“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu

14 Sentyabr 2019 18:06 (UTC+04:00)

Sosiallaşmaq normaldır, dünyanın hər yerində siyasi partiyalar, ictimai təşkilatlar sosial şəbəkələr üzərindən öz təşkilatlarının təbliğini aparır, platformalarını elan edir, siyasi məsələlərlə bağlı konkret təklif və iradlarını ortaya qoyurlar. Ancaq Azərbaycanda müxalifətin radikal qanadı və onları əvəzləməyə çalışan yeni mühacir dəstələr hələ də 90-cı illərin təfəkküründə olduqları üçün sosial şəbəkələri çayxanalardakı söhbət meydanlarına çeviriblər. Söyüş ritorikası ilə danışanlardan tutmuş, dezinformasiya yayanlar, xaricdən qrant almaq üçün min cür oyundan çıxanlar ora toplaşıb.

Yeri gəlmişkən, son vaxtlar sosial şəbəkələrdə vətənpərvərlikdən, demokratiya, ədalət və şəffaflıqdan dəm vuranlar, nədənsə, özlərinin xaricdən aldıqları qrantların hesabatını vermirlər. Nəinki bunun hesabatını vermirlər, heç bunu etiraf belə etmək istəmirlər. Əslində, reallıq ondan ibarətdir ki, gecə-gündüz anti-Azərbaycan təbliğatı ilə məşğul olan internet televiziyaları xaricdən maliyyələşirlər. Məxsusən sözügedən televiziyaların maliyyələşdirilməsində Azərbaycana qarşı olan dairələr fəal iştirak edirlər. Onlardan biri də Parisdə fəaliyyət göstərən “Meydan TV”dir. Hansı ki, bu televiziya yarandığı gündən Azərbaycana yönəlik şər-böhtan kampaniyası aparmaqla məşğuldur.

Bu arada xaricdə yaşayan Emin Hüseynli etiraf edib ki, “Meydan TV” xarici qrantlar hesabına maliyyələşir. Onun sözlərinə görə, məhz “Meydan TV”nin bütün maliyyəsi qrant hesabınadır. Onun bu açıqlaması bir daha sübut edir ki, xaricdən yayımlanan onlayn və digər internet TV-lər qrantlar hesabına fəaliyyət göstərirlər. Nəzərə alsaq ki, ermənilər Fransada böyük imkanlara malikdirlər, bu o deməkdir ki, sözügedən televiziya məhz erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən media eksperti Azər Həsrətin fikrincə, məlum açıqlama sübut edir ki, “Meydan TV” qrant hesabına fəaliyyət göstərir: “Bu adamların, ümumiyyətlə, fəaliyyəti anti-Azərbaycan xarakterlidir. Digər bir tərəfdən, onların bu fəaliyyətlərinin təşviq edilməsi üçün erməni lobbisi əlindən gələni edir. Erməni lobbisi belə TV-lərə qrant ayrılmasında birbaşa və dolayı yollarla iştirak edir. Anti-Azərbaycan kampaniyası apardıqlarına görə bu televiziyaya böyük həvəslə maliyyə ayırırlar. Zatən, bütün bunlar bizə məlum idi, amma Emin Hüseynlinin açıqlaması bunu açıq şəkildə sübut edir. Onu da nəzərə almaq lazımdır ki, xaricdə erməni diasporu Azərbaycan diasporundan daha əvvəl formalaşıb, oturuşub. Eyni zamanda, müxtəlif ölkələrdə, müxtəlif dövlət qurumlarında, eləcə də beynəlxalq QHT-lərdə ermənilər oturuşublar. Həmin ermənilər də Azərbaycana qarşı kim hansı fəaliyyət göstərmək istəsə, o adamları mütləq qeydə alır və sözügedən adamların lobbiçiliyini aparırlar. Bəzən bu bizə o qədər də bariz şəkildə görünmür. Yəni ilk baxışdan belə görünür ki, Azərbaycan əleyhinə fəaliyyət göstərənlər ermənilərlə əlaqəsi olmayanlardır. Ancaq dərindən araşdıranda bəlli olur ki, o cür dəstəyin verilməsi zamanı hansısa mərhələdə ermənilərin iştirakı var. Özünə azərbaycanlı deyib, bu cür dəstəyi alıb ölkəmizə qarşı fəaliyyət göstərən adamlar öz dövlətlərinə, xalqlarına nə qədər böyük zərbə vurduqlarının fərqində deyillər. Bunlar, faktiki olaraq, öz ruhunu şeytana satmış insanlardır. Bunlar üçün vətən, millət, dövlət anlayışı yoxdur. Çünki belələri ancaq öz şəxsi maraqlarını güdürlər. Belə maraqların təmin edilməsində hətta ermənilərdən açıq dəstək almaqdan çəkinmirlər”. (baki-xeber.com)