"Nəsimi" layihəsi bütün dünyaya səs salacaq - Aşıq Samirə

11 Sentyabr 2019 15:07 (UTC+04:00)

“Nəsimi” Azərbaycan musiqi sənətinin ən böyük layihələrindən biridir”.

Bunu AzNews.az-a açıqlamasında Aşıq Samirə Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan olunması ilə bağlı imzaladığı sərəncamın tədbirlər palnı əsasında təqdim olunan və Sami Yusifin iştirakı ilə baş tutan "Nəsimi" kompozisiyasından danışarkən deyib.

Aşıq Samirənin sözlərinə görə, Nəsimi yaradıcılığının özü də YUNESKO-nun maddi və mənəvi irs siyahısına əlavə edilib:

“Layihədə bütün Azərbaycan musiqi sənətinin tanınmış ifaçıları yer alıb. Ansambl sırf milli musiqi alətlərinin müşayiəti ilə qurulub. Mənə təklif gəldi ki, belə bir layihə var və orada saz ifaçılarına siz rəhbərlik edəcəksiniz. Mən də bu təklifi canla-başla qəbul elədim. Məşqlər başladı. Proses zamanı eşitdim ki, Sami Yusif təkliflə çıxış edib. O, layihədə muğam və aşıq sənətinin göstərilməsini istəyib.

Bizim həmin layihədə çıxışımızı Sami Yusif özü irəli sürüb. Çünki hələ məşqlər başlamamışdan öncə bizim ifalarımızı ona göndərmişdilər. Sonda mənə solist olaraq çıxış etmək üçün bir hissə də ayrıldı. Diqqətlə baxsanız, görərsiniz ki, bu konsert YUNESKO-nun maddi və mənəvi irs siyahısına daxil olan musiqi alətlərinin iştirakı ilə keçirilib.

Layihədə həmin musiqi alətləri ilə yanaşı muğam və aşıq sənəti də təbliğ olunur. Nəsimi yaradıcılığının özü də maddi və mənəvi irs siyahısındadır. “Nəsimi ili” ərəfəsində belə bir layihənin həyata keçirilməsi mütləq idi. Sözün həqiqi mənasında belə layihəyə ehtiyac vardı. Etiraf edək ki, il ərzində Nəsimi yaradıcılığı ilə əlaqədar təqdim edilən layihələr çoxdur və hələ də tədbirlərin keçirilməsi davam edir”.

Aşıq Samirə “Nəsimi”ni bütün dünyaya səs sala biləcək layihə hesab edir:

“Sami Yusif dünya şöhrətli ifaçıdır. Onun Nəsimiyə müraciət etməsi əlbəttə ki, bizim uğurumuzdu. Gənclərin musiqi zövqünün formalaşmasında, gələcək nəsillərin Nəsminini tanımasında bu ifa maraq doğuracaq. İki gündür düşünürəm ki, aşıq sənəti ilə bağlı belə layihələr həyata keçirilsə, bu sənət daha da inkişaf edər. Təki “Nəsimi” kimi layihələrimiz davamlı olsun”.

Bahar RÜSTƏMLİ

AzNews.az