

Nəhayət, süni olaraq yaraqdılmış “uşaq pulu verilsin” məsələsi hər şeydən əvvəl müqayisə əsasında tətbiq edilməli olan məsələ deyil. Dünyada onlarla ölkə göstərib uşaqpulunun verilməsinin vacibliini göstərə bilərsiniz. Eləcə də onlarla nümunəyə əsaslanıb onun tətbiq etməyə ehtiyac olmadığını da deyə bilərsiniz. Odur ki, hər bir ölkə özünün yaşadığı şərtlər və zaman kontekstində bu və ya başqa sosial layihəni qəbul edib-etməmək haqqında qərar qəbul edir. Hətta Amerika Birləşmiş Ştatları kimi zəngin bir ölkə də içərisində olduğu şərtlərə görə qərarlar qəbul edir. Odur ki, uşaqpulu haqda başqa ölkələrdən pafoslu misallar gətirənlərə mən də Amerika tarixindən misallar gətirmək istəyirəm.

Məsələn, ən məşhur prezidentlərdən olan Ronald Reyqan iqtisadiyyatı staqflayasiyadan çıxarmaq üçün sosial layihələri ixtisar etməyə başladı. Bilirsiniz 3 federal proqramdan kəsilmiş 390 milyon dollar nələri ixtisar etdi? Azyaşlı uşaqlara verilən südü 1 stəkandan yarım stəkana endirdi, tərəvəz supunu isə ketçupla əvəzlədi.

Qətiyyən fikrim Amerikanı pis rəngdə göstərmək deyil. Əksinə, bu ölkənin dahi prezidentlərindən biri olmuş R.Reyqanın öz ölkəsinin ən ağır iqtisadi və qlobal siyasi vəziyyətində populizmin arxasınca getməyərək, qeyri-populyar, amma vacib qərarlar qəbul edərək Amerikanı 1) ağır iqtisadi vəziyyətdən çıxardı, 2) Vyetnam müharibəsi və İran inqilabından sonra az qala dünya lideri olmuş SSRİ kimi rəqibi məğlub edərək ABŞ-ı qlobal liderə çevirdi.

Reyqan təkcə uşaqların südünü və tərəvəzini ixtisar etmədi, həm də əməkhaqlarının 1 saat üçün 3.35 dollar səviyyəsində dondurdu. İnflyasiyanın qarşısını almaq və investisiyaları təşviq etmək üçün əməkhaqqı bundan artıq ola bilməzdi. Büdcədən kasıbların subsidiyalaşdırılmasını məhdudlaşdırdı.

Fermerlərin subsidiyasını ikidəfə azaltdı və başqa sosial layihələri ləğv etdi. Ona görə ki, ö dövrdə, o zamankı iqtisadi şərtlər daxlində məhz bu siyasət doğru idi.

Amma Amerikanı nəinki xilas etdi, onu bir nömrəli super dövlətə çevirdi.

Prezidentin 2019-cu ilin əvvəlindən start verdiyi “əməkhaqları və pensiyaların artırılması siyasəti”nin belə təhrikedici və çaşdırıcı tələblərlə pozulmasına yol verilməməlidir. Ona görə ki, “əməkhaqqı və pensiyaların artırılması siyasəti”nin müsbət makroiqtisadi, sosial, həm də siyasi təsirləri var. Bu siyasət “uşaqpulu məsələsi”ndən öz iqtisadi, sosial və siyasi təsirlərinə görə daha geniş, hətta fundamental bir siyasətdir.

İbrahim Məmmədov
Tarix üzrə fəlsəfə doktoru