Axı, sən nə istəyirsən, Tofiq Yaqublu?

14 Sentyabr 2019 19:46 (UTC+04:00)

İndicə təsadüfən Tofiq Yaqublu adlı şəxsin video çıxışına rast gəldim və onu ilk dəfə sona qədər dinlədim. Əvvəllər heç vaxt nə “Yeni Müsavat” qəzetində yazdıqlarını axıra qədər oxuya bilmişdim, nə də ondan sonra orda-burda dediklərinə qulaq asa. Çünki tipik cəbhəçi boşboğazıdır, deyingən ritorikanı, Avropadan ixrac olunan “second hand” şüarları heç cür adlaya bilmir. Çünki mütaliəsi yox, dünyagörüşü sıfırdır. Belə adamları vaxtilə AXC və Müsavatın kənd rayon şöbələrində və özəklərində çox görmüşəm.

Bəs indi niyə səbrimi basıb, onu sonacan dinlədim? Ona görə ki, çıxışına belə başladı: “Prezidentin köməkçisi Əli Həsənov artıq həyatda yoxdur...” Sonra da dərhal etiraf etdi ki, yalan danışır və Əli Həsənov da bu yalanı eşidir. “Görəsən, Əli Həsənov mənim haqqımda nə düşünür?” Tofiq Yaqublu buradan belə bir ucuz “məntiqi” nəticə çıxarır ki, Əli Həsənov özü haqqında danışılan yalandan xoşlanmadığı kimi, başqaları da onun dediklərindən xoşlanmırlar.

Yaxşı, bəs Tofiq Yaqublunun fikrincə, Əli Həsənovun “yalanı” nədən ibarətmiş? Azərbaycanda siyasi məhbuslar olmadığını iddia etməsindən. Üstəlik, Tofiq Yaqublu bir qədər də irəli gedərək, Prezidentin köməkçisini həmin “siyasi məhbusların” həbsində bilavasitə iştirak etməkdə suçlayır, ona qarşı təhqiramiz ifadələr işlədir. Özü də iddia edir ki, “siyasi məhbus” adlandırdığı şəxslərə nə qədər iş vermək məsələlərinə də bilavasitə Əli Həsənov özü baxır. Sonra da başlayır uzun-uzadı əxlaqi-mənəvi məsələlərdən moizə oxumağa.

Daha sonra Tofiq Yaqublu Əli Həsənovun bəyanatının vaxtına diqqət çəkir- AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur, Azərbaycanda olduğu, hakimiyyətlə, həbsdəki “suçsuz” insanlarla görüşdüyü vaxt. Bunun ardınca Yaqublu yenidən “müqəddəs ata” roluna girərək, “suç və cəza” haqqında mühakimələr yürüdür, Prezidentin köməkçisinə, bütövlükdə hakimiyyətə qarşı təhqirlər yağdırır.

Yaqublu “Məhsul” stadionunun təmirə bağıanması ilə bağlı da üfunətli fikirlər səsləndirir. Guya ki, stadion məhz mitinqlərə görə təmirə bağlanıbmış. Oradakı sakinlərin narahatlığı barədə ərizəni də Prezidentə Əli Həsənov təşkil etdiribmiş və s.

Tofiq Yaqublu deyir: “Necə yəni camaat narahat olur? Hamı bilir ki, Konstitusiyada sərbəst toplaşmaq azadlığı təsbit olunub, bu fundamental azadlıq dünyanın hər yerində var. “Bu belədir! “Məhsul” stadionu ətrafında yaşayanlar kimdirlər ki, buna etiraz etsinlər? Onlar niyə istisna olunmalıdır ki?”

Tofiq Yaqublunun dediyinə görə, guya həmin insanlar mitinq olanda sevinir, əl eləyir, bayraq yellədirlərmiş. Və əlavə edir: “Bu ağılla bunlar Qarabağı necə azad edəcəklər?..”

Yaqublu daha sonra mitinqlər üçün Tofiq Bəhramov adına mərkəzi stadionu istəyir və deyir ki, orada onlar heç kəsə mane olmayacaqlar. O mitinqlərin mərkəzdən kənarda keçirilməsi ilə razılaşmayacaqlarını bildirir, belə olacağı təqdirdə icazəsiz aksiyalar təşkil edəcəkləri ilə hədələyir...

Axırda o, xalqın adından danışır, “ağanız Putindən nümunə götürün” deyir və s.

Yazımın əvvəlində qeyd etdiyim kimi, Tofiq Yaqublu tipli adamların danışdıqları mənə zərrə qədər maraqlı deyil. Bu adamlar ta 1989-cu ildən bu yana qırıq val kimi eyni şeyi təkrarlayırlar. Bunları daim şərləyirlər, bunlar daim siyasi məhbusdur, bunlara daim mitinq keçirməyə icazə vermirlər, şəhərdən kənara göndərirlər və s.
Amma məsələ burasındadır ki, nəsillər daim yenilənir, yeniləndikcə həyatda öz kövrək addımlarını atan yeniyetmə, gənc oğul-qızlarımız yetişir, onlar bu cəfəngiyyatlara bəzən inanırlar. Yaşlı nəsillə bağlı hər hansı problem yoxdur. Onlar bu boşboğaz, yarıtmaz, 30 ildə heç bir problemlərini həll edə bilməyən, əlindən iş gəlməyən, özlərini və aiələlərini bədbəxt edən adamları yetərincə tanıya biliblər, odur ki, mitinqlərinə də getmirlər.

Adama deyərlər: Tofiq Yaqublu, sən bu 30 ildə “siyasi məhbus”, mitinq məsələsini çözə bilməmisənsə, nə gəzirsən ortalıqda? Yarıtmaz olduğunu etiraf et və çəkil get də, a kişi. Səndən soruşuram: məgər kürəkənin vətəndaşın başına butılka vurmamışdı? Niyə bunu heç biriniz təkzib edə bilmədiniz? Bəlkə, cəbhəçi olduğuna görə bunu ona bağışlamalıydılar? Bəlkə, müxalifətçilərə hər şey caizdir: insanların başında butılka qırmaq da, polisə hücum çəkmək də, icra başçısını güllə ilə vurmaq da? Bəlkə İnsan Hüquqları Konvensiyasında, AŞPA nizamnaməsində bunlar da yazılıb? Özünüzü dürüst, tərbiyəli, korrekt aparmaqdan, qanunlara hörmət etməkdənsə, niyə dövlət məmurlarına şər atır, onları təhqir edirsiniz? Sən Əli Həsənovun insanların “şərlənməsində” iştirakını isbat edə bilərsən? Yox! Elə isə bunu niyə dilinə gətirirsən? Sən siyasətçisən, yoxsa tində domino oynayan alverçi? Üstəlik, hörmətli bir insana senzuradan kənar epitetlər ünvanlayırsan. İndi Əli Həsənov səni məhkəməyə verib, şər və təhqirə görə həbs etdirsə, cərimə etdirsə, bu şərmi olacaq? Məncə, çox ədalətli qərar olardı. Sadəcə, islah olunmadığını bildiyinə görə bunu etmir. Çünki bir dəfə yatsan da, zərrə qədər ağıllanmamısan. Mən də deyirəm, bu müxalif gənclər niyə belə söyüşcüldürlər? Sən demə, "liderciklərindən" öyrənirlərmiş.

Siyasətlə məşğulsunuzsa, sözlərinizə, hərəkətlərinizə, davranışlarınıza diqqət etməli, qanunları pozmamalısınız. Yoxsa Avropadakı əmi-dayılarınıza təqdim etdiyiniz siyahılar heç nəyə yaramayacaq. Bu hakimiyyət, Prezident sizə qarşı hədsiz humanist davranır. Vaxtaşırı açıb buraxır, sadəcə qulaqburması verirlər ki, ağlınız başınıza gəlsin.

Amma Allah eləməmiş, sizin əlinizə imkan keçsə, nə qanlar tökərsiniz. Sənin çıxışının əvvəlində Əli Həsənovun həyatda olmaması ilə bağlı çəkdiyin misal təsadüfi deyil, sizlər həqiqətən rəqiblərinizin ölümünü xəyal edərək yaşayırsınız. 2003-cü ilə qədər Heydər Əliyevin ölümünü gözlədiniz. Bu günlərdə kimlərinsə yaydığı çirkin dezinformasiyadan ilhamlanıb qəbir şəkilləri paylaşırsınız. Ayıb deyilmi! Bu nə mübarizədir! Cinayətlərinizi sizə bağışlayan, humanistlik göstərən insanın ölümünü arzulayacaq qədər miskinliyi, cılızlığı kimdən, haradan öyrəndiniz?

Dəfələrlə yazmışam, yenə təkrar edirəm. Hakimiyyəti vaxtilə biz də çox tənqid etmişik, bu gün də kifayət qədər tənqid edənlər var. Nə o vaxt bizi tutan olub, nə də indikiləri həbs edən var. Dəfələrlə tənqidi fikir yazdıqdan sonra oturub gözləmişəm ki, indi qapı döyüləcək. Amma heç zəng vuran da olmayıb. İndi anlayıram ki, bunu da əslində sizin “avropaçı” təbliğatınız sayəsində düşünmüşəm. Yoxsa bu ölkədə normal tənqidə görə heç kəsə heç nə deyilmir. Amma ağzına gələni danışa bilməzsən. Ağzına gələni danışanları, ağlına gələni edənləri hər yerdə cəzalandırırlar. Örnəklər yetərincədir, açın oxuyun.

Deyirsiniz ki, filankəsin cibinə nəşə atdılar, filankəsə vergi borcu yüklədilər və s. Qardaşım, mən niyə tutaq ki, bu məsələlərdə dövlətə, polisə yox, sənə inanmalıyam? Sən bu inamı harada qazandın, harada bir dürüstlük nümunəsi göstərdin, harada öz ayranının turşməzə olduğunu dedin? Mən sizin dabbaxda gönünüzə bələdəm və bütün seçkilərdə, bütün siyasi proseslərdə hakimiyyət nümayəndələrinin sizdən daha düzgün, daha dürüst, daha allahtərəfi davrandığını görmüşəm. Bu barədə əlimdə xeyli faktlar var, dəfələlərlə yazmışam da və lazım olsa yenə yazacağam. Sənin kürəkənini 5 il bundan qabaq dürüst olmağa dəvət etdim, Dostoyevskinin qəhrəmanından nümunə götürməyə çağırdım, əvəzində tərbiyəsiz uşaq-muşağın söyüş hədəfinə çevrildim.
Bu adamlar öz primitiv, dar düşüncələrini bütün dünyaya sırımaq iddiasındadırlar. Deyir ki, hökmən hamı mənim kimi düşünməlidir, düşünməyəni söyəcəyəm, imkanım olsa terror edəcək, öldürəcəyəm. Yaqublunun fikrincə, stadion təmirə dayandırılırsa, deməli, bu hökmən müxalifətin mitinqinə görədir. Özünü lider sayan bu adamcığaz bilmir ki, bir hadisənin, olayın min bir səbəbi ola bilər və ciddi adam ciddi informasiyalara əsaslanmadan fikir, mülahizə səsləndirməz. İndi sən dılğır bir mitinq keçirirsən deyə, stadion təmir olunmamalı, insanların istirahəti, dincliyi üçün şərait yaradılmamalıdır? Bu nə düşüncədir? Bəlkə sənə mitinq keçirməyə daha münasib və rahat yer təklif olunacaq. Bir maraqlansana, danışığa getsənə.

Rüşvətxorlarla kirli sövdələşmələrə, bülleten alverinə elə yaxşı gedirsiniz ki... Gedin mitinqin yerini də adam balası kimi müzakirə edin. Qaraqışqırıq salıb, conlara, ceklərə şikayət etməkdən başqa yol bilmirsiniz?
Mitinqlərə orta məktəbin həndbol stadionunun tutumu qədər insan toplaya bilməyən müxalitin Yaqublusu Tofiq Bəhramov stadionunu istəyir. Məncə, hakimiyyət o stadionu sizə verər və iki futbol komandasının oyunçularından bir qədər çox mitinqçi topladığınızı kameraya çəkib xalqı sizə gülüdürə də bilər, sadəcə oranı tapdaq eləyib, zibilləmənizi istəmir. Axı o stadionda beynəlxalq yarışlar keçirilir, orada böyük işlər görülüb, dünyada respublikamızın üzünü ağardan komplekslərdən biridir. Amma bu sizin vecinizə deyil. Çünki hər yeri tapdaq etməkdən, zibilləməkdən, eyni oktavada çığırıb-bağırmaqdan başqa əlinizdən iş gəlmir.

Rusiya prezidentinin adını “ağanız” deyərək çəkən Yaqublu, guya özünəməxsus siyasət işlətməklə opponentlərini təxribata çəkir, onları Putinin müdafiəçisi qismində danışdırmaq istəyir. Tofiq Yaqublu, sizə hələ də mehriban qonşuluq münasibətləri, tarixi, ictimia-siyasi, qarşılıqlı iqtisadi əlaqələr, sərfəli bazar münasibətləri ilə “ağalıq-nökərlik” əlaqələrini bir-birindən ayıra bilmirsiniz. Ona görə də hakimiyyətdə bircə il də otura bilmədiniz, Heydər Əliyevi köməyə çağırıb, aradan çıxdınız.

Əminəm ki, yenə də nəsə bir möcüzə baş versə və hakimiyyətə gəlsəniz, bu dəfə bir ildən sonra indi ölümünü arzuladığınız Əli Həsənovların biliyinə, təcrübəsinə ehtiyacınız olacaq.

Nadir Qocabəyli