Məhbuslar üçün iş yeri açıldı

15 May 2013 08:16 (UTC+04:00)



Ədliyyə Nazirliyi Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cəzaçəkmə müəssisələrində məhkumların ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində tədbirlər həyata keçirilir.

Bu dəfə 11 saylı cəzaçəkmə müəssisəsinin istehsalat sahəsində istifadəsiz olan 162 kv. metr sahədə istehsalatdan əldə edilmiş əlavə gəlir hesabına tərəvəz məhsullarının yetişdirilməsi məqsədilə bütün tələblərə cavab verən istixana təşkil edilib və artıq ilk məhsul yığılıb.

Eyni zamanda istixanada tərəvəz bitkilərinin şitillərinin yetişdirilərək satışa çıxarılması nəzərdə tutulur. Cəza çəkənlərin mövcud imkanlar hesabına haqqı ödənilən əməyə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Məlumat verilir ki, məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı həyata keçirilən tədbirlər sayəsində son zamanlar irəliləyişlərə nail olunub. Əvvəlki illə müqayisədə son bir il ərzində daha 1000 nəfər məhkum işlə təmin olunub. Bununla belə daha geniş məhkum kütləsinin əməyə cəlb olunmasının zəruriliyi nəzərə alınaraq yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər görülür.

AzNews.az