Əli Kərimli İlqar Məmmədovu niyə sevmir?

12 Sentyabr 2019 18:44 (UTC+04:00)

Müxalifət cameəsində baş verən prosesləri izlədikdə açıq-aşkar hiss olunur ki, AXCP sədri Əli Kərimlinin ReAl sədri İlqar Məmmədova qarşı antipatiyası var. Ona görə də AXCP sədri bütün imkanlardan yararlanaraq, həm ReAl sədrini, həm də onun ətrafında olan, ictimai-siyasi sferada az-çox tanınan şəxsləri müxtəlif yolla gözdən salmağa çalışır. Ə.Kərimli xüsusilə sosial şəbəkədəki cəbhəçi trolları, söyüş ordusunu bu işə səfərbər edib. Ənənəvi metodlardan istifadə edən cəbhəçilərin iddialarına görə, ReAl-çılar parlamentdə təmsil olunmaq müqabilində hakimiyyətə satılıblar, müxalifətə xəyanət ediblər. Onların təbirincə desək, ReAl-çılar iqtidarın sifarişi ilə müxalifət daxilində parçalanma yaradırlar. Maraqlıdır, bu nifrətin, antipatiyanın, gözdənsalmanın kökündə nə dayanır? Bu barədə siyasi şərhçilərin mövqeyini öyrəndik.

Siyasi şərhçi Aydın Quliyev bildirdi ki, AXCP-ReAl qarşıdurması timsalında radikal müxalifət üçün ənənəvi olan mərəzlərdən daha biri nümayiş olunur. Həmsöhbətimin sözlərinə görə, bu mərəz ondan ibarətdir ki, bəziləri radikal düşərgədə özünü hakimi-mütləq hesab edir, onun yerinə azacıq iddialı olan hər bir kəsi, alternativ namizədi dərhal qaralamağa, gözdən salmağa çalışır: "Bununla həmin şəxs radikal düşərgənin alternativsiz lideri statusunu özündə saxlamağa çalışır. Tarixən biz radikal düşərgədə yaranan blokların, ittifaqların, sazişlərin çox qısa ömürlü olduğunu, az bir müddət sonra pozulduğunu görmüşük. Bu ittifaqlar pozulan kimi dünənə qədər müttəfiqlik görüntüsü yaradanlar bir-birlərinə qarşı kəskin ittihamlar irəli sürürlər. 1993-cü ildən indiyə qədər radikal düşərgədə yaranan blokları, birlikləri buna misal göstərmək olar. Dünən saziş imzalayıb özlərini müttəfiq elan edənlər sabah düşmənə çevrilirdilər. Təxminən iki il öncə İlqar Məmmədovun həbsdə olduğu zaman AXCP sədri Əli Kərimli onun azad olunması ilə bağlı var qüvvəsi ilə çalışırdı. O zaman onların hansı münasibətdə olduqlarını yada salmaq kifayətdir. Amma indi vəziyyət tamam başqadır”.

A.Quliyevin qənaətincə, Ə.Kərimli və tərəfdarlarının radikal müxalifəti şəxsi monopoliyaya çevirdiyi açıq-aşkar hiss edilir: "Onlar hesab edirlər ki, İlqar Məmmədovun bu sahəyə nüfuz etməsi yolverilməzdir. AXCP sədri və tərəfdarları İlqar Məmmədovun radikal düşərgədə nüfuz qazanıb liderə çevriləcəyindən ehtiyat edir, təlaş hissi keçirirlər. Məhz buna görə də İlqar Məmmədova qarşı AXCP tərəfindən gözdən salma kampaniyası aparılır. Əslində İlqar Məmmədovun özünün də radikal düşərgədə hər hansı perspektivi yoxdur. Sadəcə Əli Kərimli və ətrafında olanlar İlqar Məmmədovun xarici dil biliklərinin olmasını, beynəlxalq təşkilatlarla əlaqələrini, xaricə çıxmaq üçün üstün imkanlara sahib olmasını nəzərə alaraq, gələcəkdə onun AXCP sədri üçün real təhlükə yaradacağını düşünürlər. Buna görə də cəbhəçilər İlqar Məmmədovu sıradan çıxarmağa çalışırlar. Məsələnin kökü bundan ibarətdir”.

Siyasi şərhçi Azər Həsrət də bizimlə söhbətində bildirdi ki, Ə.Kərimli və ətrafındakıların qaraguruh olması heç kimə sirr deyil. Onun sözlərinə görə, bu şəxslər normal polemikanın nə olduğunu bilmir, əks fikrə, tutarlı arqumentə qarşı son dərəcə dözümsüz münasibət sərgiləyirlər: "Onlar istəmirlər ki, normal çərçivədə müzakirə və polemikalar keçsin. Adətən bu şəxslər ya söyüşə əl atır, ya da gözdən salmaq taktikasına üstünlük verirlər. ReAl-çılara gəlincə, pis-yaxşı, onlar özlərini müxalifət elan ediblər. Onların sırasında yer alan ayrı-ayrı şəxsləri tanıyıram. Normal adamlardır. Müxalif mövqedədirlər və bəzən əsassız fikirlər də ortaya qoyur, özlərinin iddialarını bir qədər yüksək səslə cəmiyyətə çatdırmağa çalışırlar. Lakin müqayisə etsək, radikallarla müqayisədə ReAl-çılar söyüşdən, təhqirdən uzaqdırlar, normal polemika aparılacaq insanlardırlar. Bu isə Əli Kərimlini qane etmir. O istəyir ki, hamı söyüş söysün, təhqirlərə yol versin. Bir sözlə, bu adam cəmiyyətdə normal polemikanın getməsində maraqlı deyil. Ona görə ki, Əli Kərimli və ətrafındakıların səviyyəsi budur. Söyüş və çamur içində olan bu adamlar hamını dartıb o çamurun, söyüşün içinə çəkmək istəyirlər. Cəbhəçilərin ReAl-çılara qarşı dava-dalaşının, ittihamlarının kökündə məhz bu amil dayanır”.(kaspi.az)

AzNews.az